Mixail Zoşşenko – Böhran hekayələri

Böhran

Source:
Mixail Zoşşenko foto sim-sim.az
Mixail Zoşşenko foto sim-sim.az



Böhran

Bugünlərdə, ay millət, küçəylə yığın-yığın kərpic daşınırdı! İlahi! Bilsəniz, ürəyim fərəhdən necə uçunurdu! Quruculuq gedir axı, ay millət! Kərpic hədər yerə daşınmır ki. Hardasa bir yuva qurulur, deməli. Başlanıb yəni… Tfü, tfü, göz dəyməsin! Nə var ki: iyirmi ilə, ya daha az vaxta hər bir vətən övladının ayrıca otağı olar. Əgər əhali dəlitərsinə artmasa, tutalım, abort sərbəstləşdirilsə, bəlkə hərəyə iki otaq da düşər. Adambaşına lap üç də ola bilər. Hələ vanna otağı da. Bax, əsl həyat onda olacaq e, ay millət! Bir otaqda, deyək ki, yatarıq, o birində qonaq qəbul edərik, üçüncüdə də başqa nəsə… Olmazmı! Elə asudə həyatda hər cür məşğulat tapılar.

Hələliksə bu “dörd divar” məsələsi xeyli qəlizdir… Sıxıntımız var – böhran üzündən.

Baxın, qardaşlar, mən Moskvada yaşayırdım. Lap yenicə çıxıb gəlmişəm ordan. Böhranı şəxsən üzərimdə hiss etdiyim üçün.

Deməli, getmişəm Moskvaya, şələ-şüləmlə küçə-küçə dolaşıram. Yəni qalmışam ortalıqda. Özüm bir yana, şey-şüyü qoymağa da yer tapmıram… İki həftə, canım sizə desin, əlidolu halda, küçələri ayaqdan saldım – saç-saqqal basdı, ayın-oyunu da orda-burda salıb itrdim. Beləcə, şey-şüysüz gəzmək bir az asanlaşmışdı. Qalmağa yer axtarırdım.

Xülasə, binaların birində pilləkənlə düşən bir nəfərə rast oldum.

– Otuz manata, – dedi, – vanna otağını sizə verə bilərəm. Mənzil nədir e, lap ağa mülküdür, – dedi… Üç yerdə ayaqyolu var… Ayrıca vanna otağı… Vanna otağında, – dedi, – gen-bol yaşayarsınız. Pəncərəni neynirsən, qapı ki var, – dedi, – su da əlinizin altında… İstəsəniz, – dedi, – vannanı suyla doldurub bütün günü üzərsiniz.

Qayıtdım ona:

– Mən balıq deyiləm, ay yoldaş, – dedim, – üzmək fikrim yoxdur. Yaşamağa quru yer gəzirəm mən, – dedim. Nəmişliyə görə, – dedim, – barı qiyməti bir az düşün.

Dedi:

– Alınmır, ay yoldaş. Şad olardım, amma alınmır. İxtiyar özümdə deyil ki. Ümumi mənzildir. Vanna otağının da öz qiyməti var.

– Hə, – dedim, – daha neyləmək olar? Yaxşı, qopardın məndən otuzluğu, amma tezcə yer eləyin, – dedim. Üç həftədir, – dedim, – çöldə qalmışam. Lap əhədim kəsilib, – dedim.

Nə isə. Yer verdi. Başladım orda yaşamağa.

Vanna otağı, doğrudan da, ağalara layiq idi. Ayağını hara qoysan, əlini hara atsan, mərmər kimi vannaydı, qızdırıcıydı, incə, zərif kranlardı. Amma bunu da deyim ki, oturmağa yer qalmırdı. Yanını vannanın bir qırağına qoyası olsan, ya sürüşüb içinə düşürdün, ya da mərmər kimi döşəməyə. Yerə lay taxta atıb, onun üstündə qərarlaşdım.

Bir ay sonra, elə alındı ki, evlənəsi oldum. Canım sizə desin, cavan, xoşxasiyyət bir arvad çıxdı urcahıma. O da mənzilsiz…

Fikirləşdim ki, bu vanna otağı üzündən, gəlməz mənə, ailə səadəti, rahatlıq çıxar əlimdən, amma o, narazılıq-filan eləmədi. Eləcə ötəri mısmırığını sallayıb:

– Neynək, – dedi, – vanna otağı da bəd deyil yaxşı adamlar üçün. Uzaqbaşı, – dedi, – arakəsmə eləmək olar.

