Milli Şura orduya dəstək mitinqində saxlanılanların azad edilməsini tələb edib

Bəyanatda bildirilib ki, AXCP üzvlərindən başqa aksiyada iştirak etmiş çoxlu sayda sadə vətəndaş və bir neçə ictimai fəal da saxlanılıb.

Foto: Meydan TV


“Qarabağa çağırışı olan aksiyada heç kim tutula bilməz”

Demokratik Qüvvələrin Milli Şurası iyulun 14-də Bakıda orduya dəstək üçün keçirilən mitinqdən sonra saxlanılanlarız azad edilməsi tələbi ilə bəyanat yayıb.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bəyanatda Milli Şura qeyd edib ki, Qarabağ yürüşünün müxalifət və ictimai fəallara qarşı yeni repressiya fürsətinə çevrilməsi acınacaqlıdır.

Milli Şura bəyan edib ki, buna birbaşa prezident İlham Əliyev göstəriş verib.

Bəyanat müəllifləri xatırladıb ki, yürüşün səhərisi günü, iyulun 15-də Nazirlər Kabinetinin iclasında İlham Əliyev həmin yürüş-mitinq barədə geniş danışaraq, aksiyanın sonlarında hakimiyyət orqanlarının hazırladığı şübhə doğurmayan təxribatın məsuliyyətini müxalifətin, konkret olaraq AXCP-nin üzərinə atıb.

“O, hüquq-mühafizə orqanlarına AXCP üzvlərinin hətta sosial şəbəkədəki fəaliyyətlərinə qədər araşdırma aparılmasına göstəriş verib, Milli Şura və AXCP-nin ünvanına ağır ittihamlar səsləndirib, “satqınlar”, “yaramaz ünsürlər”, “Xalq Cəbhəsinin tör-töküntüləri” kimi aşağılayıcı və “Bunların dərsini vermişik, verəcəyik…”, “Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır…” kimi hədələyici ifadələr işlədib. İlham Əliyevin bu direktiv-çıxışından dərhal sonra AXCP-nin 6 nəfər üzvü saxlanılaraq polis idarələrinə və bölmələrinə aparılıb”.

Bəyanatda bildirilib ki, AXCP üzvlərindən başqa aksiyada iştirak etmiş çoxlu sayda sadə vətəndaş və bir neçə ictimai fəal da saxlanılıb.

“Saxlanılanlardan bəziləri sonradan sərbəst buraxılsa da, həbslər davam edir. Azərbaycan Baş Prokurorluğu yanında Ağır Cinayətlər üzrə İstintaq İdarəsində faktla bağlı cinayət işi başlanıb və saxlanılanlardan 3 nəfər haqqında artıq həbs-qətimkan tədiri seçilib”.

Bəyanat müəllifləri bildiriblər ki, aksiyada iştiraka görə saxlanılan AXCP üzvlərindən biri Qarabağ qazisi, partiyanın Rəyasət Heyətinin üzvü, 5 illik siyasi məhbus həyatını yenicə başa vurmuş Asif Yusiflidir. Bu sənəd hazırlanana qədər onunla yanaşı partiya fəallarından Seymur Əhmədzadə, Məhəmməd İmanlı, Elvin Məmmədov, Ramil Tağıyev və Vuqar Əbilov da saxlanılmışdı. Daha 2 nəfər AXCP üzvü – Mətanət Mahmarzayeva və Fərid Əsədov isə 1 gün polisdə saxlanılandan sonra sərbəst buraxılmışdı.

Milli Şura bəyan edib ki, Qarabağı işğaldan qurtarmaq çağırışı ilə meydana çıxan heç kim cəzalandırıla bilməz.

“Yürüş-mitinqdə baş verən təxribatın oradakı minlərlə iştirakçıya, o cümlədən AXCP üzvlərinə heç bir aidiyyatı yoxdur. Milli Şura 14-15 iyul aksiyasına görə saxlanılan AXCP üzvlərinin və başqa günahsız insanların dərhal sərbəst buraxılmasını tələb edir”, – bəyanatda deyilir.

Ana səhifəSiyasətMilli Şura orduya dəstək mitinqində saxlanılanların azad edilməsini tələb edib