”Kağız imzalamaq, sərəncam verməklə turizm inkişaf etmir”
Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni “Turizm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA yazır ki, qanun layihəsi barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafına diqqət, Azərbaycan prezidentinin bu sahədə gördüyü tədbirlər vaxtı ilə qəbul olunmuş “Turizm haqqında” qanunun yenidən işlənməsini zəruri edib.
8 fəsil 93 maddədən ibarət qanun layihəsində turizm sahəsində fəaliyyət və xidmət növlərinin təsnifatı, ekstremal turizm, kənd-yaşıl turizmi, çimərlik turizmi və digər sahələrlə bağlı qaydalar, tənzimləmələr yer alıb.
Müzakirələr zamanı H. Rəcəbli bildirib ki, Azərbaycan prezidentinin verdiyi tapşırıqlardan irəli gələrək görülən tədbirlər nəticəsində bu yay artıq ölkənin regionlarında turist əlindən tərpənmək mümkün olmayıb: “Bu necə oldu? Təbii ki, cənab prezidentin sərəncamlarının icra olunması buna müsbət təsir etdi. Viza rejimi aradan qaldırıldıqdan sonra bu kimi müsbət tendensiyalar baş verdi. Bu gün Bakıya ərəblərin axını davam etməkdədir. Azərbaycan bu il turizm bumu yaşadı. Bu bir daha sübut etdi ki, son 13 ildə otel biznesi 6 dəfə artmasına baxmayaraq, Azərbaycanda turistlərə yer olmadı”.
2016-cı ilin sentyabrında da prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” sərəncam imzalamışdı.
Sənədə görə, turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə prezidentin Ehtiyat Fondundan 800 min manat ayrılması nəzərdə tutulmuşdu.
Turizm üzrə ekspert Ülvi Həsənli Meydan TV-yə bildirmişdi ki, belə qərarlar əsasən səmərəsiz yerlərə pul sərf etməyə xidmət edir:
“Prezidentin turizmin inkişafı ilə bağlı verdiyi sərəncam, bu günə qədər imzaladığı sənədlərdən heç nə ilə fərqlənməyəcək. Sərəncam imzalanır, pul ayrılır, inkişaf yoxdur. Təkcə turizm deyil, Azərbaycanda müxtəlif sahələr üzrə oxşar sərəncamlar imzalanıb, milyonlarla, milyardlarla pul xərclənib, ancaq mənzərə göz qabağındadır. Ölkənin iqtisadiyyatı irəli getməkdən, sürətlə geri gedir. İnkişaf əməli fəaliyyət tələb edir. Kağız imzalamaq, sərəncam verməklə turizm inkişaf etmir”.