Bu gündən Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin müzakirələri başlayır.
Üçgünlük plenar iclaslarda, deputatlar 2026-cı il üçün dövlət büdcəsi, DSMF və İşsizlikdən Sığorta Fondunun büdcələri, yaşayış minimumu və ehtiyac meyarı layihələrini birinci oxunuşda müzakirə edəcəklər.
Bundan əlavə, Vergi Məcəlləsi və sosial, tibbi, hərbi, icbari sığorta, gömrük tarifi, nağdsız hesablaşmalar, əlillik və digər sahələri əhatə edən çoxsaylı qanunlara dəyişikliklər paketi təqdim olunacaq.
Həmçinin Milli Məclisin və Hesablama Palatasının 2026-cı il xərclər smetaları müzakirəyə çıxarılacaq.
Neftdən asılılıq azalmalıdır
Müzakirələr zamanı maliyyə naziri Sahil Babayev bildirib ki, hökumətin əsas məqsədi, dövlət büdcəsini neft gəlirlərindən mümkün qədər az asılı vəziyyətə gətirmək və dövlət borcunu sabit, təhlükəsiz səviyyədə saxlamaqdır:

“Qeyri-neft gəlirlərinin dinamik olaraq artması, dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır. Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilib. Təqdim olunan 2026-cı il dövlət büdcəsi layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prinsipi rəhbər tutulub ki, bu da fiskal dayanıqlılığın digər mühüm parametrləri kimi çıxış edir”, – maliyyə naziri Sahil Babayev belə deyib.
İşğaldan azad olunan ərazilərə daha 12 milyard ayrılacaq
Deputat Vüqar Bayramov isə çıxışında deyib ki, gələn ilin büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpasına 12 milyard manatdan çox vəsait sərf ediləcək.
“Gələn il 12 milyard manatdan artıq vəsait milli təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. Ümumi büdcə xərclərinin 30 faizinə yaxınının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq, digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün olacaq”.
O qeyd edib ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq:

“Bu isə büdcədən xərclənən hər 100 manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Göründüyü kimi, Azərbaycan son 30 ildə iqtisadi stabilliyi gücləndirməklə yanaşı, neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi islahatlarını dərinləşdirdi.
İqtisadiyyatın diversifikasiyası baxımdan qeyd etmək lazımdır, son 10 ildə qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı 3 dəfə artaraq 20 faizdən 60 faizə çatmaqdadır. ÜDM-in isə 68 faizi qeyri-neft-qaz sektorunun payına düşür”.
Onkoloji xəstəliklər də tibbi sığortaya daxil edilməlidir
2026-cı il dövlət büdcəsində səhiyyə xərcləri üçün 2 milyard manat ayrılması planlaşdırılır və bu məbləğin 44,6 faizi İcbari Tibbi Sığorta Fonduna yönəldiləcək. Ümumilikdə isə gələn il səhiyyə sahəsinə 3,7 milyard manat vəsait nəzərdə tutulub. Bu barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, gələn il İcbari Tibbi Sığorta (İTS) hesabına daha 8 dövlət səhiyyə proqramı həyata keçiriləcək. Bu proqramlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz və digər dörd klinik sahəni əhatə edəcək. Deputat bildirib ki, İTS ilə əhatə olunmayan çox az sayda proqram qalıb və onlardan biri də onkologiya sahəsidir. O qeyd edib ki, bu proqramların da İTS tərəfindən maliyyələşdirilməsinə ciddi ehtiyac var.