Molla tüpürcəyini dərman sayanlar…

Din və mədəniyyət…

Source:

Fransız sosioloqu Aleksis de Tokvil on doqquzuncu yüzildə amerikalıların mentalitetini araşdıran zaman yazırdı: “Hər bir xalq öz əxlaqı, mədəniyyəti sayəsində hətta ən əlverişsiz iqlim şərtlərindən və axmaq qanunlardan da fayda götürə bilir. Əhalinin əxlaqı qarşı-dirəniş göstərərsə, heç bir anayasanın qanun bazasını formalaşdırmaq mümkün olmaz”.

Toplumda tez-tez yanlış olaraq mədəniyyəti sadəcə mədəni insanın davranışı, yaxud incəsənət, ədəbiyyat mühitinin yaradıcılıq əsərləriylə əlaqələndirirlər. Ancaq bu məsələ başqa, daha dərin köklərə bağlı bir mövhumdur.

“Mədəniyyət” sözü özlüyündə çoxşahəli və çoxmənalıdır, ancaq mədəniyyətin xalqların iqtisadi, siyasi və sosial davranışlarına təsir edən aspektlərinə nəzər salan zaman onun mənasında bir anlam yaranır. Mədəniyyət – fərdi və kollektiv davranışın bütün aspektlərinə təsir göstərən, dəyərlərin və institutların bir-birinə məntiqi bağlılığı olan bir sistemdir. Yəni, mədəniyyət – dəyərlərdən, inanclardan oluşan bir sistemdir ki, onu özündə ehtiva edən bütün insanlar üçün məcburidir. Mədəniyyət – özündə mentaliteti, əxlaqı birləşdirən bir etnik koddur ki, biz bunu daha çox “milli xüsusiyyət” adlandırırıq.

Bəs insanların mədəniyyətinin formalaşmasında ən böyük rol oynayan aspektlər hansılardır? Bəşər tarixi boyunca filosoflar, sosioloqlar bu barədə çox düşünüblər, çox yazıblar. Mədəniyyətin formalaşmasında tarix, ərazi, iqlim, böyük rol oynayır. İstənilən xalqın mədəniyyətinin formalaşması prosesi ekoloji sistemin formalaşması prosesi kimi məhdud və ləng gedir. Bu, həmin o mühitdir ki, təbiət üst-üstə qalanan şərtlərə istinad edərək öz ləng, ancaq stabil yaradıcılığıyla məşğul olur. Və əlbəttə ki, millətin mədəniyyətinin, əxlaqının və etikasının formalaşmasında din başlıca rollardan birini oynayır.

Yaxın Doğu (Şərq) ölkələrində yaşayan millətlərlə Batı (Qərb) dünyasının sakinlərinin mədəniyyəti arasında çox böyük fərqi hər birimiz görürük. İntibah dönəmindən bu yana uzun yol keçərək, tədricən dini fanatizmin caynaqlarından qoparaq insan haqlarını-hüquqlarını başlıca dəyər səviyyəsinə çatdıran Batı sivil, dünyəvi bir ortam yaratmağa müvəffəq olmuşdur. Bu yolda onlar nə qədər çətin olsa da, onların inkişafını ləngidən minillik inkvizisiyanı tarixin zibilliyinə tullamağı bacarmış, bununla da elmi tərəqqinin, sağlam şüurun bərqərar olmasına şərait yaratmışdılar. Bütöv bir qitənin mədəni, sosial inkişafının taleyi absurd bir dini fanatizmdən, onun doğurduğu cəhalət, xurafat və möhvumatdan asılıydı.

Bu gün biz, iyirmi birinci yüzilin sakinləri yaşadığımız coğrafi ərazidə hələ də orta əsrlərdən qalma bir cəhalətin bataqlığında çapalamaqdayıq. Bunun səbəbini bizim keşməkeşli tariximizə bağlayanlar çoxdur: yəni, yazıq Azərbaycan o qədər işğala məruz qalıb ki, adam balası kimi normal inkişaf etməyə vaxt tapa bilməyib. Bunun bir absurd olduğu bəllidir. Aztv demişkən, uzağa getməyək, Almaniya 40 il sürəsində iki dəfə müharibə uduzub işğala məruz qalsa da, cəmi-cümlətanı 70 ildən sonra yenə də dünyanın ən aparıcı, varlı, mədəni dövlətlərindən birinə çevrilə bildi. Bəs biz, Doğu dövlətləri niyə hələ də tarixin quyruğunda sürünürük? Niyə mədəniyyətimizi inkişaf etdirib sivil dünyaya qovuşa bilmirik? Bunun tək və yeganə səbəbi var: din!

