Miqrasiya Məcəlləsinə dəyişiklik ediləcək

Əcnəbilərə Azərbaycanda yaşamaq icazəsinin verilməsi üçün sənədlərin sayı azaldılır

Source:


Əcnəbilərə Azərbaycanda yaşamaq icazəsinin verilməsi üçün sənədlərin sayı azaldılır

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilir.

Miqrasiya Məcəlləsinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədləri tənzimləyən 53-cü maddəsinə dəyişiklik ediləcək. Təklif edilən dəyişiklik layihəsi qəbul olunduqdan sonra tələb edilən sənədlərin sayı azalacaq.

Layihəyə əsasən, bundan sonra ailə tərkibi haqqında arayış, nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri tələb olunmayacaq.

Bundan başqa, iş icazəsinin verilməsi üçün Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti tələb edilməyəcək.

Milli Məclisin növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək. İclasın gündəliyinə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Cinayət Məcəlləsinə cəzaların humanistləşdirilməsi üzrə əlavə və dəyişikliklər layihəsi də daxildir.

Layihədə yeni cəza növünün – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.

Həmçinin iclasda Cinayət, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrə, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə – Hüquq Şurası haqqında” və s. qanunlara dəyişiklər, o cümlədən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi də nəzərdə tutulub.

Ana səhifəXəbərlərMiqrasiya Məcəlləsinə dəyişiklik ediləcək