”Müqavilə kəşfiyyat sazişi olsa da, sahəsinə görə Azəri-Çıraq-Günəşlidən 4 dəfə böyükdür”
Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “BP Exploration (Azerbaijan) Limited”şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təsdiqləyib.
Bu qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərin Saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Tereza Meyin iştirakı ilə Londonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.
“D230” bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında “D230” blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə sazişi çox maraqlı sənəd adlandırıb.
O, bidirib ki, müqavilə kəşfiyyat sazişi olsa da, sahəsinə görə Azəri-Çıraq-Günəşlidən 4 dəfə böyükdür. Saziş dənizin şimal hissəsini nəzərdə tutur. İndiyə qədər 1998-ci ildə “Lukoyl” şirkətindən başqa orda hər hansı xarici şirkət tərəfindən kəşfiyyat quyusu qazılmayıb. Sazişin əsas qayəsi odur ki, xarici şirkət Azərbaycanın Xəzər sektoruna yatırım qoyub öyrənilməmiş sahədə böyük miqyasda kəşfiyyat işləri aparıb.