Mirmahmud Mirəlioğlu: İlham Əliyev tarixi bilmədən belə açıqlama verib

“Bir daha təkrar edirəm: Mütəllibovun komandası Konstitusiya Aktını gecikdirdiyindən oktyabrın 16-da mən qanunvericilik təşəbbüsüylə layihə təqdim etdim”

Source: Specify Source


“Azərbaycan xalqının mübarizəsini aşağılamaq heç kəsə yaraşmaz”

“İlham Əliyev deyir ki, kiməsə minnətdarlıq lazım deyil, tamamilə yersizdir və əlavə edir ki, tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Sonuncu fikir Əliyevin özünə aiddir, yəni tarixi bilmədən belə bir açıqlama verib”.

Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu dövlət başçısı İlham Əliyevin oktyabrın 17-də Füzuli rayonundakı çıxışını Meydan TV-yə şərh edərkən deyib.

İlham Əliyev çıxışında 18 Oktyabrı böyük təmtəraqla qeyd etməyin, kiməsə buna görə minnətdar olmağın tamamilə yersiz olduğunu deyib: “O vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi. Bunu da hər kəs bilməlidir. Biz tarixə ədalətli yanaşmalıyıq. Biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Məndə siyahı var, mən həm sizə, həm də Azərbaycan xalqına bu məlumatı vermək istəyirəm, çoxları, bəlkə də, bilmir. Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdi: 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna – 24 avqust, Moldova – 27 avqust, Qırğızıstan – 31 avqust, Özbəkistan – 1 sentyabr, Tacikistan – 9 sentyabr, Ermənistan – 21 sentyabr, Türkmənistan – 27 sentyabr, Azərbaycan – 18 oktyabr. Bu qədər gözləməyin səbəbi nə idi? Bilirsiniz, mən bu suala cavab bilirəm. Bu, ritorik sualdır. Ona görə, 18 Oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir”.


“İlham Əliyevin çıxışı Heydər Əliyevin də əleyhinədir”

M.Mirəlioğlu hesab edir ki, Əliyevin çıxışı yerində olmayan və müstəqilliyin əleyhinə təhrif edilən fikirlərdir: “Yumşaq desək, doğru olmayan çıxış idi. Həm də İlham Əliyevin çıxışı Heydər Əliyevin də əleyhinədir. Axı mövcud hakimiyyət Heydər Əliyevin siyasi varisi, kursunun davamçısı olduğunu deyir. Bu məsələnin məsləhətçiləri kimdirsə, Azərbaycan müstəqilliyinin əleyhinədirlər, tarixi saxtalaşdırmaqla məşquldurlar və hətta 1991-ci ilin avqustda Moskava məlum QKÇP olayını da unudurlar. Ən əsası şəhidlərimizin ruhuna təhqir, görülən işlərin üstündən xətt çəkməkdir. Müstəqilliyin bərpasında iştirakçı olmayanlar nəyin bahasında olursa olsun onu qaralamaqla məşğuldurlar, amma bu da uzun sürməz, yəqin ki, fikirlərində dəyişiklik edəcəklər. Unutmayın ki, müstəqillik köləyə lazım deyil, kölə heç vaxt müstəqil ola bilməz, bu fikirlər də onun təsdiqidir”.

mirmahmud-f.jpg
Mirmahmud Mirəlioğlu


“Məsələ ondadır ki, o zaman dövlət başçısı Ayaz Mütəllibov…”

Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov Rusiyanın Müstəqillik Aktı haqda sənədi Azərbaycandan əvvəl qəbul etməsi barədə deyilənlərlə razılaşmır:

