Mirvari Qəhrəmanlı müəllim işləyən qızının təzyiqlə üzləşdiyini deyir

Sara Rəhimova çalışdığı məktəbin rəhbərliyindən narazıdır

Source:


Sara Rəhimova çalışdığı məktəbin rəhbərliyindən narazıdır

Xətai rayonundakı 194 saylı məktəbdə fiziki tərbiyə müəllimi Sara Rəhimova məktəbin direktoru Elnarə Zeynalova və direktor müavini İsmayıl Hüseynov tərəfindən psixoloji təzyiqlərə məruz qalaraq işdən çıxmağa məcbur edildiyini bildirib.

S.Rəhimova Meydan TV-yə deyib ki, uzun illərdir həmin məktəbdə çalışır, lakin Zeynalova müdir təyin olunandan sonra problemləri başlayıb. Belə ki, müdir təyinatından sonra keçirilən ilk iclasda S.Rəhimova məktəbin idman zalında işıqların yanmadığını bildirib. E.Zeynalova isə lampaların alınmasını, işıqların düzəltdiriməsini müəllimlərə həvalə edib: «Mən iclasda buna etiraz etdim, bildirdim ki, dövlət məktəbə pul ayırır. Həmin iclasdan sonra direktor mənimlə ədavətə başladı. Deyir ki, guya əlində mənimlə bağlı video görüntülər var, mən qanunu pozmuşam. Beləliklə, məni şantaj edir».

S.Rəhimova deyir ki, övladı həmin məktəbdə təhsil alır. Direktor müavini İsmayıl Hüseynov ona övladının yoldaşları qarşısında təzyiq edib:

«Sosial şəbəkədəki səhifəmdə məktəbdə baş verənlərə etirazımı bildirdim. Bundan sonra İsmayıl Hüseynov dedi ki, direktorla bağlı sosial şəbəkədə tənqid yazmısan, buna görə də bu məktəbdə işləyə bilməzsən, öz xahişinlə ərizə yaz. Tək övlad böyüdürəm, məktəbdən 250 manat maaş alıram. İşdən öz xahişimlə getməyə razı olmadım. Əvəzində məni Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxaracaqları ilə hədələdi. Bununla bağlı 37-ci polis bölməsinə və direktora şikayət etdim. Direktor hər ikimizi kabinetinə çağırdı, İsmayıl müəllim dediklərini inkar etdi, çünki otaqda kamera vardı, qeydə alırdı. Bildirdim ki, psixoloji təzyiqdən bezmişəm, intihar həddinə çatmışam».

S.Rəhimova şikayət etdiyi 37-ci polis bölməsinə çağırılıb. Məlum olub ki, həm direktor, həm də onun müavini müəllimdən şikayət edib. Ərizədə müəllimin onları təhqir etdiyi göstərilib. Şikayətçinin sözlərinə görə, onun şikayəti isə araşdırılmayıb: «NZS qəsəbəsinin sahə müvəkkili martın 11-də məktəbə gəldi və guya asayişi pozduğuma – xırda xuliqanlığa görə məni 50 manat cərimələdi. Həmin cəriməni şagirdlərin və kollektivin qarşısında elan etdilər, bununla da mənim işdən çıxarılmağıma səbəb yaratmağa çalışdılar».

Şikayətçi deyib ki, məsələ ilə bağlı Təhsil və Daxili İşlər Nazirliyinə müraciət edib.

S.Rəhimova hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının qızıdır.

Qəhrəmanlı Meydan TV-yə bildirib ki, iki qızı və 3 nəvəsi var. Fəaliyyəti ilə bağlı müxtəlif qurumlar tərəfindən mütəmadi təzyiqlərə məruz qalıb. Hüquq müdafiəçisi olan qızı Mətanət Əzizova təzyiqlər nəticəsində ölkəni tərk edib. İndi növbə ikinci qızına çatıb:

«Mexanizm eynidir, vaxtilə mənə də xuliqanlıq maddəsi ilə cərimə tətbiq edilmişdi, sonra Əmək Məcəlləsinin 70C maddəsi ilə işdən çıxarıldım. İndi də qızımı eyni vasitə ilə işdən çıxarmağa çalışırlar. Aldığım məlumata görə, məktəbin direktoru Bakı şəhər Təhsil İdarəsinin vəzifəli şəxsi Fuad Babayevin himayəsindədir, Babayev isə nazirliyin mətbuat katibi Cəsarət Valehovun yaxın qohumudur. Qızım elə vəziyyətdədir ki, intihar həddinə çatıb. Həmin məktəbdə nəvəm təhsil alır, uşağın psixoloji durumu gərgindi və bu da qızıma təsir edir. Direktor müavini deyir ki, məktəbdə direktora və baş verənlərə etiraz edənlərlə işləyə bilməzlər. Qızım isə elə bil ailədə böyüyüb ki, ədalətsizliyə, rüşvətə qarşı dözə bilmir».

Məktəbdən Meydan TV-yə bildiriblər ki, məsələ ilə bağlı yalnız Bakı Şəhər Təhsil İdarəsindən məlumat verə bilərlər, onların bu barədə danışmağa ixtiyarları yoxdur. İdarədən isə şikayətdən xəbərdar olduqlarını, araşdırma aparıldığını deyiblər.

Mirvari Qəhrəmanlının sözlərinə görə, sosial şəbəkələrdə etdiyi müraciətlərdən və Sara Rəhimovanın şikayətindən sonra Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb. Bundan sonra S.Rəhimova Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb, rəis müavini tərəfindən dinlənilib və sahə müvəkkilinin yazdığı protokola xitam verilib.

Ana səhifəXəbərlərMirvari Qəhrəmanlı müəllim işləyən qızının təzyiqlə üzləşdiyini deyir