Mirşahin Ağayev: Ümidimizi Allahdan, dövlətimizdən kəsmirik

“Avropa Məhkəməsinə müraciət Azərbaycan qanunvericiliyinə zidd deyilsə, belə bir müraciət olacaq”

Source:
Vahid Mustafayev və Mirşahin açıqlama verir
Vahid Mustafayev və Mirşahin açıqlama verir


“Avropa Məhkəməsinə müraciət Azərbaycan qanunvericiliyinə zidd deyilsə, belə bir müraciət olacaq”

“Ali Məhkəmənin çıxardığı qərar gözlənilməz idi, yoxsa yox, bu, artıq keçmişdi. Təbii ki, biz ədalətli qərar gözləyirdik və zalda oturanlar məhkəmənin gedişində istər vəkilimizin, istər bizim özümüzün çıxışlarımızdan bir daha xəbərdar oldular”.

Meydan TV-nin məlumatına görə, bunu sentyabrın 21-də Ali Məhkəmədə keçirilən prosesdən sonra jurnalistlərə açıqlamasında ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev deyib. O bildirib ki, qarşı tərəfin arqumentləri zəif idi:”Hakim Teleradio Şurasının nümayəndəsinə təsadüfən demədi ki, “səsinizi bir az qaldırın, sizi eşidək”. Həqiqət həmişə yalanla müqayisədə daha bərk səslənir. Biz ANS-i Azərbaycan xalqına qaytarmaqdan ötrü qanunvericiliyin imkan verdiyi bütün üsullardan istifadə edəcəyik. “Ümid sonda ölür” deyirlər. Düşünürəm ki, heç nə bitməyib, heç nə başa çatmayıb. Bu, adi bir fiziki, coğrafi vahid deyil. Tarixdə elə dəyərlər var ki, onlar həmişə mövcud olublar – “Sirlər xəzinəsi” kimi, Təbriz xalısı kimi, “Sənsiz” romansı kimi, ANS-in loqotipi kimi… Nə qədər ki, bu var, insanların yadında ANS qalacaq və heç vaxt yaddan çıxmayacaq. ANS-in yaddaşlardan yenidən bizim həyatımıza, gündəliyimizə, məişətimizə daxil olması üçün bayaq dediyim qaydada çalışacağıq.

ANS-in əməkdaşları təkcə ANS-də işləyənlərdən ibarət deyil. ANS-in əməkdaşları həm də ANS-in hər bir tamaşaçısıdı. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan xalqı öz kanalına qovuşmalıdı. Azərbaycanın müstəqilliyi ilə eyni yaşıd olan bir qurum bu gün Azərbaycan dövlətinin yanında qalmağa daha çox layiqdir, nəinki ondan qat-qat kiçik olan, hətta dövlət qurumları belə.

Ümumiyyətlə, hakimiyyət sözünün kökü “hakim”di. Ona görə də hakimiyyət sözünün kökünə varmaq lazımdır. Hakim olduğundan dəstəklənərək, bu qərarı verən insanları öz vicdanlarının, cəmiyyətimizin, tariximizin mühakiməsinə buraxıram. Ən böyük məhkəmə vicdan məhkəməsidir, tarix məhkəməsidir, doğmaların sualları qarşısında veriləcək cavabların intonasiyasının yaratdığı ovqatın məhkəməsidir. Ona görə də ümidimizi Allahdan, dövlətimizdən kəsmirik. Ən vacib budur ki, haqq qalib gəlir, biz də haqq olduğumuza inanırıq”.

M. Ağayev jurnalistlərin “Növbəti addımınız nə olacaq”sualına isə”Azərbaycan qanunvericiliyinin yol verdiyi bütün üsullardan istifadə edəcəyik” cavabını verib.

Jurnalistlər ondan “Siz Azərbaycan hökumətinə müraciət etdiniz, amma bir çox ekspertlər yazır ki, ANS-in bağlanması Türkiyə hökuməti ilə bağlıdır. Türkiyə hökmətinə sözünüz nədir?” – deyə soruşublar.

M.Ağayev suala cavab olaraq bildirib ki, Türkiyədə bu yaxınlarda Ərdoğan hökumətinə yaxın mətbu orqanda çap olunmuş bir cümləni misal çəkmək istəyir:” O cümlə də belədir: “Türkiyədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, ANS-in FETÖ ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur”. Bu, Türkiyədə gedən araşdırmanın başlanğıcıdır. Araşdırmalar davam edəcək. Elə ona görə də məhkəmədə vəsatət qaldırıb prosesin təxirə salınmasını istədik. Çünki Türkiyədə gedən araşdırmalar elə hallar üzə çıxara bilər ki, Azərbaycanda gedən bu məhkəmə prosesi çətin vəziyyətə düşə bilər. Bu baxımdan Türkiyədə gedən araşdırmaların ANS ətrafında yaranmış bu vəziyyətin anlaşılmasına kömək edəcəyinə inanıram. Çünki bizim tarix qarşısında ikinci borcumuz üzərimizdən bu qondarma yarlığı götürməkdir. Nə Fətullah, nə Mətulla, nə İtulla bizi maraqlandırmır. Biz Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan qanunlarına xidmət etmişik. 25 il həyatımız bununla keçib və üzü buna da gedir. Cəfəng iddialarla bizi hansısa mollaların, hansısa təriqətlərin, sekta xarakterli qurumların yedəyinə, quyruğuna bağlamaq yaraşmaz”.

Jurnalistlərin “Avropa Məhkəməsinə müraciət edəcəksinizmi” sualına cavabında isə vitse-prezident deyib ki, Avropa Məhkəməsinə müraciət Azərbaycan qanunvericiliyinə zidd deyilsə, belə bir müraciət olacaq:”Bu gün bizim üçün əsas məsələ ANS-in haqlı, ədalətli olmasını sübut etməkdir. Biz Azərbaycan xalqının, Azərbaycan dövlətinin adına layiq olmuşuq. ANS Azərbaycan xalqının, Azərbaycan dövlətinin, tarixin şanlı səhifəsidir. Bunu Çingiz Aytmatovdan tutmuş, Vaqif Səmədoğluna qədər hamı deyib. ANS-in bu gün polislər tərəfindən möhürlənmiş dəhlizlərində də şəkillərin altında bu ifadələr yazılıb. Şanlı səhifəyə terror və bu kimi qara-qura əskilər, parçalar yapışdırmaq olmaz. Biz Azərbaycan dövlətinin ləyaqətli tərkib hissəsiyik. İlk növbədə, Azərbaycan dövləti onun marağında olmalıdı ki, öz ləyaqətli parçasını haqsız hədələrdən, iftiralardan qorusun”.

Ali Məhkəmədə telekanalın kassasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Ana səhifəXəbərlərMirşahin Ağayev: Ümidimizi Allahdan, dövlətimizdən kəsmirik