“Azərbaycanda sərbəst toplaşmaq azadlığı ləğv olunub”
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanda sərbəst toplaşmaq azadlığının ləğv olunduğunu bildirir.
Bu barədə Milli Şuranın aprelin 22-də yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda müxalifətin mitinqinə sonuncu dəfə 2019-cu ilin yanvarında razılıq verildiyi vurğulanıb:
“Ondan sonra Milli Şura və AXCP-nin bütün mitinq müraciətləri müxtəlif bəhanələrlə rədd edilib, keçirilən razılaşdırılmamış aksiyalar isə sərt polis zorakılığı ilə dağıdılıb. Hər belə aksiya cəhdində yüzlərlə iştirakçı saxlanılıb və işgəncələrə məruz qalıb. Bununla belə Milli Şura vətəndaşların mitinq hüququnu təmin etmək istəyindən geri çəkilməyib”.
Milli Şura bəyan edir ki, 2024-cü ildə parlament seçkilərinin keçirilməli olduğunu da nəzərə alaraq, mitinqlərə yenidən cəhd etmək qərarı verib:
“Hakimiyyət isə mitinqlər üzərindəki qadağanı təəssüf ki, hələ də götürmək niyyətində görünmür. Milli Şura bu il 21 aprel tarixində mitinq keçirmək istəyi ilə artıq bir dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, lakin imtina cavabı alıb. Milli Şura situasiyaya uyğun olaraq, 5 may tarixinə yenidən mitinq təyin edib”.
“Milli Şura hakimiyyətdən tələb edir ki, insan hüquq və azadlıqları, o cümlədən mitinq və nümayişlərlə bağlı ölkə Konstitusiyasının müddəalarına əməl etsin, repressiyaları dayandırsın, siyasi məhbusları azadlığa buraxsın, mitinq və nümayişlər üçün Bakı şəhərində və regionlarda müvafiq şərait yaratsın. Milli Şura bir daha xatırladır ki, qarşıdan növbəti parlament seçkiləri gəlir. Belə mühüm bir ərəfədə hakimiyyətin insan hüquq və azadlıqlarına düşmən münasibəti davam etdirməsi, həbsxanalarda 300 nəfərə qədər siyasi məhbusun saxlanılması, müstəqil media və jurnalistika, vətəndaş cəmiyyəti adına nə varsa, hamısına divan tutulması nəticə etibarilə ölkəni daha ağır beynəlxalq təcridə sürükləmək, hakimiyyəti ünvanlı sanksiyalarla üz-üzə qoymaq deməkdir”,– deyə Milli Şura bildirir.
Bəyanatda vəziyyət yaxşılığa doğru dəyişməsə, növbəti parlament seçkilərinin də repressiv və rəqabətsiz mühütdə keçiriləcəyi, nəticələrin yenə saxtalaşdırılacağı və xalqın iradəsini ifadə etməyəcəyi vurğulanır:
“Məhz bu neqativ perspektivin qarşısını almaq üçün Milli Şura siyasi məhbuslara azadlıq, seçki islahatları, Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamaq, uşaqpulu verilməsi və başqa sosial islahatlar aparılması, Rusiya ordusunun ölkəmizdən tam çıxarılması, nəhayət, ölkənin quru sərhədlərinin açılması tələbləri ilə mitinqlərə başlamaq niyyətindədir. Milli Şura 21 aprel tarixinə təyin etdiyi mitinqə hakimiyyətin razılıq verməməsini Konstitusiyanın pozulması kimi bir daha şiddətlə mühakimə edir və 5 may tarixinə təyin etdiyi mitinqə razılıq verilməsini tələb edir”.
Milli Şura beynəlxalq ictimaiyyətə, xüsusilə də ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avropa Şurası və ATƏT-ə çağırış edib:
“Azərbaycan hakimiyyətilə hər bir yüksək səviyyəli danışıqlarında ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasını, xüsusilə də siyasi məhbusların azad edilməsini, sərbəst toplaşmaq azadlığının təmin olunmasını, azad və rəqabətli seçkilərə şərait yaradılmasını, azad mətbuatın, vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan verilməsini və birləşmək azadlığının təmin edilməsini açıq müzakirə etsinlər”.
Bəyanatda xalqa çağırış da yer alıb:
“Azərbaycan xalqı hüquq və azadlıqlar uğrunda mübarizənin ağırlığını hamılıqla daşımalı olduğumuzu nəzərə alsın, mitinqlər üzərindəki qanunsuz qadağasını götürməsi üçün hakimiyyətə ictimai rəyin daha böyük basqısını yaratsın. Meydanları dinc etiraz aksiyaları üçün xalqın üzünə aça bilməliyik ki, ölkədəki ağır siyasi, iqtisadi və sosial problemlərin həlli üçün təsir imkanımız olsun”.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə rədd cavabı vermişdi.
Ondan sonra Milli Şura aksiyanı mayın 5-də keçirmək barədə qərar verib.