Minimum əməkhaqqı və pensiya artıb

Foto: By Matej Kastelic/Shutterstock

“345 manat, görəsən, kimin ağlının məhsuludur”

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də 2023-cü ildə minimum aylıq əməkhaqqının məbləğinin 345 manat olması ilə bağlı qərar verib.

Artım 15 faizdir, daha öncəki məbləğ 300 manat olub.

Bu artım isə 700 min nəfəri əhatə edəcək.

Bu il üçün müəyyən olunan yaşayış minimumunu isə 246 manatdır.

Minimum pensiya isə 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Bu, 16,7 faiz artım deməkdir. Daha öncəki məbləğ 240 manat olub. Artım 100 minədək pensiyaçını əhatə edəcək.

Minimum pensiyanın və əməkhaqqının artması hər kəs üçün sevindirici xəbərdirmi?

İqtisadçı Fərid Mehralızadə deyir ki, Azərbaycanda pensiya sisteminin qəribəliyinə görə, bu xəbər heç də hər kəs üçün sevindirici deyil. Xüsusilə əmək müqaviləsi ilə çalışanlar üçün. Çünki minimum pensiyanın artması minimum pensiya kapitalının da artması deməkdir:

Fərid Mehralızadənin şəxsi arxivindən

“Belə ki, Azərbaycanda 65 yaşa çatmaq hələ pensiya almağa imkan yaratmır. Bundan əlavə, ya 25 il iş stajı, ya da minimum pensiya kapitalı tələb edilir. Müvafiq qanuna görə, minimum pensiya kapitalı minimum pensiyanın 144 qatına (12 il) bərabərdir. Yəni əgər bugünkü sərəncama qədər sizdən işlədiyiniz dövr ərzində ən azı 34.560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, artıq bu rəqəm 40.320 manata yüksəlmiş olacaq. Bu səbəbdən indi işləyənlərin heç biri pensiyaya çıxdıqda nə qədər kapital toplamalı olduğundan əmin deyil”.

“Azərbaycanda pensiya sistemi cəlbedici deyil”

İqtisadçı bildirib ki, məhz bu cür qəribə yanaşmalara görə Azərbaycanda pensiya sistemi cəlbedici deyil və insanlar boş yerə vergiyə pul itirməmək üçün qeyri-rəsmi işləməkdə maraqlı olurlar. Ona görə də sosial siyasətin effektivliyini artırmaq üçün Azərbaycandakı pensiya sistemində ciddi dəyişikliklər etməyə ehtiyac var:

“Minimum əməkhaqqının artması isə həm də VÖEN-lə işləyənlərin xərcini artıracaq. Bir çox sahədə çalışanların DSMF ödənişləri 75 yox, 86.25 manat olacaq. Eyni zamanda, icbari tibbi sığorta ödənişi də, 12 manatdan 13.80-ə yüksələcək”.

Görünür, uzun müzakirələrdən sonra gec də olsa, qərar veriblər”

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, artım, adətən, təqvim ili dəyişməmiş edilir, lakin bu il görünür, uzun müzakirələrdən sonra gec də olsa, qərar veriblər:

Qubad İbadoğlu
Mənbə: Meydan TV

“Amma bir daha bəyan edirəm ki, Azərbaycanın üzv olduğu Avropa Sosial Xartiyası qarşısında götürdüyü öhdəliyə görə, ölkədə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizindən yüksək olmalıdır. Bu isə o deməkdir ki, minimum əməkhaqqı ən azı 500 manat təşkil etməlidir. Heç olmazsa, 350 edərdilər, görəsən, 345 manat kimin ağlının məhsuludur? İşləyənlərdən 5 manatı da kəsməyi qənimət biliblər”.

“Maaşları tarif dərəcələri ilə ödənənlərə təsir göstərəcək”

İqtisadçı bildirib ki, minimum əməkhaqqının artımı maaşları tarif dərəcələri ilə ödənənlərə təsir göstərəcək.

Bundan əlavə, minimum əməkhaqqı saata görə müəyyənləşdirilməlidir:

“Bundan sonra bu göstərici 1 saata 1 manat 76 qəpik edəcək, vergilərdən sonra təxminən 1 dollar”.

Ana səhifəSosialMinimum əməkhaqqı və pensiya artıb