Rəsmi Bakı ittihamları qəbul etmir, Yerevanı işğalçılıqda günahlandırır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşdə Azərbaycanın Qarabağda yaşayan ermənilərə qarşı davranışlarından danışıb.
Mirzoyan bildirib ki, Bakının davranışları ən yüksək səviyyədə nifrətin qızışdırılmasına hesablanıb.
Nazir qeyd edib ki, Bakı erməniləri açıq şəkildə güc tətbiqi ilə hədələyir. Bu da bölgədə erməniləri etnik təmizləməyə məruz qoymaq niyyətindən və real təhlükədən xəbər verir.
Məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.
A.Mirzoyan Azərbaycanı Ermənistanın bəzi ərazilərini işğal etməkdə də günahlandırıb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatında isə qeyd olunub ki, nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi çıxış edir.
Nazir bölgədə sülh və sabitliyin bərqərar edilməsində Bakının maraqlı olduğunu, həmçinin sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.
C.Bayramovun erməni həmkarının ittihamlarına cavabı belə olub:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməlidir. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ölkənin daxili məsələsidir. Bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsi qəbuledilməzdir”.
Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ-ın maraqlı olduğunu bildirib.
Laçın dəhlizində nə baş verib?
Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.
Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:
“Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.
“Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın pisləyib, bunun sülh prosesinə mane ola biləcəyini ehtimal ediblər.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.