Cinsi yolla çoxalan bitkilərin əksəriyyətinin necə artmasını bizə Botanika fənnindən öyrədiblər. Dişicik mayalanır, içində rüşeym əmələ gəlir. Sonra isə əslində adi, amma mənə həmişə qəribə gələn bir şey baş verir. Dişicik – ana dönüb meyvə olur. Yəni dişiciyin əsas hissəsi böyüyür, meyvəyə çevrilir, içəridəki toxumlar – balalar isə məhz bu meyvəni – öz analarını yeyərək, böyüyürlər, torpaqdan baş qaldırıb dünyaya gəlirlər. Bitkilərdə belədir – ana balasının dünyaya gəlməsi üçün ölür, bala ilk günlər yalnız bu “meyit”i yeyərək yaşaya bilir.
Bəs bizdə? Heyvanların kökü bitkilərdən gəldiyindəndir, ya nədəndirsə, elə bizdə də anaların fədakarlığının şahidi oluruq. Son illərdə həbs olunan gənclərin əksəriyyətinin anaları çıxıb kamera qarşısına müsahibələr verib, elə-hey danışıblar, övladlarını müdafiə ediblər, özlərini də övladlarının mübarizəsinin tərkib hissəsində görüblər, qorxmadan diktatordan tutmuş onun bütün qulbeçələrinə kimi hamıya meydan oxuyublar. Atalar bu işdə analara həmişə uduzublar.
Maraqlı burasıdır ki, mübarizə aparan insanların əksəriyyəti kişi cinsindəndir. Bu alovlu çıxış edən anaların gənc olduğu dövrdə də elə idi. Sovet dövründən tanıdığımız dissidentlərin neçə faizi qadın olub?! (ən azı Brejnevin dövründən) Amma xeyli kişi mübarizə aparıb, tutulub. Bəs o kişilərin bacıları harada idilər?
Mənim gördüyüm mənzərə budur – qadınlar elə bitkilərdə olduğu kimi susurlar, sakitcə özlərini qurban edirlər, övladları isə onları yeyərək, irəliləyirlər, mübarizə aparırlar – yaşayırlar.
O gün Qiyasın anası danışırdı. Oğlunun yanında idi, rejimin də qarşısında – nə qədər bacarırsa, o qədər. Qiyas kimi mübarizə aparıb həbs olunan gənclərin yaşıdları olan qızlar nə edir bəs? Məncə, sakitcə gözləyirlər. Onların da uşaqlarının həbs olunacağını, döyüləcəyini, öldürüləcəyini və o zaman bütün bədənləri ilə bitkilərin dişiciyi kimi övladlarına sərf olunacaqlarını gözləyirlər.
Bu yazını nə kimisə tərifləmək, nə də qınamaq üçün yazıram. Həmişə qadın hüquqlarından yazmışam, qadınlarla kişilərin hüquqca bərabərliyinin radikal tərəfdarıyam. Ona görə də bu mənzərə istər-istəməz diqqətimi çəkir. Ən azı bizim ölkədə qadınların əksəriyyəti – kişilərdən daha çoxu susurlar, həlledici anda isə özlərini qurban verirlər – sakitcə, sanki on illərdir buna hazırlaşırmışlar kimi, başlarını dik tutub divarın əksinə gedirlər.
Bilmirəm, bunun gələcək üçün xeyri olacaq, ya yox. Sadəcə onların bu sakit qətiyyətləri çoxdan, lap çoxdan var kimi gəlir mənə. Hələ kişilərin qadınları əzməyə başladığı, o matriaratın dağılmağa başlandığı min illər öncədən. Müharibələri, soyqırımları və daha nə qədər iyrənclikləri törədən insanların 99%-i kişilər olub. Qadınların nə onların qarşısını almağa gücü çatıb, nə dinməyə səsləri. Bəşəriyyətin bu yarısı əksər vaxt sadəcə susub. Amma içlərindəki o təkamül enerjisi bəzən ortaya çıxıb. Adətən övladlarına qarşı haqsızlıq olanda. Min illərin gizli bir ənənəsi imiş kimi susaraq ötürülən sirri bəyan edircəsinə çıxıblar kameranın qabağına, deyiblər ki, “Mənim oğlum nə edirsə, düz edir. Mən onunlayam. Mən onunla fəxr edirəm”.
Oğullar da bu dəstəklə davam ediblər, dəyişikliklər ediblər, bəzən elə qadınların səsini də boğublar… Hər nə ediblərsə, ediblər. Amma bəşəriyyətin bütün proqresinin arxasında daim əzilmiş, boğulmuş qadın iradəsi, qadın səsi, onların sakit təmkini görünür.