Sözgəlişi, – dedi, – bu tərəf məhrəm guşəmiz, ora da yemək yeri…

Dedim:

– Arakəsməyə nə var, ay vətən qızı. Amma sakinlər, – dedim, – o iblislər qoymurlar. Elə tutdurublar ki: dəyişiklik olmaz!

Neyləməli… Birtəhər yaşayaq.

Bir il keçməmiş, bizdə xırdaca bir uşaq dünyaya gəldi. Adına Volodya dedik, həyat da öz axarındaydı. Onu vannada çimizdirir, elə ordaca günümüzü keçirirdik. Deyim ki, belə lap əlaydı. Uşaq hər gün çimir, heç soyuqlayıb-eləmirdi də.

Bircə xoşagəlməz cəhət vardı: evin sakinləri yuyunmaq üçün axşamlar vanna otağına soxulurdular. Həmin vaxt ailəlikcə dəhlizə tökülüşməli olurduq.

Sakinləri dilə tuturdum:

– Ay millət, – deyirdim, – şənbə günləri çimin. Hər gün_ deyirdim, – çimmək olmaz axı. Qoymazsınız yaşayaq?

Bir intizamınız olsun…

O əclaflarsa otuz iki nəfərdi. Hamısı da söyüşlə danışırdı. O yan-bu yan olsa, sifətinə yumruq ilişdirməklə hədələyirdilər.

Neyləmək olardı, əldən nə gəlirdi ki. Eləcə keçinib gedirdik.

Bir müddətdən sonra arvadımın anacığazı əyalətdən bizim vanna otağına təşrif gətirdi. Qızdırıcının arxasında yer tutdu.

– Nəvəmi yelləmək, – dedi, – çoxdankı arzumdu. Siz məni, – dedi, – bu əyləncədən məhrum edə bilməzsiniz.

Dedim:

– Heç etirazım yoxdur. Yüyrələyin, yelləyin. İşinizdə olun. Vannanı, – dedim, – suyla doldurub, nəvənizlə birgə çimə də bilərsiniz.

Arvadıma isə sözüm bu oldu:

– Ola bilsin, ay vətən qızı, başqa qohumlarınız da gəlsin, bəribaşdan deyin, heç uzatmayın.

O da dedi:

– Bəlkə qardaşım… milad tətilində…

Qardaşını gözləməyib, Moskvadan çıxdım. Ailəmə pulu poçtla göndərirəm.



Qənaət rejimi

Başqa şəhərlərdə, yoldaşlar, qənaət rejimi necə gedir, mən bilmirəm.

Amma bax Borisov şəhərində bu rejim çox sərfəli şəkil alıb.

Qısa sürən bir qış ərzində təkcə bizim müəssisədə 7 sot küknar odununa qənaət olunub. Nəyi pisdir!

On il bu cür qənaət olunsa, hardasa 10 kub deməkdir. Yüz ildə rahat üç gəmi dolusu oduna qənaət edərik. Min ildən sonra isə lap odun alverinə girişmək olar.

Bəs bu camaat əvvəllər nə fikirləşirmiş? Niyə belə sərfəli rejimə keçilməyib indiyəcən? Adama yer eləyir!

Bizdə bu rejim ötən payız başlandı. Müdir öz uşağımızdı. Hər şeyi bizimlə məsləhətləşir, simsar kimi danışır.

Hələ papirosumuza da əl atır, köpəyoğlu.

Deməli, həmin o müdir bir gün gəlib car çəkdi:

– Hə, bura baxın, uşaqlar, başlandı… Kəmərləri sıx bağlayın! Gərək nəyəsə qənaət olunsun…

Amma nəyə, necə qənaət etməli – bilinmir. Öz aramızda söz saldıq, görək, nəyə qənaət etmək olar. Hesabdara

– o çal şeytanamı pul verilməsin, ya başqa bir yolmu tapılsın…

Müdir dedi:

– Hesabdara pul verilməsə, uşaqlar, o çal şeytan, tezcənə “Əməyin mühafizəsi”nə cumacaq. Bu, olmaz. Nəsə başqa şey fikirləşməliyik.

O məqamda, sağ olsun, xadiməmiz Nyuşa qadınsayağı bir məsələni gündəmə gətirdi.

– Bir halda ki, – dedi, – beynəlxalq vəziyyət belə zurnalıqdı, onda, misal üçün, ayaqyolunu qızdırmamaq da olar. Havayı yerə niyə odun işlənsin? Qonaq otağı-zad deyil ki!

