Moody’s: 2018-ci ildə bankların birləşməsi prosesi davam edəcək

“Sektorun zəif oyunçuları bazarı tərk edəcək”

Source:
Beynəlxalq Moody`s agentliyi


“Sektorun zəif oyunçuları bazarı tərk edəcək”

“Azərbaycanda bank sektorunun konsolidasiyası (birləşməsi) 2018-ci ildə də davam edəcək”.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib.

“Moody’s” hesab edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır:

“Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hal-hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq, minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək”.

Agentliyin hal-hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnozu neqativdir:

“Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti riskləri ilə üzləşməkdə davam edəcək. Neft qiymətlərinin yüksəlməsi tədricən iqtisadi inkişafa və manatın məzənnəsinin sabitləşməsinə dəstək olub. Buna baxmayaraq, bankların milli valyutada likvidlik problemi davam edir. Bundan başqa, problemli kreditlərinin həcmi də yüksək olaraq qalır”.

Nazim Baydəmirli

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə bir neçə bankın birləşdiriləcəyinin gözlənildiyini deyib.

Onun sözlərinə görə, istehlakçı baxımından müsbət sayılmasa da, ölkənin bank sektoruna xarici tərəfdaşarın münasibəti nöqteyi-nəzərindən müsbət qiymətləndirilir. Çünki konsalidasiya zamanı bankın məcmu kapitalı artır, xarici tərəfdaşlar arasında reytinqi yüksəlir və verdiyi zəmanətlər qəbul olunur:

“Amma istehlakçı baxımdan rəqabət mühiti pisləşir. Banklar azaldıqca, özəl sektorun çətin olan maliyyə durumu bahalı vəsaitlərdən yararlanma məcburiyyətində qalırlar. Ona görə istehlakçılar üçün daha çox bankın olması daha yaxşıdır, əgər rəqabət mühiti olsa”.

Nazim Bəydəmirli təəssüflənir ki, Azərbaycanda bankların əksəriyyəti holdinqlərin kassa funksiyasını həyata keçirir:

“Belə bankların məqsədi müştəri cəlb etmək yox, öz şirkətlərinə xidmət funksiyasını yerinə yetirməkdir. Bir növ qapalı olurlar, onların əsas səhmlərinin 50 faizdən çoxu bir nəfərə məxsusdur. Belə banklarda idarəetmə mədəniyyəti inkişaf etmir və qərarlar bank sahibi tərəfindən qəbul olunur. Bu mənada “Beynəlxalq Bank”ın nümunəsində ölkə iqtisadiyyatında hansı zərbənin vurulduğu göründü. Eyni fikirləri “Standart bank” haqda da demək olar”.

O, bankların hazırkı vəziyyətinin sahibkarlığın ümumi durumundan fərqli olmadığını hesab edir:

“Müştəriləri arasında dövlət investisiyalarına çıxışı asan olan bankların vəziyyəti bu il yaxşı olacaq və daha da böyüyəcək. Amma digər bankların durumu pisləşə bilər. Ona görə onların çıxış yolu konsolidasiya olunmaqdır. Yaxşı olardı, onlar real sektora vəsait yatırsınlar, amma bu da dövlətin dəstəyindən asılıdır. Əgər dövlət beynəlxalq layihələrə kredit ayırırsa, məsələn, Astara-Rəşt dəmiryolunun inşasına, yerli iş adamlarına təstək vermək lazımdır. Problem ondadır ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən vəsaitlər yalnız arxasında məmurlar dayananda almaq olur. Ümumiyyətlə, məmur sahibkarlığı olan Azərbaycanda bu ağır problemdir. Yaxşı olardı, hökumət liberallaşma istiqamətində addımlar atsın. 3-4 şirkətlə iqtisadiyyatı idarə etmək olar, amma müəyyən müddətdə. Məsələ ondadır ki, sahibkarlığın ümumi vəziyyətinin yaxşı olması büdcəyə xeyirlidir. Sahibkar daha çox iş yeri açır, maaş verir, vergi ödəyir və nəticədə dövlətin sosial yükünü azaldır. Bu mənada real sahibkarlığın dəstəyə ehtiyacı var”.

2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib.

2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

2017-ci ildə “Caspian Development Bank” və “Atabank” konsolidasiya olaraq “Atabank” adı ilə fəaliyyət göstərir. 2017-ci ilin dekabrında “Dəmirbank”ın lisenziyası ləğv edilib.

Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir.

Ana səhifəXəbərlərMoody’s: 2018-ci ildə bankların birləşməsi prosesi davam edəcək