“Məqsəd Əli Kərimlinin təqib edilməsi üçün zəmin hazırlamaqdır”
Demokratik Qüvvələrin Milli Şurası Xalq Cəbhəsi Partiyasının fəallarının həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti 14-15 iyul mitinqində baş verən hadisələr bəhanəsi ilə AXCP fəallarının həbsini davam etdirir.
“Mitinq başa çatdıqdan sonra hakimiyyətin mümkün təxribatı nəticəsində parlamentin binasına bir qrup şəxs buraxılıb. İndi bu faktdan dövlət başçısının icazəsilə AXCP-yə qarşı repressiya üçün istifadə olunur”, – bəyanatda deyilir.
Bəyanatda saxlanılan şəxslərdən işgəncələr altında partiyanın digər üzvlərinə qarşı yalan ifadələr alındığı vurğulanır. Milli Şura hesab edir ki, məqsəd AXCP sədri Əli Kərimlinin təqib edilməsi üçün “zəmin” hazırlamaqdır.
Milli Şura bildirib ki, saxlanılan və cinayət məsuliyyətinə cəlb edilənlərin çoxu, ümumiyyətlə, 14 iyul aksiyasında iştirak etməyib.
“Həbs edilənlərdən 4 nəfəri – Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli və Fuad Qəhrəmanlı partiya Rəyasət Heyətinin üzvləridir. Onlardan yalnız Asif Yusifli mitinqdə olub və o da heç bir qanunsuz əmələ yol verməyib, parlament binasına daxil olmayıb”.
Bəyanatda qeyd edilir ki, saxlanılanlara qarşı irəli sürülən ittihamlar onu göstərir ki, AXCP-yə qarşı quraşdırılan cinayət işini dövlət çevrilişinə cəhdə qədər ağırlaşdırmaq istəyirlər.
“Hazırda AXCP-yə qarşı aparılan sərt repressiya birbaşa İlham Əliyevin bu partiyanı “düşmən” elan edib, tam sıradan çıxarmaq arzusundan qaynaqlanır”.
Bəyanatda bildirilib ki, siyasi azadlıqları tamamilə boğmağa xidmət edən bu kampaniyanı durdurmaq üçün beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə təzyiq göstərməlidir:
“Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması həm də üzv olduğumuz beynəlxalq təşkilatların öhdəliyidir”.
Milli Şura Azərbaycan xalqını, ölkənin mütərəqqi kəsimini, içində ədalət hissi olan hər kəsi bu sərt repressiya qarşısında AXCP-ya güclü dəstək verməyə, AXCP üzvlərinin saxta ittihamlarla həbsinə ucadan etiraz etməyə səsləyir:
“Dövlətimizin və xalqımızın gələcəyi barədə düşünən hər kəs bilməlidir ki, AXCP-yə qarşı hazırkı məhvetmə əməliyyatı təkcə bir siyasi təşkilatın taleyi ilə bağlı deyil, məhz ümumi gələcəyimizlə bağlıdır”.
İyulun 14-dən 15-ə keçən gecə onminlərlə insan Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tivuz istiqamətində başladığı döyüşlərə etiraz əlaməti olaraq orduya dəstək aksiyası keçirib. Aksiyanın sonunda bir qrup insan parlamentin binasına daxil olub. Əraziyə cəlb edilmiş polis qüvvələri parlamentə daxil olanları oradan çıxarıb, bir neçəsini saxlayıb, parlament qarşısında yığışanları dağıdıb. Aksiyanın səhəri gün Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident
İlham Əliyev
bu işlərin təşkilində AXCP-ni günahlandırıb:
“Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.
İlham Əliyevin bəyanatından sonra AXCP-nin 30-dan çox üzvü saxlanılıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 13 nəfər həbsdə saxlanılır, biri isə polisin nəzarəti altına verilib. Daha 9 fəal inzibati həbs cəzasına məhkum edilib. AXCP Rəyasət Heyətinin üzvü, keçmiş siyasi məhbus Fuad Qəhrəmanlıya qarşı isə hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər maddəsilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
AXCP sədri
Əli Kərimli
Meydan TV-yə müsahibəsində İlham Əliyevin iihamlarını rədd edərək deyib ki, İlham Əliyev son açıqlamalar hər kəsi təəccübləndirdi.
“Çünki bizim tərəfimizdən nəinki təxribatlara, qarşıdurmalara bir bəhanə verilmədi, əslində, başqa ölkələr üçün də nümunə olacaq presedent yaradıldı. Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”.