Sülhəddin Əkbər: Rusiya cənub strategiyasından imtina etməyibsə, Moskvanın dəstəyinə arxalanmaq nadanlıqdır
“Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm” . “Trend”-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, Rusiya üç ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etməyə çalışır: “Azərbaycan bu görüşə razılığını verib”.
Nazir bildirib ki, fevralın 17-19-da Münhendə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.
Yanvarın 24-də E.Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində RF xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Meydan TV “xarici işlər naziri Elmar Məmmədyarovun Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilməməsi hansı amillərdən doğur” sualı ilə siyasi icmalçı Sülhəddin Əkbərə müraciət edib.
Sülhəddin Əkbər hesab edir ki, Azərbaycan xarici siyasətini aparan diplomatlar Ermənistan-Azərbaycan münaqişəsinə nə tarixi, nə də strateji perspektivlə baxırlar. Əgər münaqişəyə geniş və dərin yanaşsaydılar, indiki məyusluğu keçirməzdilər.
İcmalçı deyib ki, tarixi baxımdan yanaşdıqda Qarabağ münaqişəsinin, Rusiyanın Azərbaycana qarşı vəkalət müharibəsinin kökləri açıq şəkildə görünür:
“Rusiya İmperiyası 1721-ci ildə yaranıb və ilk hərbi yürüşü 1722-23-cü illərdə Xəzər hövzəsinə, Azərbaycana olub. Ondan sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi başlayıb, ardınca 1828-ci ildə Türkmənçay müqaviləsi nəticəsində İrəvan və qismən də Naxçıvan xanlıqları hesabına Muxtar Erməni Milli Vilayəti yaradılıb. 1918-ci ildə süni erməni dövlət təsis olunub və əraziləri genişləndirilib. Bunları ona görə sadaladım ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri dərindir. Rusiya imperiyası yarandığı gündən məqsəd cənub, Hind okeanı strategiyası olub. Yaxşı oxuyan orta məktəb şagirdləri də bunları bilir. Diplomatlarımız, hərbçilərimiz sadaladığım tarixi faktları bilsə, Dağlıq Qarabağ münaqişəsinin həll haqqında nikbin xəyallara düşməzlər. İndi də Rusiyanın apardığı neoimperialist siyasəti erməni dövlətinin tərkib hissəsidir. Əvvəlcə erməniləri köçürüb İrəvan xanlığı, Zəngəzur hesabına vilayət qurdular, sonra əraziləri genişləndirib dövlət yaratdılar, indi də növbə Dağlıq Qarabağa çatıb. Məmmədyarovun nikbinliyi onunla bağlıdır ki, mövcud şəraitdə Azərbaycanın önəmi Rusiya üçün o qədər artacaq ki, Kreml XVIII əsrdən başlayan strategiyadan imtina edəcək. Halbuki, Rusiya cənub strategiyasından imtina etməyibsə, Moskvanın dəstəyinə arxalanmaq nadanlıqdır”.