Məzahir Pənahov 512 beynəlxalq müşahidəçinin də akkreditasiyadan keçdiyini deyib
Yanvarın 26-da Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkisində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar 3 təşkilatın müraciətinə baxıb.
MSK-nın yaydığı məlumatda qeyd olunub ki, seçkidə “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi MMC sənədlərini komissiyaya təqdim edib.
MSK təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirməyi planlaşdırır.
MSK sədri Məzahir Pənahov 49 beynəlxalq təşkilatın və 70 ölkəni təmsil edən 512 beynəlxalq müşahidəçinin də akkreditasiyadan keçdiyini qeyd edib.
“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
Növbədənkənar Prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.
İclasda həmçinin bildirilib ki, 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Fevralın 7-də keçiriləcək Prezident seçkisi ilə əlaqədar xaricdəki məntəqələrdə səsvermə prosesi ilk olaraq Azərbaycanın Cənubi Koreya səfirliyində yaradılmış məntəqədə başlayacaq.
Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.
İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.
Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.
Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçki də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.