– Düzdür, – dedik, – qoy ayaqyolu soyuq olsun. Bəlkə bir 7 sot oduna qənaət elədik. Oranın soyuq olması heç də pis deyil. Şaxtada camaat çox ləngiməz. Buna görə bəlkə istehsalatda artım da olar.

Elə də etdik. Odun yandırmayıb, qənaətimizi hesablamağa başladıq. Doğrudan da, düz 7 sotluq qənaət alındı. Səkkizinciyə keçirdik ki, yaz özünü atdı ortaya. Heç yaxşı olmadı! Əgər bu zəhrimar yaz gəlməsəydi, – dedik, – hələ yarım kuba da qənaət edərdik.

Bir sözlə, yaz bizə yaman əngəl oldu. O da var ki, heç 7 sotun özü də elə-belə iş deyil.

Şaxtadan oralarda bir yerdə hansısa borunun partlamağına gələndə isə, məlum oldu ki, həmin boru hələ çar dövründə quraşdırılıbmış. Elə boruları, əslində, lap dibindən qoparmaq lazımdır. Bir də ki, payızacan o borusuz da keçinərik. Payızda isə nəsə ucuzaraq birini quraşdırarıq. Qonaq otağı-zad deyil ki!



Ziyankar adamlar

Deyirlər, dəvə bir ay ac qala bilir. Gör nə möhtəşəm heyvandır! O, deyilənə görə, hansısa otu sümürür, daş-kəsəyi iyləyir, vəssalam, xirtdəyəcən doyur. Gör necə nəcib heyvandır!

İndi götürək adamı. Adam gərək hər gün nəsə tıxışdıra. Hansısa otla öynə keçirən, daş-kəsək iyləyən deyil ki.

Onun üçün gərək nəsə doyumlu bir şey ortaya qoyasan. Şorba, dalınca da balıq kotleti… Bunları xoşlayır o.

Hər gün yemək tıxışdırmağı bir yana, üstəlik, adam paltar da geyinir, içki də içir, hamama da gedir.

Ah, bu adamlar dövlət üçün xalis israfdır! Gəl indi qənaət rejimi tətbiq elə. Gəl indi şişib-artmış ştatları ixtisara sal.

Tutaq ki, qənaət naminə adamı ixtisara saldın, axı o, ixtisardan sonra da öz işində olur – tıxışdırır, paltar geyinir. Bu fərasət onda hardandır – mat qalırsan. Xalis israfdır.

Bax, bizim məhlədən Palka Yerşov qənaət rejiminə məruz qaldı. İxtisara saldılar oğlanı.

Fikirləşdik ki, hə, batdı Palka Yerşov. Neyləyəcək bu qənaət rejimində?

Amma baxdıq ki, yox, batıb-eləmədi. İxtisardan dərhal sonra məhlədə göründü: yenə gəzib-dolanır özü üçün, elə hey dişlərinin arasından tüpürcək sıçradır.

– Mən, – deyir, – bilirdim belə olacağını, uşaqlar. Hər dəfə bir devizin badına gedirəm, – deyir. – Yeddinci dəfədir ixtisara düşürəm. Nəsə bir deviz – qənaət rejimi olsun, keyfiyyət uğrunda mübarizə olsun – elan edildisə, mənim başımda çatlayır. Mən öyrəncəliyəm buna.

– Yaxşı, – deyirik, – öyrəncəlisən, bu, öz yerində, bəs indi qarnını necə doyuracaqsan?

– Hə, – deyir, – qarnımı doyurmalıyam. Dəvə deyiləm ki.

Fikirləşirik ki, yox, batdı bu. Dildə özünü sındırmasa da, çezib gedəcək.

Amma bir ay, iki ay keçir: yox, çezib-eləmir. Tüstülədir, tüpürcək sıçradır, əyni-başı da yerində.

Fikirləşirik ki, bəlkə də bu köpək hər gün gedib dövlətin bankını soyur, ya da pul kəsir…

– Palka, – deyirik, – açıl bizə, tök içindəkiləri. Nəylə dolanırsan sən, ay avara?

O isə qayıdır ki:

– Bilirsiniz, uşaqlar, başqa bir işə düzəlmişəm mən.

Bu cür ziyankar adamlar olan yerdə qənaət rejiminin tətbiqi müşküldür. Birucdan ixtisara salınsalar da, onlar elə hey yeyib-içirlər, geyinib-keçinirlər…

Dəvələrlə daha asan olardı, hər halda.



1925–1926


Tərcümə etdi: Toğrul




Ana səhifəMənim FikrimcəMixail Zoşşenko – Böhran hekayələri