Xankəndi sakinlərinin təxliyyə olunduğu deyilir (yenilənir)

Müdafiə Nazirliyi eyni zamanda Ermənistan ordusunun Daşkəsən rayonunu atəşə tutduğu xəbərini yayıb

Foto: Reuters


16.14.


Rusiya: Dağlıq Qarabağ münaqişəsini qızışdırmayın


“Türkiyə olmaqla, qarşı tərəfləri atəşi dayandırmağa çağırırıq”


“Rusiya başqa ölkələri Dağlıq Qarabağ münaqişəsini qızışdırmamağa çağırır”.


Bu barədə Kremlin sözçüsü Dmitriy Peskov SİTA-ya açıqlamasında



deyib



.


Dmitri Peskovun sözlərinə görə, Azərbaycan və Ermənistana hərbi vəd dəstəyi situasiyanı sabitləşdirməyə kömək etmir.


“Biz bütün ölkələri, xüsusilə bizim tərəfdaşları, başda Türkiyə olmaqla, qarşı tərəfləri atəşi dayandırmağa və uzun müddət davam edən münaqişənin siyasi və diplomatik yollarla həllinə dönməyə inandırmaq üçün hər şeyi etməyə çağırırıq”.


O, ölkəsinin baş verənlərdən narahat olduğunu və Rusiyanın hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış etdiyini bildirib.

***


15.20.


Yerli müxbirlər isə “İzvestiya”nın məlumatını yalanlayır


“Stepanakertdə (Xankəndi) sakinlərin kor-təbii təxliyyəsi başlayıb”. Bu barədə sentyabrın 29-da “İzvestiya”nın müxbiri məlumat



yayıb



.


Onun məlumatına görə, insanları kütləvi şəkildə Yerevana göndərirlər.


“Birbaşa göndərirlər, orda nə bir qohumları var, nə də tanışları. Amma deyilənə görə, onları mütləq qarşılayacaqlar. Yerevan hökuməti təşkil edəcək. Avtobuslarla getmələri mütləq deyil. Polis yoldan keçən maşınları saxlayır, sahibləri heç bir pul almadan həmin ailələri avtomobillərinə otuzdurur və Yerevana aparırlar”, – müxbir xəbər verib.


“Bu arada Azərbaycan ordusu Füzuli şəhəri istiqamətində hücuma davam edir. Stepanakertdə (Xankəndi) çərşənbə axşamı səhər hava həyəcan siqnalı səslənib, lakin bunun ardınca hücum baş verməyib. Sonrakı saatlarda şəhərdən şimal-şərqdə uçuş aparat vurulub”, – WarGonzo Teleqram kanalı xəbər verib.


Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nda olan erməni jurnalistlər isə Meydan TV-yə yazılanların doğru olmadığını, Xankəndində olan mülki əhalinin təxliyyə edilmədiyini deyiblər.

***


14.59.


İranın Azərbaycandakı səfirliyi ölkəsindən Ermənistana yardım olunması haqqında yayılan məlumatlardan təəssüflənib və deyilənləri əsassız adlandırıb.


Bu barədə İranın Bakıdakı səfirliyinin məlumatında qeyd edilib.


Səfirlik bildirib ki, silahların və ya terror qruplaşmalarına bağlı qüvvələrin İran İslam Respublikası ərazisindən Ermənistana keçirilməsi ilə əlaqəli əsassız xəbərlərin dərc edilməsini və təkrarlanmasını qətiyyətlə rədd edir:


“Azərbaycan Respublikasındakı uzunmüddətli hədəfləri üçün zəmin yaratmaq məqsədilə İranın nüfuzuna xələl gətirməyə ehtiyacı olan bəzi üçüncü tərəflərin səylərindən təəssüflənir”.


Məlumatda daha sonra qeyd olunub ki, İran İslam Respublikasının müvafiq rəsmi qurumları tərəfindən aparılan araşdırma və sorğulara görə, virtual şəbəkələrdə təsvir olunan saxta və şübhəli filmlərdə təsvir olunan silah və şəxslərin heç biri doğru deyil:


“Bu təbliğat şantajlarının əsas məqsədi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq və dostluq münasibətlərini korlamaqdır".

***


13.41.


Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycanın Prezidenti İlham Əliyevə telefonla zəng edib.


Məlumatı “Azərtac” yayıb.


Qeyd olunub ki, Almaniya Kansleri Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb:


“Dövlər başçısı İlham Əliyev deyib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb. Bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb”.

16013713601110842731_1000x669.jpg
A.Merkel və İ.Əliyev


Prezident xatırladıb ki, Ermənistan Baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir:


“Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir”.


İlham Əliyev Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyəti qarı tərəfin siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.


“Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır”,-İlham Əliyev belə deyib.


13.06.


Rəsmi: Mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər yaralanıb


Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Ermənistan ordusunun Azərbaycana qarşı yeni təcavüz aktı ilə əlaqədar birgə bəyanat yayıb.


Bəyanat sentyabrın 29-da XİN-də keçirilən mətbuat konfransında yayılıb.


Bəyanatda qeyd edilir ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb:


“Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı atəş açıb. Mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər yaralanıb”.


Bəyanatda xatırlanır ki, göstərilən tarixdə erməni hərbi birləşmələrinin silahlarından açılan mərminin Naftalan ərazisinə düşməsi nəticəsində evə 100 min manat məbləğində ziyan dəyib:


“Faktlar əsasında Goranboy Rayon Prokurorluğunda bir neçə maddə ilə cinayət işi başlanıb. Tərtər rayonuna ermənilər tərəfindən açılan atəşlər nəticəsində də mülki əhali müxtəlif dərəcəli bədən xəsarətləri alıb və həlak olub. Göstərilmiş faktlara əsasən, 5 cinayət işi başlanıb”.

***


Ermənistan qoşunlarına məxsus 4 tankın vurulduğu bildirilir

Sentyabrın 29-da səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı vurulub.

Hazırda döyüşlərin davam etdiyi qeyd olunub.

Müdafiə Nazirliyi eyni zamanda Ermənistan ordusunun Daşkəsən rayonunu atəşə tutduğu xəbərini yayıb:

“Ermənistan növbəti provokasiyaya əl atıb. Sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək”.

Ana səhifəSiyasətXankəndi sakinlərinin təxliyyə olunduğu deyilir (yenilənir)