Yuxarıda mədəniyyətin formalaşması haqqında yazarkən qeyd etmişdim ki, din bu məsələdə başlıca rollardan birini oynayır. Biz fiziki olaraq mağaralardan çıxmış olsaq da, dini ətalət, mövhumat, cahillik üzündən hələ də mənən o dönəmdən uzaqlaşa bilmirik. Ayrı-ayrılıqda çoxumuz bilirik ki, islam dini təhsilin, incəsənətin, elmin, insan azadlığının düşmənidir. Əksini sübut etməyə çalışanlar həmişə iflasa uğrayacaqlar, çünki, necə deyərlər, “kor-kor, gör-gör”. Və təhsil, elm, incəsənət, ədəbiyyat olmayan yerdə heç bir zaman mədəniyyətin inkişafından danışmaq olmaz. Hər bir inkişafın özülündə təhsil dayanan kimi, hər bir tənəzülün də başında din və onun doğurduğu fanatizm dayanır. Bizim bu günkü mentalitetimizi, əxlaqımızı formalaşdıran mədəniyyətimiz gələcək inkişafımızı böyük bir sual altında qoyur.

Bu gün yaşadığımız dünyada yenidən velosiped icad etməyə, Amerika açmağa heç bir lüzum yoxdur. İnkişaf üçün lazım olan hər bir fəlsəfi ideya, elmi nailiyyət, tarixi proses artıq baş vermişdir. Biz sadəcə baxıb öyrənməli, görüb-götürməliyik. Bunun üçün isə ilk növbədə arxaik, ibtidai stereotiplərdən uzaqlaşmalıyıq. İstər elmi cəhətdən, istər ədəbi sahədə, istərsə də musiqi, incəsənət aləmində Batı bizi çoxdan tozda qoyub bir neçə yüzil qabağa getmişdir. Onlardan örnək götürməli, dini, mənasız adətləri muzey eksponatlarına çevirməliyik. Qanunlarımız insan haqlarını özünə ən başlıca meyara çevirməli, fərdi azadlıq, söz, fikir, yaradıcılıq azadlığı klişeyə çevrilməli, hətta mən deyərdim ki, sakral önəm daşımalıdır. Mollalar, mollabaşlar gülüş obyektinə çevrilməli, bununla da sadə insanları yüzillərlə öyrəşdikləri ənənələrdən (pir başına fırlanma, falçı yanına getmə, dua yazdırma, məscidlərə nəzir paylama) uzaqlaşdırmalıyıq. Bu yazıq xalq anlamalıdır ki, dini xof onları təkcə mollaların deyil, həm də fırıldaqçı məmurların, fürsətcil hoqqabazların qurbanına çevirir. Çünki bütün bunlar insan mənəviyyatına mutilik gətirir, onu prinsipsizləşdirir, bir növ mənəvi köləyə çevirir.

Yaxın Doğuda – Suriyada, İraqda, İranda, Pakistanda baş verən biabırçılıqları  görürsünüz.  İslam dünyasında təhsil almaq istəyə qızcığazın başına güllə sıxılır, çadrasının altından saçının bir ucu görünən qadını yerə uzadıb orta əsrlərdəki kimi şallaqlayırlar, fərqli düşünənlərin, fərqli dinə tapınanların başlarını kəsirlər, dükandan çörək oğurlayan ac adamın əllərini kəsirlər…

Hansını sayım? Saymaqla qurtararmı? Belə bir qorxulu mühitdə biz hansı mədəniyyətin formalaşmasını gözləməliyik? Hansı insani dəyərlərdən söhbət aça bilərik? Bir qadını zorlayıb, sonra onun özünü daşqalaq eləyən cəmiyyətin hansı mədəniyyətdən, dəyərlərdən xəbəri var? Onlar ümumiyyətlə, insan hüququnun, qadın hüququnun nə olduğunu bilirlərmi? Və belə bir cəmiyyətdə, total olaraq ölənin də, öldürənin də “allahu əkbər” qışqırdığı bir cəmiyyətdə hansı mədəni inkişafdan danışmaq olar? Xəstəlikdən sağaltmaq üçün uşağını həkimə yox, mollaya aparıb ağzına tüpürdənlər, molla tüpürcəyini dərman sayanlar bu dünyaya necə uşaqlar yetişdirib bəxş edəcəklər? Bütün bu cəhalətin, xurafatın, savadsızlığın, mövhumatın səbəbi nədir? Və bütün bunlardan doğan mədəniyyətsizliyin səbəbi nədir?

Ana səhifəMənim FikrimcəMolla tüpürcəyini dərman sayanlar…