Apelyasiya Məhkəməsi Gürcüstan müsəlmanlarının şeyxini azadlığa buraxıb
Noyabrın 29-da Bakı Apelyasiya Məhkəməsi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovun sərbəst buraxılması haqda qərar çıxarıb.
Məlumatı Meydan TV-yə Mirtağı Əsədovun həyat yoldaşı Şəhanə Hacıyeva təsdiqləyib.
Şəhanə Hacıyeva qərarın onlar üçün gözlənilməz olduğunu deyib:
“Çünki 30 sutka inzibati cəza alan yoldaşımın vaxtından tez buraxılacağını gözləmirdik. Dünən axşam bizə zəng etdilər ki, səhər gəlin. Binəqədidə Müvəqqəti Saxlanma yerinə getdik, görüşəcəyimizi zənn edirdik. Sonradan Bakı Apelyasiya Məhkəməsinə getməli olduğumuzu söylədilər. Nə baş verdi ki, Mirtağını buraxdılar, bilmirik”.
Şəhanə Hacıyeva həbsdən apelyasiya şikayəti verəcəkləri haqda suala konkret cavab verməyib:
“Bu barədə hələ müzakirə aparmamışıq”.
Mirtağı Əsədov noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanılıb. Mirtağı Əsədov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib.
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin məlumatına görə, M.Əsədov 2 il əvvəl Azərbaycan vətəndaşlığından imtina edib.
Onun ailəsinin Azərbaycanda yaşadığı, ailəsinı baş çəkmək üçün ildə bir neçə dəfə Azərbaycana səfər etdiyi bildirilir.
İdarədən deyiblər ki, Gürcüstanın Müsəlmanlar Ali Dini İdarəsinin sədri olan M.Əsədov son aylarda Gürcüstandakı məscidlərin durumu ilə bağlı tənqidi çıxışlar edib. O, Gürcüstanda məscidlərin dövlət mülkiyyətinə verilməsinə, sovet dövründə dini birliklərə dəyən zərərin kompensasiya edilməsi qaydasına qarşı çıxıb.