"Bu tarix məlumdur, hansı respublika suverenlik barədə nə vaxt qərar qəbul edib, bilinir. Rusiya müstəqillik haqda qərarı 1991-ci ilin dekabrında qəbul edib. Burda bir məqam var: 1989-cu ilin 23 sentyabrında Azərbaycan SSRİ Ali Soveti dövlət suverenliyi haqqında qərar qəbul edəndə yalnız Baktikyanı respublikalar belə bir qərar qəbul etmişdi. Rusiya isə suverenlik qərarını 1990-cı ilin 12 iyununda qəbul edib. İkinci, 1991-ci ilin avqustun 21-də Moskvada QKÇP məğlub olandan sonra Ermənistan, Belarus, Ukrayna, Moldova, Orta Asiya respublikaları Müstəqillik Bəyannamələri qəbul etdi. Məsələ ondadır ki, o zaman dövlət başçısı Ayaz Mütəllibov namünasib durumda olduğundan sənədi bir az gecikdirdi və Azərbaycan avqustun 30-da Müstəqillik Bəyannaməsini qəbul etdi. Fərq ondadır ki, həmin respublikalar referendum keçirmək barədə qərar qəbul etdilər. Bizim Müstəqillik Aktında yazıldı ki, Ali Sovet Konstitusiya Qanunu hazırlasın, yəni referendum barədə qərar qəbul olunmadı. Ona görə də "Müstəqillik haqqında" Konstitusiya Aktı oktyabrın 18-də qəbul edildi. Bir daha təkrar edirəm: Mütəllibovun komandası Konstitusiya Aktını gecikdirdiyindən oktyabrın 16-da mən qanunvericilik təşəbbüsüylə layihə təqdim etdim. Həmin gün hökumət də layihə verdi və ikisinin üzərində işlənildi. Biz tərəfdən layihəni hüquqşünas Fuad Ağayev hazırlamışdı”.

etibar.jpg
Etibar Məmmədov


“SSRİ-də yaşayan xalqlar öz azadlıqları uğrunda mübarizə aparmasaydılar, imperiya dağılmazdı”

Milli Strateji Düşüncə Mərkəzinin sədri, istiqlalçı deputat İsa Qəmbər Əliyevin səsləndirdiyi yanaşmanı dəfələrlə eşitdiklərini bildirib: “Guya SSRİ-nin dağılması qaçılmaz idi və müstəqllik uğrunda xalqların mübarizəsinin, fədakarlığının heç bir önəmi yoxdur. Əgər SSRİ-də yaşayan xalqlar öz azadlıqları uğrunda mübarizə aparmasaydılar, imperiya dağılmazdı. SSRİ müəyyən bir böhran dövrü keçirəcəkdi, sonra tədricən yarımçıq islahatlar, yaxud beynəlxalq iqtisadi məkanda baş verən müəyyən dəyişikliklər olsun, vəziyyət o şəkildə də davam edəcəkdi. Ancaq məhz xalqların öz azadlıqları uğrunda mübarizəsi SSRİ-nin parçalanmasına, çökməsinə gətirdi. Bu gedişatda 6 xalqın mübarizəsini xüsusi qeyd etmişəm, ilk növbədə Baltik xalqlarının. Eyni zamanda, Azərbaycanın, Gürcüstanın və Ukraynanın mübarizəsi xüsusi vurğulanmalıdır. Baltik xalqlarını ayrıca ona görə qeyd edirəm ki, dünyanın onlara münasibəti fərqliydi. Qərb SSRİ-ni bir dövlət olaraq 30-cu illərdən tanısa da, Baltik ölkələrinin işğalını dünya heç zaman qəbul etməyib. Hətta Baltik xalqlarının Günü deyilən bir gün də vardı. Bütün beynəlxalq təşkilatlar Latviyanın, Litvanın və Estoniyanın SSRİ tərəfindən işğalını ilin bir günün qeyd edirdi və həmin dövlətlərin müstəqlliyinin zərurəti vurğulanırdı. Mən isə bunu iki yerə ayırıram: Baltik respublikaları və Azərbaycan, Ukrayna və Gürcüstanın mübarizəsi. Əgər sonuncuların mübarizəsi olmasaydı, Moskva Baltik respublikaların müstəqillyilə razılaşaraq qalan ərazilərin qoruyub saxlamağa cəhd edə bilərdi. Və dünyanın bununla razılaşması da ola bilərdi. Amma 3 ölkədə möhtəşəm xalq hərəkatları elə bir vəziyyət yaratdı ki, SSRİ-nin saxlanılması bütövlükdə mümkün olmadı. Burada da Azərbaycanın rolunu xüsusi qeyd etməliyəm”.

