Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi

“Görünür, seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən hazırda çıxarılmalı və onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirilməlidir”.

Source:


Məzahir Pənahov: “Məsuliyyətimizi çox yaxşı başa düşürük”

“Məzahir Pənahov 20 ilə yaxındır Mərkəzi Seçki Komissiyasına rəhbərlik edir, orada şəffaflıq baxımından çox böyük işlər görür”.

Milli Məclisdə MSK üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deputat Siyavuş Novruzov belə deyib.

O bildirib ki, uzun illərdir ki, Azərbaycanda çox gözəl Mərkəzi Seçki Komissiyası formalaşıb və bu qurumda fəaliyyət göstərən insanlar kifayət qədər savadlı və bilikli, Seçki Məcəlləsinin tələblərini çox yaxşı həyata keçirən şəxslərdir: “İndiyədək keçirilən 6 çağırış parlament seçkisi zamanı YAP-ın səlahiyyətli nümayəndəsi kimi MSK ilə mütəmadi ünsiyyətim olub. Hər bir siyasi partiya üçün bərabər şəraitin yaradılması, hər bir siyasi partiyanın nümayəndələrinin demokratik şəkildə seçilməsi üçün yaradılan şəraitin şahidi olmuşuq. Azərbaycanda unikal addımdan biridir ki, DSK-ların daimi binaları, işçiləri var. Onlar tərəfindən seçicilərin siyahısının dəqiqləşdirilməsi ağır işdir. Siyasi partiyalar hər 3 aydan bir MSK-ya hesabat verir. Bu da şəffaflığın təmin olunmasının göstəricisidir”.

Siyavuş Novruzov
Siyavuş Novruzov


"AXCP kimi partiyalar maliyyə hesabatlarını təqdim etmir"

Deputat bəzi müxalifət partiyalarını da tənqid edib: “Əfsuslar olsun ki, bir sıra partiyaların fəaliyyəti də, hesabatı da qaranlıqdır. Onlar bu günə qədər MSK-ya hesabat vermir, Azərbaycanın apardığı uğurlu siyasətə həm xaricdə, həm də daxildə kölgə salmağa çalışır. AXCP kimi partiyalar bu günə qədər maliyyə hesabatlarını təqdim etmir, maliyyə vəziyyətlərini gizlədilər. Gələcəkdə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikdə bunu istisna hal kimi salmalıyıq və MSK-ya hesabat təqdim etməyən partiyalarla bağlı müvafiq qərar vermək səlahiyyəti formalaşdırmalıyıq”.


Əli Kərimli: "Hər il hesabat veririk"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə Milli Məclisdə səslənən ittihamı rədd edib.

O, Meydan TV-yə deyib ki, AXCP hər il MSK-ya hesabat verir: "Sadəcə, AXCP-nin gəliri və xərci olmadığını qeyd edirik. Yəni faktiki partiyanın maliyyə imkanları yoxdur, öz hesabımıza fəaliyyət göstəririk".

AXCP sədri hesab edir ki, Milli Məclisdəki ittihamlar hakimiyyətin ona və partiyaya uzun illər davam edən mənfi münasibətindən qaynaqlanır.

Screenshot at Dec 24 17-21-37.png
Əli Kərimli


MSK-nın yeni tərkibi

Müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib.

Layihəyə əsasən, MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib. Ənənəvi qaydada 18 nəfərdən ibarət olan komissiya üzvlərindən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edir.

MSK-nın yeni tərkibi aşağıdakı üzvlərdən ibarətdir:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Arifə Muxtarova

Nailə Əsgərova

Bəxşeyiş Əsgərov

Etibar Quliyev

Mikayıl Rəhimli

Almas Qəhrəmanlı

Tofiq Həsənov

İlkin Şahbazov

Mərkəzi Seçki Komissiyası
MSK

MSK-nın əvəzedici üzvəri isə aşağıdakılardır:

Hümbətov Sürəddin Məmmədhüseyn oğlu

Muradov Aydın Hacı oğlu

Orduxanov Niyaməddin Orduxan oğlu.


21 illik sədr – Məzahir Pənahov çıxış edib

Prosedura əsasən, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.

Məzahir Pənahov və Rövzət Qasımov YAP-ın, Arifə Muxtarova bitərəf deputatların, Mikayıl Rəhimli parlamentdə azlıq təşkil edən partiyaların təqdim etdiyi siyahılar üzrə yenidən MSK üzvü seçiliblər.

MSK üzvlüyünə təsdiqlənən Məzahir Pənahov çıxış edərək təşəkkürlərini çatdırıb və qeyd edib ki, son illər Azərbaycanda seçkilərlə bağlı nailliyyətlər əldə edilib. O, yaradılan şəraitə görə dövlət başçısına öz təşəkkür və minnətdarlıq bildirdiyini deyib: “Azərbaycan xalqı əmin olsun ki, məsuliyyətimizi çox yaxşı başa düşürük. MSK-nın fəaliyyəti yalnız və yalnız qanunvericiliyin və dövlətçiliyin maraqlarını gözləmək şərti ilə atılan addımlardan ibarət olacaq”.

MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri – Arifə Muxtarova və Mikayıl Rəhimli olublar.

M.Pənahov 21 ildir – 2000-ci ildən MSK-nın sədri vəzifəsindədir.

İlqar Məmmədov: "Seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən çıxarılmalıdır"

ReAL Partiyasının sədri İlqar Məmmədov isə MSK-da partiya təmsilçiliyinə yer verilməməsini hakimiyyətin dialoqa əməl etməməsi ilə əlaqələndirib.

ReAL Partiyasının sədri İlqar Məmmədov
İlqar Məmmədov

O, partiyanın namizədi Mətin Rəhimlinin MSK-ya üzv olaraq qəbul edilməməsini "Facebook" hesabında belə şərh edib: "Milli Məclis qanuni siyasi iddiamızı rədd edərək, 5 il müddətinə yeni (köhnə) Mərkəzi Seçki Komissiyasını heç 1 müxalifət təmsilçisi olmadan təyin etdi. Görünür, seçki islahatı hakimiyyətlə dialoqumuzun gündəmindən hazırda çıxarılmalı və onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirilməlidir. Bu istiqamətdə partiyadaxili və daha geniş siyasi müzakirələrə açacağıq".

Ana səhifəSiyasətMilli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi