Son üçgünlük savaş zamanı nələr baş verdi?
Ölkənin başlıca problemlərindən biri də siyasi savadın yetərincə olmamasıdır. Məhz buna görə də ictimai rəyi yönəltmək olduqca asandır. Ölkə vətəndaşı populist addımları təhlil edə bilmir və az qala bütün problemləri unudaraq, yeni imiclə qarşısında daynanan siyasətçini “xilaskar” kimi dəyərləndirə bilər. Son üçgünlük savaş zamanı da belə hallar yaşandı. Bütün bunlar siyasi maarifin gücləndirilməsini tələb edir.
Bu gün Azərbaycanda hamı demokratiyadan danışır. Lakin demokratiyaya münasibət də fərqlidir. Bəziləri “şəxsiyyətin rolu”ndan, digərləri isə qanunların diktaturasından dəm vurur. Hər iki tərəf mübahisə edir. Birincilər şəxsiyyətə pərəstişi demokratiya adlandırır, digərləri isə qanunların sərtliyi və hökmranlığını xoşbəxtliyin açarı olduğunu düşünür. Bu zaman məlum olmur ki, hansı qanunların diktaturasından söhbət gedir.
Əgər qanunların diktaturasından söhbət gedirsə, öncə ideal qanunlar və ədalətli hakim korpusunun olmasına çalışmalıyıq. İlk öncə ölkədə hüquq sisteminin islahatları aparılmalıdır. Bu gün Azərbaycanda hakimlər icra aparatından asılı, prokurorluq “demokratiya dərsləri”nə hazır deyilsə, hansı qanunun diktaturasından danışmaq olar?
Azərbaycan hüquq-mühafizə sisteminin müstəntiqləri bütün təqsirləndirilənlərə təzyiq göstərirsə, diktatura arzulamaq (qanunun və ya şəxsiyyətin, fərqi yoxdur) nə dərəcədə məntiqə uyğundur ?
Azərbaycan vətəndaşı bu gün bir çox qanuna möhtacdır. Belə olan halda, qanunların diktaturası istər- istəməz özbaşınalığa səbəb ola bilər. Bir çox ölkələrdə qeyri-normal qanunlar diktaturası polis rejiminin qurulması ilə sonuclanıb.
Qanunlarda olan boşluqlar elə bir şərait yarada bilər ki, vətəndaşlar “dəmir əl” arzusu ilə alışıb – yana bilər.
Qanun diktaturası isə ona gətirib çıxarar ki, ölkədə nə qanun olar, nə də demokratiya. Qanun olmayan yerdə isə diktatura olur.
Diktaturanın nə demək olduğunu isə hamı bilir, qanunun nə demək olduğunu da hamı dərk eləyir, lakin çox az adam “qanun diktaturası”nın nə olduğunu başa düşür.
Kriminaldan əziyyət çəkən, məmur özbaşınalığından cana yığılan təbəqə isə ən azı “qanun diktaturası” ilə problemlərinin həllinə ümid bəsləyir. Bu, yalançi xəyalpərvərlikdən başqa bir şey deyil.
İdarəetmənin özündə dəyişiklik olmasa, qanunlar işləməsə, heç bir diktatura müsbət dəyişikliyə gətirib çıxara bilməz.
Bizə “qanun diktaturası” yox, qanunlara əməl olunması gərəkdir.
Bu gün Azərbaycanda avtoritar rejim mövcuddur. Avtoritarizm şəraitində mülki cəmiyyətin ümumi etikası çərçivəsində siyasi etika yaranmağa başlasa da, bilavasitə demokratiyaya keçid mümkün olmur. Çünki belə şəraitdə hakimiyyətin nəzarətindən kənarda ondan asılı olmayan qruplar, əks fikirlilər meydana gəlir. Keçid dövründə bu qruplar dövlətlə dialoqa girir. Düzdür, dialoq hələ eynihüquqlu olmur. Dövlətin, siyasi hakimiyyətin rolunun şişirdilməsinin, dövlət ideologiyası monopoliyasının sonu çatır. Kollektiv qurtuluş ümidləri puça çıxır. Eyni zamanda, özünümüdafiə mənəvi mexanizmləri əsaslı şəkildə möhkəmlənir. Əvvəlcə hakimiyyətə gəlmək istəyənlərin siyasi təşkilatlarının açıqcasına yaranmasına, təşkilinə dövlət tərəfindən icazə verilir. Bu dövlətin xalqdan ayrılığının aradan götürüldüyünü, xalqın dövlətə, eləcə də siyasi qərarların müzakirəsi və qəbul edilməsinə təsir göstərmək imkanlarını üzə çıxarır. Bu cür dialoq dövlət rejimi üçün nisbətən sakitcə yeniləşməyə, legitimliyə şans verir.
Dövlətin monopoliyaya çevrilmiş mülkiyyətdən ayrılması prosesi nəzərə çarpır. Çoxukladlı, qarışıq iqtisadiyyat yaranmağa başlayır.
Çətinliklə olsa də, dövlətin iqtisadiyyatdan və mənəvi fəaliyyətdən ayrılması başlayır. Siyasi institutlarda münaqişələr leqallaşır. Münaqişəli idarəetmə yaranır, başqa sözlə, əhalinin müxtəlif təbəqələrinin, əlbəttə, onların nümayəndəliyindən asılı olaraq maraqlarının hesaba alınması nəzərə çarpır.
