“Mikayıl Cabbarov bu barədə indi danışırsa…”

“Necə olur ki, polislərin və başqa dövlət sektorunda çalışanların maaşını 5 dəfə artıranda inflyasiya olmur, müəllimin əməkaqqını artıranda olur?!”

Source:


“Necə olur ki, polislərin və başqa dövlət sektorunda çalışanların maaşını 5 dəfə artıranda inflyasiya olmur, müəllimin əməkaqqını artıranda olur?!”


Təhsil naziri Mikayıl Cabbarovun ikinci tədris ili başlandı. Nazir təyin olunanda, gənc və yeni şəxs kimi ondan gözləntiləri də artırmışdı. Amma mövcud mənzərə və söhbət etdiyimiz ekspertlər gözləntilərin öləzidiyini gizlətmirlər. Bu mənada iqtidadçı, dəfələrlə təhsil iqtisadiyyatı barədə araşdırmalarla çıxış edən Rövşən Ağayevlə söhbətimizdə təhsilin mövcud problemlərini gündəmə gətirməyə çalışdıq.



Rövşən bəy, Azərbaycan hökuməti son bir neçə həftədə yas mərasimlərində israfçılığın qarşısını alınması kampaniyasına başlayıb. Bu mənada bir neçə il əvvəl təmirinə 2 milyon manat xərclənən 20 saylı məktəbin sökülməsi təhsildə israfçılığı gündəmə gətirmirmi?

– 20 saylı məktəbin təmirinə 2 milyon manat yarım vəsaitin ayrılması barədə mən də Facebook-da yazmışdım. İsrafçı hökumət olmasa, 2 milyon manat yarıma ən azı 4-5 kəndə məktəb tikmək olardı. Onlarla o cür israfçılığın nümunəsini tapa bilərik. Hökumət hansısa məktəbi təmir edib, sonra onu lazımsız bilərək söküb. O cümlədən, bir neçə Olimpiya Kompleksi də analoji vəziyyətlə üzləşib. Konkret olaraq, Lənkarandakı Olimpiya Kompleksini 2000-ci illərin əvvəllərində tikmişdilər, bəyənmədilər, söküb yenidən tikdilər. Şamaxıdakı Olimpita Kompleksinin xeyli hissəsini sökəndə demişdilər ki, hansısa məmurun xoşuna gəlməyib. Yəni israfçılığa məruz qalan layihələrin sayı onlarladır, sadəcə, mediaya məlum olan bunlardır. Biz iqtisadi mövzuda danışsaq da, bu problemin səbəbi siyasidir.

– Niyə səbəb siyasidir?

– Bütün dünyada hökumətin fəaliyyətinə parlament nəzarət edir, Azərbaycanda isə belə bir parlament yoxdur. İkincisi peşəkar və qənaətcil hökumət yoxdur. Peşəkar və qənaətcil hökumət hər qəpiyin qədrin bilər, nəinki təmirinə milyonlarla xərc çəkdiyi məktəbi sökər. Bugün yüzlərlə kəndin məktəbə ehtiyacı var, sovet dövründə inşa olunmuş məktəblərdə dərs alan şagirdlər olduğu halda Bakının mərkəzində yüksək səviyyədə təmir olunmuş məktəbi heç bir əsaslı arqument gətirmədən sökürlər. Şübhəsiz ki, bu, israfçılıqdır. Sizinlə də razıyam ki, adət-ənənələrə əsaslanan, heç bir qanunun tənzimlənmədiyi, yas mərasimlərinə absurd görürən mövqe anlaşılmazdır. Hərçənd ki, israfçılıq var və bunun səbəblərini və nəticələrinin aradan qaldırılması tamam başqa mexanizmlərlə olmalıdır. Əgər belə bir prosesə müdaxiə edib qarşısını alırlarsa, o zaman səlahiyyəti öz əlində olan hökumət təhsil israfçılığının da qarşısını qəti surətdə alsın. Yaxud heç israfçılıq etməsin.



Təhsildə israfçılığın qarşısı alınsa, Azərbaycan təhsilindəki indiki mənzərə hanı şəkil ala bilər, məktəb tikintisindən başlamış dərsliklərin çapına qədər…?

– Ümumiyyətlə, məktəblərin yenilənməsi yaxşı prosesdir. Son 30 ildə Səudiyyə Ərəbistanında 4 mindən artıq yeni məktəb tikilib. Hətta təhsilin olmadığı neft ölkələrində çoxlu məktəb tikilir, amma məsələ bunda deyil, əgər məktəb qəzalı vəziyyətdədirsə, yenidən tikilməlidir. Ancaq yaxşı məktəb tikirlərsə, gərək içində təhsil də olsun. İsrafçılığa gəlincə, bu gün Azərbaycanda müəllimlərin maaşı ən aşağı səviyyədədir. Faktiki olaraq, Azərbaycanda özəl sektorun orta aylıq əməkhaqqısı ilə yüksək maaş alan orta məktəb müəlliminin maaşı arasındakı fərq 7-8 dəfədir. Hökumətə hər dəfə neftlə zəngin və iri büdcəsi olan ölkədə bu faktı xatırladanda, cavab verilir ki, birdən-birə artıma getmək olmaz, bunun üçün çoxlu vəsait lazımdır.



