Zeynəb Xanlarova: ”Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, Türkiyə ilə bağlı ədalətsizliyə etiraz etməlidir”
Milli Məclisin plenar iclasında Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyənin postmonitorinqdən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərarı müzakirə edilib. Spiker Oqtay Əsədov Türkiyənin Avropa Şurasını təsis edən dövlətlərdən biri olduğunu xatırladıb. O, AŞPA-nın bu qərarına tənqidi yanaşıb. Oqtay Əsədovun sözlərinə görə, 13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən postmonitorinqdən monitorinqə keçirilməsi barədə qərar verilib:
“Bununla bağlı bizim AŞPA-dakı nümayəndə heyətimiz sərt çıxış etdi, bu haqsız qərara öz etirazını bildirdi”.
“AŞPA-da Türkiyə, Azərbaycana olan münasibətlərə başqa prizmadan baxılır”
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bildirib ki, Türkiyə ilə bağlı hazırlanan məruzə bütövlükdə qəbulolunmazdır. AŞPA-nın yaz sessiyası əvvəlkindən çox fərqləndiyini deyən deputat vurğulayıb ki, assambleyada ikili standartlar var. O qeyd edib ki, bu problem, xüsusilə də Avropada qaçqın və məcburi köçkünlər artdıqca özünü göstərməyə başlayıb:
“AŞ PA-da belə tendensiyaları bir neçə ildir hiss edirik. Ümumiyyətlə, orada Türkiyə, Azərbaycana olan münasibətlərə başqa prizmadan baxılır. Lakin budəfəki yaz sessiyası bu münasibətlərin pik həddinə çatmasını göstərdi. İclasda Türkiyə ilə bağlı ədalətsiz məruzə təqdim olundu. Məruzə ilə tanış olduqda bunun qəbuledilməz olduğunu görmək mümkün idi”.
S.Seyidov deyib ki, AŞ PA-da Türkiyə ilə bağlı məruzədə PKK terrorçu təşkilat kimi təqdim olunmur:
“Bu, azmış kimi, ötən il Türkiyədə baş verən çevriliş cəhdi terror hadisəsi kimi qiymətləndirilmir. Türkiyənin bütün nümayəndə heyəti – həm iqtidar, həm də müxalifət nümayəndələri AŞ PA-nın qərarının əleyhinə çıxış edərək bəyan etdilər ki, AŞ PA-nın Türkiyənin post-monitorinqdən sonra montorinq altına alınması ilə bağlı qərarı Türkiyəni Avropadan ayırmaq, eləcə də həm Türkiyə, həm də Avropada daha çox problemlərin yaranmasına istiqamətlənən addımdır. Buna baxmayaraq, AŞ PA-nın iclasında Türkiyə nümayəndə heyətinin bəyanatı nəzərə alınmadı”.
AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib. Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
“AŞPA Ermənistana qarşı heç bir ciddi təzyiq mexanizmlərinə əl atmır”
Çıxış edən digər deputatlar da AŞPA-nın Türkiyə ilə bağlı qərarını tənqid edib. ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bildirib ki, AŞPA-nın Türkiyəni yenidən monitorinq altına qaytarmaq haqda qərarı selektiv yanaşmanın açıq təzahürüdür və ciddi əsasa söykənmir. O vurğulayıb ki, ötən ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhdi nə Avropa Şurasının, nə də Avropa İttifaqının rəhbərliyi pislədilər.
“Onlar adekvat addım atmadılar. Dövlət çevrilişinə olan cəhdi qınamadılar. Hərbi çevrilişə cəhd zamanı 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı. İlk dəfə hərbi çevriliş zamanı bir ölkənin parlamenti bombalandı. Avropa Şurası, Avropa İttifaqı bu qədər rəzalətə laqeyd yanaşdı” – deyən deputat AŞPA-nın Türkiyəyə qarşı qərar verməsi çox üzücüdür.
Deputat Qənirə Paşayeva da deyib ki, AŞPA-nın müsəlman ölkələrinə qarşı ikili standartları təəssüf doğurur :
“Avropa Şurasının prinsiplərinə görə, bir üzv ölkə heç bir zaman digər üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz, amma AŞPA-nın üzvü olan işğalçı Ermənistan digər bir üzv ölkə Azərbaycanın torpaqlarını işğalda saxlamaqda davam edir, amma AŞPA Ermənistana qarşı heç bir ciddi təzyiq mexanizmlərinə əl atmır. Eyni zamanda, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana heç bir təzyiq göstərmir. Azərbaycan və Türkiyə AŞPA-nın ikili standartlardan əl çəkməsinin vacibliyini hər zaman AŞPA tribunasından səsləndirir və çağırış edir. Təəssüf ki, qardaş Türkiyəyə qarşı qəbul edilən bu qərar təşkilatda bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini göstərir”.
