Milli Şura: Ölkə vətəndaş qarşıdurmasının bir addımlığındadır

”Azərbaycan olduqca təhlükəli mərhələyə gətirilib”

Source:
Milli Şura
Milli Şura
Milli Şura
Milli Şura


”Azərbaycan olduqca təhlükəli mərhələyə gətirilib”

“Mingəçevir İstilik Elektrik Stansiyasında iyulun 3-də baş vermiş qəzaya görə bütün ölkənin eyni vaxtda qaranlığa qərq olması, hökumətin bu böhranı 2 gün ərzində aradan qaldıra bilməməsi, ardınca Gəncə şəhərində İcra Hakimiyyəti başçısının vurulması ölkədə çox ciddi problemlərin yaşandığını, sabitliyin mövcud olmadığını, idarəetmə mexanizminin normal işləmədiyini bir daha nümayiş etdirdi”.

Bu barədə Milli Şuranın yaydığı bəyanatda deyilir.

Bildirilir ki, xüsusilə son bir həftə ərzində Gəncə şəhərində vəziyyətin gərginləşməsi və iyulun 10-da şəhər İcra Hakimiyyətinin binası qarşısında kütləvi etiraz zamanı 2 nəfər yüksək rütbəli polis zabitinin bıçaqlanaraq öldürülməsi göstərdi ki, Azərbaycan, dəfələrlə xəbərdar etdiyimiz kimi, olduqca təhlükəli mərhələyə gətirilib:

“İqtidarın yarıtmaz siyasəti nəticəsində ölkə vətəndaş qarşıdurmasının bir addımlığındadır. Milli Şura siyasi mübarizədə hər cür zoru qətiyyətlə pisləyir, dinc mübarizəyə, onun uğurlarına inanır, zorakı hərəkətləri, o cümlədən dövlət məmurları və polisə qarşı zorakılığı rədd edir və hər bir vətəndaşımızı belə hərəkətlərdən çəkinməyə çağırır”.

Bəyanatda o da bildirilir ki, həm ölkədəki enerji böhranı, həm də Gəncədə yaşanan gərginlik, əslində, hazırki hakimiyyətin siyasətinin doğurduğu nəticələrdir:

“Ölkədəki irimiqyaslı korrupsiya, hakimiyyətin bacarıqsızlığı, insan hüquq və azadlıqlarının tamamilə məhdudlaşdırılması, görünməmiş həddə ədalətsizlik, haqsızlıq, insanlara öz etirazını hər hansı legitim formada ifadə etməyə imkan verilməməsi, seçki institutunun, parlamentarizmin, müstəqil məhkəmə sisteminin sıradan çıxarılması, azad mətbuatın məhv edilməsi – bütün bu siyasət məhz indiki nəticələri doğurub”.

Bəyanatda deyilir ki, son hadisələr Azərbaycan cəmiyyətində böyük bir gərginlik, iqtidarın siyasətinə qarşı qəzəb olduğunu göstərib:

“Azərbaycan iqtidarı isə öz davranışı ilə nümayiş etdirdi ki, hər hansı böhranı idarə etmək qabiliyyətində deyil, siyasi qüvvə kimi tamamilə tükənib, mövcudluğunu yalnız polisin gücünə qoruyub saxlayır, xalqın qarşısında fiziki güc olaraq dayanır. Milli Şura Azərbaycan vətəndaşlarını ölkədə demokratik dəyişikliklər üçün hamılıqla təşkilatlanmağa, dinc və kütləvi mübarizəyə inanmağa və bu məqsədlə həm AXCP və Milli Şuranın, həm də digər özlərinə uyğun bildikləri istənilən

demokratik qurumun ətrafında təşkilatlanmağa, rejimin demokratik yolla dəyişməsi üçün əllərindən gələni etməyə çağırır.

Bəyanatda Milli Şura Azərbaycan iqtidarına da müraciət edir. Milli Şura hakimiyyəti yürütdüyü siyasətin dalana diərndiyini dərk etməyə çağırıb.

“İndiyə qədər aparılan siyasət Azərbaycan xalqını hiddətləndirib, vətəndaşlarımız çox qəzəblidir, etirazlarını ifadə etmək üçün legitim yollar arayır. Bu formada idarəçiliyin davam edə bilməyəcəyi, bu qədər hüquqsuzluğa, ədalətsizliyə, təbəqələşməyə dözmək fikrində omadığı haqda açıq mesajlar verir. Ona görə də Azərbaycan iqtidarı xalqa qarşı inad göstərməyi dayandırmalı, ölkədə dəyişikliklərin qaçılmaz olduğunu nəhayət anlamalı və demokratik dəyişikliklər üçün ilkin addımlar atmalıdır. Bu məqsədlə siyasi məhbuslar hamılıqla azad olunmalı, mətbuat və sərbəst toplaşmaq azadlıqları bərpa edilməli, insanların ölkənin hər yerində dinc etiraz hüququ təmin olunmalı, yubanmadan seçki və məhkəmə islahatlarına başlanmalıdır. Anlamaq lazımdır ki, bu tədbirlərin ləngidilməsi ölkəni daha ağır fəlakətlərə sürükləyər və bütövlükdə xalqımıza, o cümlədən iqtidar mənsublarına da baha başa gələr. Milli Şura bir daha hakimiyyətdən öz məsuliyyətini anlamağı, xalqın tələblərini qulaq ardına vurmamağı, təcili islahatlara başlamağı tələb edir”.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İES-də bir blokun yanması nəticəsində ölkədə elektrik enerjisinin verilməsi dayandırılıb. İyulun 3-də isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı sui-qəsdə məruz qalıb. İyulun 10-da bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında aksiya keçirməyə cəhd edib. Hadisə nəticəsində iki polis zabiti küt alətlə öldürülüb. Bu hadisələr ölkə ictimaiyyəti tərəfindən müzakirə mövzusuna çevrilib.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.

Ana səhifəXəbərlərMilli Şura: Ölkə vətəndaş qarşıdurmasının bir addımlığındadır