Səməd Seyidov: ”Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub”
“Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır”.
Meydan TV xəbər verir ki, bunu cümə günü Milli Məclisin plenar iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın son sessiyası barədə danışarkən deyib.
O qeyd edib ki, heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz və biz bunu nəzərə almalıyıq.
“Bununla belə, nümayəndə heyəti AŞPA-da fəaliyyətini davam etdirəcək”, – S.Seyidov deyib.
O bildirib ki, AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq, o qədər də asan keçməyib.
“Bu, yalnız Azərbaycanla bağlı hazırlanan sənədlə bağlı deyildi. Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub. Bunun haradan qaynaqlandığı bizim üçün hələ də sualdır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər. Bütün bunlara baxmayaraq, sessiyada Azərbaycan nümayəndə heyəti ölkəni layiqincə təmsil edib”.
Sağlam qüvvələr belə bu insanların girovuna çevrilib
S.Seyidov qeyd edib ki, Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək Azərbaycana qarşı təzyiq etməyə çalışır. O deyib ki, sessiyanın bir neçə günü, demək olar, Azərbaycana həsr olunmuşdu.
“Axı niyə Azərbaycan məsələsi gündəmə gətirilmişdi? Təəssüf ki, Azərbaycana qarşı qəbul olunan qətnamələrin müzakirəsi zamanı əvvəllər iclaslara gəlməyən şəxslər belə bu dəfə toplantıya qatılmışdı. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər. Sağlam qüvvələr belə bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub”.
”Poroşenkonun Bloku”ndan olanlardan başqa bütün ukraynalı deputatlar əleyhimizə səs verdi
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səs verməsinə də toxunub.
“Onu deyim ki, münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar da bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq”.
S.Seyidov həmçinin bildirib ki, ukraynalı deputatların hərəkəti də təəssüf doğurur. “Burada daha çox diqqət çəkən məqam Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsidir. Bilirsiniz ki, Azərbaycan-Ukrayna münasibətləri prezident Petro Poroşenkonun Bakıya səfərindən sonra yüksələn xətt üzrə inkişaf edir. Bu gün o deputatlar Azərbaycan əleyhinə səs verməklə, elə Ukraynanın öz əleyhinə səs verdilər. Orada “Petro Poroşenkonun Bloku”ndan olan deputatlar səsvermədə iştirak etmədilər, digər deputatlar əleyhimizə səs verdilər. Buna təəssüf edirəm”, – deyə S.Seyidov qeyd edib.
Spiker Oqtay Əsədov S.Seyidova Ukrayna ilə bağlı fikirlərinə şərik olduğunu bildirib və Poroşenkon tərəfdarı olan deputatların ümumiyyətlə bitərəf qalıb, səsvermədə iştirak etmədiklərini qeyd edib.
“Bu da, məncə, doğru addım deyil. Biz bu məsələlərə diqqət etməliyik”, – O.Əsədov deyib.
Spiker onu da bildirib ki, Avropanın böyük ölkələri içərisində mindən yuxarı, hətta 1500-dən yuxarı qərarlarını yerinə yetirməyən ölkələr var.
“Yerinə yetirilməyən qərarların cərimələrini də vermirlər. Ancaq Azərbaycanda bir neçə belə qərar var, cərimələri də ödənilir. Yaqland lotoreya oyunu oynayırmış kimi 10 min işin içində əlinin altına Azərbaycanı çıxarıb. Yəni aydındır ki, bu, Azərbaycana qarşı tam ədalətsizlikdir. Əgər bu maddəni (İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 46-cı maddəsindən söhbət gedir) Azərbaycana tətbiq etmək istəsələr, biz Avropa Şurasında qalıb-qalmamaq haqqında fikirləşməliyik”.
Tahir Kərimli: “Biz özümüz Avropa Şurasından çıxmalıyıq”
Deputat Tahir Kərimli isə bildirib ki, əgər Avropa Şurası Azərbaycanı bu qurumdan çıxarmaq niyyətinə düşərsə, biz əks addım atmalıyıq.
“Onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq. Biz bu quruma üzv olarkən müəyyən öhdəliklər götürmüşük və yerinə də yetirmişik. Azərbaycan ölüm hökmünü Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər səbəbindən ləğv edib. Artıq Rusiya İstintaq Komitəsi ölüm hökmünün bərpası haqqında düşünür. Biz Avropa Şurasına daxil olanda həm də düşünürdük ki, bu qurum Qarabağ problemi məsələsində Azərbaycana dəstək olacaq. Ancaq uzun illərdir ki, bu müşahidə edilmir. Əvəzində Avropa Şurası xristian təəssübkeşliyindən çıxış edir. Biz şərq ölkəsiyik və qiyafəmiz Avropasayağıdır. Ancaq Avropa Şurası bizim göy və yaşıl rənglərimizi qəbul etmir. Biz Avropa yox, asiyalıyıq. Heç kiməsə kor-korənə itaət etməməli, kiminsə diktəsi ilə yaşamamalıyıq”.
Milli Məclis sədri Oqtay Əsədov isə deputatın çıxışına cavab verərək deyib ki, əgər Azərbaycan Avropa Şurasına kor-koranə itaət etsəydi, Azərbaycana qarşı belə çıxışlar olmazdı. “Söhbətin kökündə erməni diasporu və Azərbaycana qarşı qərəz durur” – spiker vurğulayıb.
Fazil Mustafa: “İqtisad Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edir, buna Avropa Şurası neyləsin?”
Deputat Fazil Mustafa isə Azərbaycanın Avropa Şurasından çıxmasını təklif edənlərə cavab olaraq deyib ki, biz bu cür çıxışlar zamanı diqqətli olmalıyıq.
“Avropa Şurası bizi üzvlükdən çıxartsa o zaman fakt qarşısında qalıb çıxışlar edə bilərik. Avropa Şurası Azərbaycana qarşı qərəzli ola bilər, amma Azərbaycan heç bir platformada meydanı ermənilərə buraxmamalıdır. Əgər bizi çıxarsalar, o halda öz kursumuzu bəyan etməliyik”.
Deputat məhkəmə sahəsində olan problemlərə də toxunub:
“Faktdır ki, bizdə məhkəmə işlərində müəyyən problemlər var. Mənə bu yaxınlarda bir vətəndaş müraciət etmişdi. Təsəvvür edin ki, Ali Məhkəmə vətəndaşın mülkiyyət hüququnu tanıyaraq mənzilin boşaldılması barədə qərar çıxarıb. Sonra iş icraya yönəldilib. 2 saylı İnzibati İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb və qərarın icrasını dayandırıb. Buna Avropa Şurası neyləsin? Biz özümüz belə xırda məsələlərin nail ola bilmirik”.
Zahid Oruc: “Ermənilər bu fürsətdən istifadə edəcəklər”
Deputat Zahid Oruc bildirib ki, Azərbaycan prezidenti Brüssel sammitində iştirak qərarını verməklə, artıq Avropaya münasibətini ifadə edib:
“Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcəklər. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərədək”.
Spiker Oqtay Əsədov isə bildirib ki, heç kim bu qurumdan çıxmağa hazırlaşmır.
“Biz bu qurumun münasibətindən danışırıq” – deyə, spiker vurğulayıb.
Sonda Səməd Seyidov müzakirələrin nəticəsini ümumiləşdirib AŞPA-ya müraciət göndərmək barədə təklif verib və qəbul olunub.