Moskvada rəqəmli icazə vərəqəsini necə tətbiq edirlər?

Hüquq müdafiəçiləri karantin sonrakı dövrlə bağlı narahatdılar

Source: Новая газета

Məqalə "

Новая газета

" saytında dərc olunub

Hüquq müdafiəçiləri karantin sonrakı dövrlə bağlı narahatdılar

Aprelin 15-dən Moskva sakinləri şəhərdə təkcə rəqəmli icazə vərəqəsi ilə hərəkət edə bilərlər. Bu qayda şəxsi avtomobili və ya taksi də daxil olmaqla ictimai nəqliyyatla harasa gedən şəxslərə şamil olunur. Yaxınlıqdakı ərzaq mağazası və ya aptekə getmək üçün vərəqə hələ ki lazım olmayacaq. Dövlət xidmətləri portalının saytı rəqəmli icazə vərəqələri üçün verilmiş ərizələrin rəsmiləşdirilməsinə ilk gündəcə tab gətirməyərək müəyyən zaman kəsiyində “çöküb”. Moskvada koronavirusla mübarizə üzrə operativ qərargahda təsdiqləyirlər ki, bu, saytın qeydiyyatdan keçmək istəyənlərin axınına texniki olaraq tab gətirməməsi səbəbindən deyil, “xaricdən bot-hücum” nəticəsində baş verib. Rəsmi məlumatlara görə, sutka ərzində 3,2 milyon adam icazə vərəqəsi alıb.

Moskva hökuməti sakinlərə cəmi iki növ icazə vərəqəsi təklif edib: işə getmək üçün uzunmüddətli gediş və təxirəsalınmaz məsələləri çözmək üçün birdəfəlik gediş.

Fərq ondadır ki, işə getmək üçün nəzərdə tutulmuş icazə vərəqəsi aprelin 30-dək (həmin gün daxil olmaqla) keçərli olacaq – yəni hər dəfə evdən çıxanda qeydiyyatdan keçmək lazım deyil. İşə getmək üçün icazə kağızını qeydiyyatdan keçirərkən (əgər təşkilatın fəaliyyəti dayandırılmayıbsa və iş yerində olmaq zəruridirsə) dövlət xidmətləri portalında pasport məlumatlarından savayı, təşkilatın adı və şəxsi identifikasiya nömrəsi göstərilməlidir. Üstəlik əgər siz maşınınızla gedirsinizsə, şəxsi avtomobilinizin, ya da “Troyka” və ya “Strelka” nəqliyyat kartının nömrəsini yazmalısınız.

İcazə kağızını telefonun yaddaşında saxlamaq, ya da hər hansı bir kağız parçasına köçürmək və zərurət yarandıqda polis əməkdaşlarına pasportla birgə göstərmək lazımdır. Uzun müddətli icazə vərəqəsi yeganə marşrutla məhdudlaşmır, belə ki bəzi şəxslərin işi (məsələn, kuryer və taksi sürücülərinin) şəhərboyu gedişlərlə bağlıdır.

İnformasiya texnologiyaları departamentinin rəhbəri Eduard Lısenkonun sözlərinə görə, birinci gün icazə vərəqələrinin 90 %-i işə gediş üçün qeydiyyatdan keçirilib.

“Qeyd edim: rəqəmli icazə kağızlarının alınması hazırda ərizə xarakteri daşısa da, bütün məlumatlar sonradan yoxlanılacaq. Əgər vətəndaş yalan məlumatlar yazıbsa, onun icazə vərəqəsi ləğv olunacaq”, – Lısenko xəbərdarlıq edib.

Şəhərdə icazə vərəqəsi olmadan xidməti məqsədlərlə təkcə dövlət nümunəsi ilə müəyyən edilmiş vəsiqələri olan şəxslər hətəkət edə bilərlər. Bu kateqoriyaya hərbçilər, hüquq-mühafizə orqanları əməkdaşları, hakimlər, vəkillər, jurnalistlər daxildir. Onlar icazə vərəqəsinin yerinə vəsiqə göstərməlidirlər.

O ki qaldı birdəfəlik gedişlərin qeydiyyatına, bu icazə bir gün üçün nəzərdə tutulub. Burda da seçim etmək olar: tibbi müəssisəyə getmək üçün birdəfəlik gediş (bu cür gedişlərin sayı məhdud deyil) və ya başqa məqsədlər üçün birdəfəlik gediş (hərçənd saytda məqsədlərin siyahısı verilmir).

Hərəkət marşrutunu göstərmək mütləqdir: yaşadığın ünvan, təyinat ünvanı və gedişin məqsədi. Məsələn, bu maddəyə əgər cümə axşamı gedib bazar qayıdacaqsansa, bağa gediş uyğundur. Amma bununla kifayətlənməli olacaqsınız: “digər məqsədlər” üçün limit bitəcək.

Hüquq müdafiəçiləri və hüquqşünasların narahatlığına səbəb olacaq əsas məsələlərdən biri yüksək hazırlıq rejiminin müddəti başa çatdıqdan sonra moskvalıların şəxsi məlumatlarının sonrakı taleyidir.

Əcaba, bu məlumatlar sonra insanları izləmək üçün istifadə olunmayacaq ki? Moskvanın meri Sergey Sobyaninin rəsmi saytında deyilib: “Yüksək hazırlıq rejimi başa çatdıqdan sonra təqdim edilmiş vərəqələrin məlumatları yox ediləcək”.

Lakin “Aqora” beynəlxalq hüquq müdafiəsi qrupunun hüquqşünasları moskvalılara polis əməkdaşlarına imkan daxilində şəxsi smartfonlarının ekranlarını deyil, kağızda əllə yazdıqları elektron şifrənin nömrəsini göstərməyi tövsiyə edirlər. Ya da vətəndaşlar bu zaman “avtorizasiya üçün kommersiya, bank, vergi, vəkil, tibbi və ya digər həssas informasiya tərkibi olmayan ayrı qurğudan istifadə etsinlər”.

Moskva hökumətinin İnformasiya texnologiyaları departamentinin rəhbəri Eduard Lısenko icazə vərəqələrinin təqdim edilməsi üzrə sistemin ilk iş günündə xəbər verib: “Biz son üç saatda son iki rübdə məruz qalmadığımız sayda hücumla qarşılaşdıq. Zənnimcə, bu, sifarişli hücumlardır. Yəni bizi inadla sındırmağa çalışırlar”.

İcazə vərəqələri verilməyə başladıqdan bir sutka sonra məlum olub: şəhərdə hərəkət etmək üçün 3,2 milyon icazə verilib, lakin onlardan 900 mini ləğv edilib – belə ki, sakinlər qeydiyyatdan keçərkən düzgün olmayan məlumatlar təqdim edib, ya da yanlışlığa yol veriblər.

Ana səhifəDünyaMoskvada rəqəmli icazə vərəqəsini necə tətbiq edirlər?