Mitinqə qatılan fəhlə işdən çıxarılıb

Mirdamət Həsənov: ”Avropa Məhkəməsinə qədər gedəcəm”

Source:
Mirdamət Həsənov


Mirdamət Həsənov: ”Avropa Məhkəməsinə qədər gedəcəm”

AXCP-nin Ağsu rayon şöbəsinin üzvü Mirdamət Həsənov işlədiyi Kommunal Təsərrüfat İdarəsindən çıxarılıb. Səbəb onun Milli Şuranın 23 sentyabr mitinqində iştirakıdır.

Bu barədə Meydan TV-yə danışan Mirdamət Həsənov bildirib ki, o, idarənin Yaşıllaşdırma Departamentində fəhlə işləyib, ayda 120 manat maaş alıb:

“Hətta ötən ayın maaşını ödəmədilər, adətən biz hər ayın 26-da əmək haqqı alırdıq. Mənə işdən çıxarılmağımı idarənin kadrlar şöbəsinin müdiri dedi. Evimizə gəlmişdi, maaşların verilib-verilmədiyini soruşdum, pulun karta yükləndiyini, ancaq bəd xəbəri olduğunu söylədi. Ardınca işdən çıxarıldığımı dedi, amma özüm də bilirdim. Çünki sosial şəbəkələrdə mitinqdən şəklim yayılmışdı. Səhəri günü maaş kartımı icra hakimiyyətinə gedib təhvil verəndə dedim ki, buyurun, içində 38 qəpik var, lazım olsa götürün”.

AXCP üzvü bildirib ki, o, yerli məhkəməyə şikayət edəcək:

“Əgər Bakı şəhər İcra Hakimiyyəti mitinqə icazə veribsə, orada iştirak etmək qanunsuzluq sayıla bilməz. Bu mənada işdən çıxarılmağım Konstitusiyanın tapdanması və özbaşınalıqdır. Ona görə pozulan hüquqlarımın bərpası üçün Avropa Məhkəməsinə qədər gedəcəm”.

Ana səhifəXəbərlərMitinqə qatılan fəhlə işdən çıxarılıb