İctimai həyatın dövlətsizləşdirilməsi iqtisadiyyatı, mədəniyyət və mənəviyyatı mülki cəmiyyətin ayrılmaz hissələrinə çevrilir. Düzdür, hələlik güclü, müxalifətdə olan siyasi qüvvələrin formalaşması, azad həmkarların, azad kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait olduqca azdı. Siyasi fəaliyyət üçün hüquqi baza işlənib hazırlanmayıb. Prinsip etibarilə bu dövrdə hakimiyyətin avtoritarizmi “demokratik” xarakter kəsb edir. Onun fəaliyyəti, atdığı addımlar siyasi etika dəyərlərinin toplanması prosesinin qarşısını vaxtaşırı alır və ya onlara kömək edir. Ancaq bir qayda olaraq, söhbət ziddiyyətli qərarların qəbul edilməsindən – siyasi etikanın tələb etdiyi məhdudiyyətlər çərçivəsindən kənara çıxmaq təşəbbüslərindən gedir.
Digər tərəfdən, dövlət rejimi dövlətçiliyin sarsılmasının, sosial ehtiraslar və gərginliyin artmasına gətirib çıxaran ekstremist qüvvələrin qarşısını alır. Ona görə ki, ictimai həyatın dövlətsizləşdirilməsinin sürətlənməsi cəmiyyətin sosial strukturunun mürəkkəbləşməsinə gətirir, maraqların qütbləşməsinə, münaqişələrinin artması müşayiət olunur, dövlət strukturlarının və mənəvi qaydaların pozulmasıyla nəticələnir. Bu iki tərəf keçid dövründə siyasi liderlik xüsusiyyətləri vasitəsi ilə paradoksal şəkildə əlaqələndirilə bilər. Elə siyasi sistemin demokratikləşməsinə kəskin ehtiyac duyulur. Bu ehtiyac hər şeydən əvvəl hakimiyyət piramidasının zirvəsində avtoritarlığı qüvvətləndirməklə (güclü hakimiyyət problemi), həm də hakimiyyətin dövləti tam ələ keçirməsi əleyhinə təminat yaratmaq məqsədilə dövlət funksiyalarının aşkarlıq şəraitində həyata keçirilməsi sistemini gücləndirəndə, cəmiyyətin qəbul olunmuş qaydalardan uzaqlaşmasını, onun axtarışlar və azadlıq axtarmağa hazır olması qətiyyətini möhkəmləndirəndə yaranır.
İndi isə kütləvi şüurun transformasiyasına nəzər salaq. Yeni hakimiyyət sisteminə keçid bilavasitə əvvəlki rəsmi məmnunluq, razılıq, xüsusi adətlərə yenidən baxılması ilə bağlı olur. Razılılıq şüurunun maddi bazasının nisbətən davamlılığı tərəddüdlü razılaşma hissi qəbul edilən həyati təcrübə ictimai əhval-ruhiyyənin ən yaxşı indikatorudur. Əslində isə əsas ümidlərin həyata keçirilməsi prosesində istehlak mürəkkəblikləri artır. Tez-tez narahatlıq tutmaları özünü göstərir. Razılıq səviyyəsi ilə qazanclar səviyyəsinin istehlakçılıq imkanlarından birbaşa asılılığını qeyd etməklə situasiyanı sadələşdirmək lazım deyil.
Bununla belə, ekstensiv sosialist iqtisadiyyatı və nəzərdən qaçırılmış imkanlar həyati standartların saxlanılmasına yönəldilmiş fəaliyyəti mürəkkəbləşdirir, çətin vəziyyətlərə uyğunlaşma prosesini ləngidir. Qəbul edilmiş həyati idealların yararsızlığı problemi ortaya çıxır. Başqa sözlə desək, ikinci eşalondakı razı qalanlar, yarımistehlakçı mövqedən çıxış edənlər arasında da çətinliklər yaranır, əmək intizamının aşağı səviyyədə saxlanılması şərtilə onlar kifayət qədər az təminata (əmək haqqı üstəgəl yardım, mükafat, hardasa, nəyisə çırpışdırmaq) üstünlük verirlər.
Razılıq, məmnunluq eroziyası ictimai mənəviyyatın acınacaqlı vəziyyətini, kriminal mühitin güclənməsini, bir növ kollektivləşmənin fərdi lazımsızlıq hissini qabarıq şəkildə büruzə verir. Bir çoxunda isə cəmiyyət üçün yararsız, yad element olma hissi güclənir.
Bütün bunlar cəmiyyətin həm reformasiyası üçün, həm də onun xaos, hərc-mərclik vəziyyətinə düşməsi üçün hazırlıq mərhələsi kimi başa düşülə bilər.
Hər şey öz mənliyini itirmiş məmnun şüurun nəyə inanmasından, həmçinin, məmnun şüurun tənqidlərindən asılıdır. Ziyalıların məhdud bir qrupu bu şüuru demokratiya, insan hüquqlarına və özgəfikirliliyə hörmət mövqeyindən tənqid edirlər. Digər qrup isə bu mövqeyi fərdiliyin milliliyə tabeliyi zərurətindən tənqid edir. Lakin millilik müəyyən mərhələdə demokratiyaya zidd olan avtoritarizm ilə pərdələnə bilər. Yazıçı Əkrəm Əylisliyə qarşı aparılan sırf avtoritar yanaşma da məhz millilik ilə pərdələnib…