“AŞPA-nın bir sıra iclaslarını hansısa formada boykot etməlidir”
Deputat Zahid Oruc bildirib ki, Avropa ölkələri türkiyədə terrorçuları hərtərəfli müdafiə edir və onlara bölücük fəaliyyəti üçün şərait yardırlar. O qeyd edib ki, bu gün Strasbruqda AŞPA-nın mənzil qərargahının iki addımlığında PKK-nın mənzil qəaragahının yerləşməsi bunun bariz göstəricisidir:
“Bu, bir daha göstərir ki, Türkiydə bölücülük siaysətinin arxasında dayanan elə Avropa ölkələridir. Ancaq heç kim unutmasın ki, Türkiyənin qədim dövlətçilik tarixi var və bu çətinliklərə sinə gələrək, bunu da geridə qoyacaq”.
Deputat vurğulayıb ki, Türkiyə böyük dövlətdir və Avropa onsuz keçinə bilməz. Z. Oruc təklif edib ki, Azərbaycan nümayəndə heyəti Türkiyə nümayəndə heyəti kimi AŞPA-nın bir sıra iclaslarını hansısa formada boykot etməlidir.
“Avropada 30 dərəcə soyuq havada qaçqın qadınlar, uşaqlar küçələrdə qalırlar”
Deputat Qüdrət Həsənquliyev deyib ki, bu gün Türkiyə haqsız hücumlara məruz qalır. Avropanın öz dəyərlərini üstün tutduğunu deyən deputat qeyd edib ki, Türkiyəyə qarşı ədalətsiz mövqedə hansı dəyələrdən söhbət gedə bilər:
“Təkcə Almaniyanın dövlət büdcəsi Türkiyənin dövlət büdcəsindən 8 dəfə çoxdur. Ancaq Türkiyə öz qapılarını bütün miqrantların üzünə açıb, bir nəfərə belə “yox” deməyib. Əsl insani dəyərlər, qanun aliliyi və demokratiya məhz budur. Mən televiziyadan da izləyirəm, Avropada 30 dərəcə soyuq havada qaçqın qadınlar, uşaqlar küçələrdə qalırlar. Hətta Roma Papası həmin qaçqın düşərgələrini faşizm dövdürndəki ölüm düşərgələri ilə müqayisə edib. Onların hamısı Qərbin yaratdığı müharibələrdən canlarını xilas etmək üçün Avropaya üz tutublar. O qaçqınların əksəriyyəti Suriyadan gələnlərdir. Suriyada müharibəni Türkiyə yaratmayıb, həmin Avropa yaradıb”.
“Avropa hansı ədaləti tətbiq etmək istəyir?”
Deputat Siyavuş Novruzov isə hesab edur ki, AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur:
“Çünki biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq. Bu da növbəti ədalətsiz mövqelərdən biridir”.
“Avropa Ropa Papasından daha artıq xristian olub və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Seçkilərdə 60-70 faiz səs toplayanda da deyirlər ki, bu göstərici çoxdur seçkilər antidemokratik keçirilib, saxtalaşdırılıb. Az səs toplananda deyirlər ki, niyə azdır. Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir?! Türkiyədə elə şərait yaradılmışdı ki, insanların 46 faizindən çoxu layihənin əlayhinə səs vermişdilər. Bu da orada hər kəs üçün yaradılan lazımi şəraitin olduğunu göstərir. Bundan başqa, Avropa hansı ədaləti tətbiq etmək istəyir? Türkiyə ömür boyu terrorizmlə mübarizə aparıb. Avropada bir terror hadisəsi baş verəndə qışqırıqları hər yanı götürür. Avropa ərazisində bir qəzetin redaksiyası partlamışdı ki, hamı onu qınadı. Belə olan halda, bəs niyə Türkiyə ərazisində baş verənləri qınamırlar”.
“Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır”
Xalq artisti, deputat Zeynəb Xanlarova isə Azərbaycan parlamenti adından bu məsələ ilə bağlı Avropa Şurasına müraciət ünvanlanmalıdır:
“Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, Türkiyə ilə bağlı ədalətsizliyə etiraz etməlidir. Biz Türkiyədən ayrı deyilik” – deyə o qeyd edib.