2015-ci ildə yaşayış minimumu 131 manat, əmək qabiliyyətli əhali üçün 140, pensiyaçı və uşaqlar üçün 108 manat müəyyən edib
Milli Məclisin noyabrın 28-də keçirilən iclasında “2015-ci il üçün yaşayış minimumu haqqında” və “2015-ci ilin ehtiyac meyarı haqqında” qanun layihələri qəbul edilib.
Birinci qanuna əsasən, 2015-ci ildə yaşayış minimumu 131 manat, əmək qabiliyyətli əhali üçün 140, pensiyaçı və uşaqlar üçün 108 manat müəyyən edib. Bu il yaşayış minimumu 125 manat, əmək qabiliyyətli əhali üçün 136, pensiyaçı və uşaqlar üçün 103 manatdır.
Deputatlar ehtiyac meyarına (100 manat) 5 manat əlavə edib.
Xatırladaq ki, ehtiyac meyarının həcmi ünvanlı sosial yardım həcmini müəyyən etmək üçün lazımdır. Onun həcmi ehtiyac meyarı ilə adambaşına gəlir həcmi arasında fərqlə müəyyən edilir. Gəlirləri meyardan az olan ailələr ünvanlı sosial yardım alır.
Milli Məclis 2015-ci ilin büdcə layihəsini də təsdiqləyib.
2015-ci ildə büdcə gəlirləri 19,438 mlrd. manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ildə olduğundan 5,7 faiz çoxdur. Neft Fondundan transfertlər 10 mlrd. 388 mln.manat təşkil edəcək.
Dövlət büdcəsinin gəlirləri 21,1 mlrd. manat və ya 2014-cü ildə olduğundan 5,1 faiz çoxdur. Büdcə kəsiri ÜDM-in 2,8 faizini təşkil edəcək.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, büdcə “sosial istiqamətini” saxlayacaq. Bu xərclərin xüsusi çəkisi 27,6 faiz təşkil edəcək.
Xərclər aşağıdakı qaydada artacaq: ümumdövlət xərcləri 2 mlrd. 46,5 mln. manat, müdafiə 1 mlrd. 778,5 mln. manat, təhsil 1 mlrd. 711,2 mln. manat, sosial müdafiə və sosial təminat 2 mlrd. 40,5 mln. manat, səhiyyə 777,7 mln. manat.
Bununla yanaşı dövlət büdcəsi investisiya istiqamətini də saxlayacaq. Ümumilikdə büdcənin kapital xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 44,4 faizini təşkil edəcək.
Dövlət büdcəsinin layihəsi neftin bir barelə görə 90 dollar hesabı ilə hazırlanıb.