Minsk qrupunun həmsədri hesabat verəcək

Əli Abbasov: “Hesabat əvvəlki bəyanatlardan fərqlənməyəcək”

Elxan Şahinoğlu: “Son bir ildə Uorlik müəyyən yeniliklər ortaya qoydu ki, bunlar Azərbaycanın maraqlarına cavab verir”

Source:


Əli Abbasov: “Hesabat əvvəlki bəyanatlardan fərqlənməyəcək”


Elxan Şahinoğlu: “Son bir ildə Uorlik müəyyən yeniliklər ortaya qoydu ki, bunlar Azərbaycanın maraqlarına cavab verir”

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bu gün Viyanada münaqişə ilə bağlı aparılan vasitəşilik səyləri ilə bağlı hesabat verəcək. Modern.az-ın verdiyi məlumata görə, o, bu haqda öz Tvitter mikrobloqunda bildirib: “Bu gün ATƏT-in Minsk qrupunun zorakılıq və vasitəçilik səyləri haqqında hesabat vermək üçün Viyanadayam. Bizə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün prioritet lazımdır”.

Həmsədrin fikirlərini Meydan TV-yə şərh edən professor Əli Abbasov güman edir ki, hesabat əvvəlki bəyanatlardan fərqlənməyəcək: “Problem ondadır ki, həmsədrlər tərəflərə özləri həll yolunu axtarmaq təklifini veriblər. Onların sonuncu açıqlamasında bildirilib ki, qarşı tərəflər özləri həll variantlarını axtarmalıdırlar. Yəni prezidentlər, yaxud XİN rəhbərləri tərəfindən yeni təkliflər olmalıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ceyms Uorlikin hesabatı əvvəlki amerikalı həmsədrlərin hesabatlarından keyfiyyətcə fərqli olacaq: “Çünki son bir ildə Uorlik müəyyən yeniliklər ortaya qoydu ki, bunlar Azərbaycanın maraqlarına cavab verir. Məhz o dedi ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq lazımdır. Ötən il cənab Uorlik 6 maddəlik təkliflər paketi irəli sürdü və bunların 5-i Azərbaycanın xeyrinə idi. Təkliflər mərhələli həll variantını ehtiva edirdi ki, ilk öncə Qarabağ ətrafı işğal olunmuş rayonlar boşaldılmalı, məcburi köçkünlər geri dönməli, kommunikasiya xətləri açılmalıdır. Sadəcə, təkliflərin bir müddəası mübahisəli idi, Dağlıq Qarabağ üçün aralıq status müvəqqəti olmalıdır. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Səbəb statusun müəyyənləşməsidir, statusun müəyyənləşməsi isə Ermənistanın xeyrinədir. Bütün hallarda Uorlikin yanaşmalarında yeniliklər var və o, girov götürülən iki azərbaycanlının qaytarılması barədə danışdı”.

Sadaladıqlarına əsasən Elxan Şahinoğlu ümid edir ki, Ceyms Uorlikin hesabatında pozitiv məqamlar yer alacaq. Sadəcə, Ermənistana təsir və təzyiqlər görünmür: “Bax, bu məqamlar hesabatda necə yer alacaq, bu, mənim üçün müəmmalıdır. Qərb ekspertləri birinci mərhələdə Qarabağ ətrafındakı rayonların boşaldılmasını deyirlər, amma bu, baş vermirsə, mexanizmini göstərməlidirlər. Ümid edirəm ki, hesabatda prosesi hərəkətə gətirən mexanizm göstərilməlidir, yəni, ilk növbədə, hansı addımlar atılmalıdır və Ermənistandan hansı qərarlar gözlənilməlidir”.

Ana səhifəXəbərlərMinsk qrupunun həmsədri hesabat verəcək