MN: “Ermənistandan yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir”

Foto: Müdafiə Nazirliyi

Nazirlik erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat gətirilməsi üçün hərəkət edildiyini deyir

Azərbaycanın Müdafiə Nazirliyi erməni silahlı dəstələrinin növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında texniki vasitələrlə hərəkət etdiyini deyir.

Müdafiə Nazirliyinin aprelin 21-də yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir.

Müdafiə Nazirliyi əlavə edib ki, baş verənlər üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaradır.

Azərbaycan ərazisindəki tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “Daxili İşlər Nazirliyi” Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasını  dezinformasiya adlandırıb.

“Sözügedən hərəkət humanitar məqsədlər üçün malların daxili daşınması hadisəsidir və daha əvvəl lentə alınıb. Üstəlik, yayılan  videoda su daşıyıcısı görünür, onun üzərində silah daşımaq qətiyyən mümkün deyil”.

Martın 24-də Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkətinin texniki müşahidə vasitələri tərəfindən qeydə alındığı barədə məlumat yaymışdı. Bildirilirdi ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Ondan sonra Azərbaycan ordusu Laçın dəhlizi ətrafındakı yolları bağladı.

Buna cavab olaraq martın 26-da Rusiya Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrini 2020-ci ilin noyabr ayında bağlanmış müqavilələri pozmaqda günahlandıran açıqlama yaydı.

Rusiya MN hesab edirdi ki, Azərbaycan Silahlı Qüvvələri Şuşa rayonu ərazisində yerləşən birləşmələrin təmas xəttini postun mühəndis avadanlığının işə salınmasına başlanıb.

“Martın 25-də Azərbaycan Silahlı Qüvvələrinin bölməsi 9 noyabr tarixli bəyanatının 1-ci bəndini pozub. Hərbçilər 2020-ci il Şuşa rayonu ərazisində yerləşən qurumların təmas xəttini keçərək 2054,0 (Sarıbaba dağından 2,9 km şimal-şərq) hündürlüyünü nəzarətə götürüb”, – deyə nazirlik əlavə edib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətMN: “Ermənistandan yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir”