Milli Şura: Ölkə ictimaiyyəti Əlizamin Salayevin başına gətirilənlərə səssiz qalmamalıdır

Milli Şura bildirir ki, Əlizamin Salayevin başına gətirilənlər vətəndaşa qarşı inzibati terrorun daha bir nümunəsi, növbəti dövləti cinayətdir.

Source: Foto: arxiv


Təşkilat AXCP üzvünün həbsi ilə bağlı bəyanat yayıb

“Bu, polis orqanlarında insanlara işgəncə verilməsinə dair birinci hal deyil. Artıq Azərbaycan cəmiyyəti hər il bir neçə dəfə polis orqanlarında ağır işgəncələr, bəzən hətta işgəncədən ölüm halları barədə məlumatlar alır”.

Bu fikirlər Demokratik Qüvvələrin Milli Şurasının (Milli Şura) AXCP fəalı Əlizamin Salayevin polis idarəsində işgəncəyə məruz qalması ilə bağlı yaydığı bəyanatda yer alıb.


Yanvarın 13-də

Bakının Səbail rayonu ərazisində saxlanılan Əlizamin (Zamin) Salayev Bakı şəhəri Səbail Rayon Polis İdarəsində və idarənin 8-ci bölməsində ağır işgəncələrə məruz qalması ilə bağlı məktub yazıb.

30 sutka həbs cəzası almış AXCP fəalı məktubunda yazır https://www.meydan.tv/az/article/reis-dedi-ki-basini-soxun-unitazin-icine/?ref=search:

““İkinci mərtəbəyə qaldırdılar, sola dönəndə tualetin yanında bir otağa saldılar. Bölmənin rəisi gəldi, 20-yə qədər də polis dəhlizdə düzüldü. Məni otaqdan çıxarıb, tualetə apardılar. Video vasitəsilə tualeti yumağa məcbur etmək istədilər. Mən imtina edəndə rəis dedi ki, “döyün”. Qolumu qandalla arxadan bağladılar. Tualetin içində döyməyə başladılar. Rəis dedi ki, “başını soxun unitazın içinə”. Sonra yerə yıxıb, üstümə çıxıb təpikləməyə başladılar. Bir saata yaxın tualetdə döydülər. Bədənimin hər yeri xəsarətdir”.

Məktubda yazılanları bir daha xatırladan Milli Şura bəyanatında deyir:

“İşgəncələrdən Ə.Salayevin vəziyyəti elə ağırlaşıb ki, polislər onu xəstəxanaya aparmalı olublar. Həkimlər onun qarın boşluğunda yırtıq əmələ gəldiyini və təcili cərrahi əməliyyata ehtiyac olduğunu bildiriblər. Lakin polislər onun əməliyyata alınmasına imkan verməyib, ilkin tibbi yardımla kifayətlənməyi tələb ediblər. Daha sonra onu elə ağır vəziyyətdə İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə (Binəqədi təcridxanası) yerləşdiriblər”.

Milli Şura hesab edir ki, Əlizamin Salayev polisin qəzəbinə ictimai maraqları müdafiə etdiyi üçün gəlib:

“O, Salyan Rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi kapitan Həmzə Əzizovun qanuna zidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra polis orqanları ona təzyiq etməyə başlayıb. Kapitan Əzizov özünü Daxili işlər naziri Vilayət Eyvazovun qohumu kimi qələmə verərək, onun əməllərini ifşa etməkdən çəkinməsə, Əlizamin bəyi qohumluq əlaqələrindən istifadə edərək cəzalandıracağı ilə hədələyib.

13 yanvar 2020-ci il tarixdə Ə.Salayev kapitan Əzizovun qanunsuz əməlləri və onu hədələməsi haqda Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Bakıya gəlib və burada artıq deyildiyi kimi, həbs olunub.

Ə.Salayevə təcridxanaya yerləşdiriləndən sonra bir neçə gün ərzində ailə üzvlərilə görüş də verilməyib. Güman ki, buna səbəb onun üzərində işgəncə izlərinin açıq görünməsi olub”.

Milli Şura təəssüflə bildirir ki, neçə illərdir davam edən bu vəziyyətin qarşılığında ölkə rəhbərliyi heç bir adekvat tədbir görməyib, əksinə polis orqanlarını xüsusən də siyasi müxalifətə qarşı cəza alətinə çevirib:

“İctimai-siyasi fəallara və hətta MŞ Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, Tofiq Yaqublu, İbrahim İbrahimli kimi tanınmış siyasi liderlərə belə ağır işgəncələr verilməsi, ciddi bədən xəsarətləri yetirilməsi, eləcə də keçmiş müstəntiq və siyasi məhbus olmuş Rüfət Səfərovun polisdə ağır işgəncələrlə təhdid edilməsi, tanınmış bloqçu və keçmiş siyasi məhbus Mehman Hüseynovun yenə də Səbail polisində qəddarcasına döyülməsi məhz bunun nəticəsidir.

Milli Şura bir daha bəyan edir ki, ölkədə rəsmi qurumların qanunları tapdaması, hüquq mühafizə orqanlarının repressiya və cəza alətinə çevrilməsi bilavasitə dövlət başçısı İlham Əliyevin özündən qaynaqlanır. Polis və başqa dövlət orqanları məhz İlham Əliyevin idarəçilik prinsiplərinə söykənərək, bəzi hallarda isə şəxsi göstərişi əsasında qanunsuzluqlara, anti-insani əməllərə və cinayətlərə yol verirlər”.

Milli Şura bildirir ki, Əlizamin Salayevin başına gətirilənlər vətəndaşa qarşı inzibati terrorun daha bir nümunəsi, növbəti dövləti cinayətdir. Milli Şura bu cinayəti törədənlərin dərhal cəzalandırılmasını tələb edir:

“Milli Şura ölkə ictimaiyyətini Ə.Salayevin başına gətirilənlərə səssiz qalmamağa, kütləvi etiraz və tələblərlə hakimiyyəti işgəncə siyasətindən imtinaya məcbur etmək, konkret halda isə Ə.Salayevə işgəncə verənlərin cəzalandırılmasına nail olmaq üçün səy göstərməyə çağırır. Milli Şura həmçinin demokratik dünyanı və Azərbaycanla qarşılıqlı öhdəlikləri olan beynəlxalq təşkilatları İlham Əliyev hakimiyyətinin repressiya və işgəncə siyasətini durdurmaq üçün nəhayət təsirli tədbirlər görməyə, o cümlədən işgəncə və repressiyalarda iştirakı olan vəzifəli şəxslərə ünvanlı sanksiyalar tətbiq etməyə səsləyir”.

Əlizamin Salayev İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsi (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) ilə ittiham edilib.

AXCP üzvü ittihamı rədd edir, qurama olduğunu söyləyir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xətmətinin rəisi Ehsan Zahidov Əlizamin Salayevin işgəncələrə məruz qalması ilə bağlı məlumatları təkzib edib.

Ana səhifəSiyasətMilli Şura: Ölkə ictimaiyyəti Əlizamin Salayevin başına gətirilənlərə səssiz qalmamalıdır