İsa Qəmbər 1989-cu ilin 15 sentyabrında AXC-nin təzyiqi altında o zamankı hökumətin xalq hərəkatının rəhbərliyini Ali Sovetin toplantısına dəvət etdiyini vurğulayıb:

“Həmin iclasda mən çıxış etmişəm, xüsusən Əbülfəz Elçibəy möhtəşəm çıxış edib. Biz əsaslandırdıq ki, Azərbaycanın iqtisadi suverenliyi haqqında qanun qəbul edilməlidir. İkincisi də aydın göstərilməlidir ki, Azərbaycanın qanunları SSRİ-nin qanunlarından üstünlük təşkil etməlidir, əgər qanunlar arasında ziddiyyət varsa. Azərbaycana qədər belə bir sənədi yalnız Estoniya, Latviya və Litva qəbul etmişdi. Bu, özü SSRİ-nin parçalanması üçün hadisə kimi qiymətləndirilə bilər. Eyni zamanda, 1990-cı ilin yanvarında Rusiyanın Azərbaycana hərbi təcavüzü yüzlərlərlə insanın öldürüməsinə, minlərlə adamın yaralanmasına səbəb oldu. 22 yanvarda Ali Sovet AXC-nin təzyiqi nəticəsində qərar qəbul etdi ki, əgər rus əsgərləri respublikanı tərk etməyəcəksə, müstəqilliyimizi bəyan etməli olacağıq. Hələ o zaman müstəqil ekspertlər də bizimlə yanaşı qeyd edirdilər ki, 20 Yanvar faciəsindən sonra SSRİ-nin bütöv qalması mümkün deyil. SSRİ dağılandan sonra bu barədə danışan alimlər, mütəxəssislər xalqların mübarizəsini, o cümlədən, Azərbaycanın istər 1989-cu il qərarını, istərsə də yanvar hadisələri nəticəsindəki seçimini xüsusi qeyd edirlər. Yəni bütün bu hadisələr SSRİ-nin dağılmasını şərtləndirən amillərdir və bu, tarixi-elmi gerçəklikdir”.

İsa Qəmbər
İsa Qəmbər


“Həqiqət çox aydındır, onu pərdələmək, üstündən “qara xətt” çəkmək nə mümkün deyil, nə də kimsəyə yaraşmaz”

İsa Qəmbər hesab edir ki, Azərbaycan xalqının mübarizəsini aşağılamaq heç kəsə yaraşmaz: “Müstəqillik yolunda Azərbaycan xalqı şəhidlər verib, fədakarlarlıqlar göstərib. Bunların üstündən xətt çəkib, “bunlar əhəmiyyətsizdir, SSRİ onsuz da dağılacaq” demək həm tarixi həqiqətə qarşı getməkdir, həm də Azərbaycan xalqının azadlıq uğrunda fədakar mübarizəsini heçə saymaqdır. Bu, qətiyyən düzgün deyil və perspektivi olmayan fikirdir. Nə dünya elmi belə yanaşmanı qəbul edər, nə də Azərbaycan xalqı öz mübarizəsinin üstündən xətt çəkilməsini yaxın buraxar. Hətta 44 günlük savaşda xalqımızın, ordumuzun qəhrəmanlığı da istiqlal mübarizəsinin davamı kimi qiymətləndirilməlidir. Biz Birinci, İkinci Qarabağ müharibəsi deyirik, yaxud 44 günlük savaş, bunlar özü-özlüyündə doğrudur, ancaq bu savaşlar Azərbaycanın istiqlal uğrunda mübarizəsinin tərkib hissəsisidir. 44 günlük savaşda da xalqımızın əldə etdiyi uğurlar istiqlal uğrunda mübarizənin çox şərəfli səhifələrindən biridir. Eyni zamanda, Azərbaycanın 1991-ci ildə müstəqil olmasının yaratdığı imkanlardan istifadə edilməsidir. Bu baxımdan həqiqət çox aydındır, onu pərdələmək, üstündən “qara xətt” çəkmək nə mümkün deyil, nə də kimsəyə yaraşmaz”.

Azərbaycan Milli Məclisinin ötən həftəki

toplantı

sında mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Həmin günlər hər il bayram kimi qeyd olunacaq.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Prezident İlham Əliyev oktyabrın 17-də məlum çıxışı zamanı Milli Məclisin onun təşəbbüsü ilə qanunda dəyişiklik etdiyini

söyləyib

: “Mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu və bunu hər kəs bilməlidir”.

Ana səhifəSiyasətMirmahmud Mirəlioğlu: İlham Əliyev tarixi bilmədən belə açıqlama verib