O cümldən, inflyasiyanı da xatırladırlar…

– İnflyasiya yarada bilər, bu, bir arqumentdir, hərçənd, bu arqumentin yaşama haqqı yoxdur. Ki, 2005-ci ildə polisin maaşını birdən-birə 5,5 artırdılar, elə dövlət qulluqçularının da. Nəzərə alın ki, onların sayı orta məktəb müəllimlərinin sayından heç az deyil. Orta məktəb müəllimlərinin sayı 140-150 mindir, polislərin və başqa dövlət sektorunda çalışanların sayını götürəndə bundan çoxdur. Necə olur ki, onların maaşını 5 dəfə artıranda inflyasiya olmur, müəllimin əməkaqqını artıranda olur?! Ümumiyyətlə, iqtisadiyyat normal işləyirsə, maaş artımı kəskin inflyasiya yaratmamalıdır. Əgər Azərbaycan iqtisadiyyatı hökumətin dediyinin əksinədirsə, yəni “makroiqtisadi sabitlik var” kimi fikirlər sözdür. Adi bir misal, makroiqtisadi sabitlik varsa, niyə pul kütləsinin ümumi daxili məhsula nisbəti çox deyil, 30 faiz civarındadır. Amma Amerikada 100 faizdən çoxdur, Qazaxıstanda 75-80 faiz civarındadır, Rusiyada 50 faizdən çoxdur. O zaman sual yaranır, Azərbaycanda maaş artımları inflyasiya yaradır, adlarını çəkdiyim ölkələrdə müəllimlərin əməkhaqqısı bizdən 15 dəfə yüksəkdir, bəs onlarda niyə inflyasiya yaratmır. Ona görə hökumətin dedikləri iqtisadi baxımdan ciddi arqumentlər deyil. Bu il dövlət büdcəsində təhsilə 1,6 milyard manat vəsait ayrılıb, əgər bu şəkildə israfçılıq olmasa, elə o vəsaitlərin həcmini artırmadan daha qənaətli xərcləməklə müəllimlərin əməkhaqqını artırmaq olar. Baxın, Azərbaycan orta məktəb müəlliminin əməkhaqqısı Gürcüstan kimi yoxsul ölkədəki həmkarından azdır. Bugün bir şagirdin orta məktəbdə oxuma xərci 550 manata başa gəlir. Ancaq iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə rəqəm 6 min dollar civarındadır. Yəni bizim aramızda fərq birin ona nisbətindədir. Biz təhsilin keyfiyyətini yüksəltmək istəyiriksə, təhsil xərclərinin adambaşına həcmini, müəllimlərin əməkhaqqını bu ölkələrin səviyyəsinə qaldırmağı düşünməliyik. Bizim hədəfimiz bu olmalıdır. Amma mən hökumətin bir proqramında bir hədəf görməmişəm ki, Azərbaycan müəlliminin əməkhaqqısını yaxın 5 ildə orta Avropa göstəricisinin 50 faizinə çatdıracaqlar. Yaxşı hökumətin hədəfi bu olmalıdır ki, adambaşına düşən orta məktəb şagirdinin xərcini 5 ildən sonra 2 min manat etsin, inflyasiya tempini nəzərə alaraq. Şagirdin yaxşı təhsil alması üçün onun yalnız yaxşı məktəbdə oxuması vacib deyil, həm də məktəbin infrastrukturu, tədris vəsaitləri, informasiya texnologiyalarından bəhrələnmə imkanları, müəllimin əməkhaqqısı da həmin xərclərə təsir edən faktorlardır. Əgər 550 manatlıq şagird xərciylə 6 min dollar şagird xərci arasında fərq 11 dəfədirsə, bu fərq özünü təhsilin keyfiyyətində də o nisbətdə göstərməyə məhkumdur. Başqa bir maraqlı detal: hökumətin 2017-ci ilə qədər büdcə proqnozlarına baxdım, məlum oldu ki, yaxın 4 ildə təhsil xərclərini dəyşiməz saxlayıb, amma xərcləri artıracağı barədə dəfələrlə danışıblar. Bu o deməkdir ki, yaxın 4 ildə biz müəllimlərin əməkhaqqısının artırılmayacağını gözləməyək. Yaxşı, bu qədər böyük neft pulları içərisində, adambaşına büdcə gəlirlərimiz az qala 2 min 500 dollara çatdığı halda, hələ Gürcüstanda olduğu kimi müəllimlərə ödənilən əməkhaqqı qədər verə bilmiriksə, nə zaman verəcəyik? Bilirsiniz ki, artıq indidən neft gəlirləri azalmağa başlayıb, 2017-ci ildə bir az da azalacaq.



Təhsil naziri Mikayıl Cabarov bugünlərdə deyib ki, Bakı şəhərində keçirilmiş sınaq qiymətləndirilməsində yaxşı nəticə göstərmiş müəllimlərin əməkhaqqı artırılması nəzərdə tutulub. Bu, ayrı-seçkilik yaratmazmı?

– Mikayıl Cabbarov bu barədə indi danışırsa, nəticələrə görə əməkhaqqının verilməsi məsələsini bizlər dəfələrlə gündəmə gətirmişik. Yəni təhsilin keyfiyyətindən, müəllimlərin göstərdiyi nəticədən asılı olaraq əməkhaqqının fərqləndirilməsi sistemi olmalıdır. Tutaq ki, eyni məktəbdə dərs deyən iki riyaziyyat müəllimi var, ikisinin də 20 il iş stajı var, ali təhsillidir, amma birinin ildə 5 şagirdi ali məktəbə daxil olurs, o birinin isə 20 ildə 5 şagirdi də daxil ola bilməyib. Yaxud olimpiyadada şagirdləri yaxşı nəticə göstərən müəllimlər var. Bu məsələlər nəzərə alınmalıdır, stimul olmalıdır ki, müəllimin repititorluğa marağı da azalsın. Bunların mexanizmini elə yaratmaq lazımdır ki, şəffaflıq olsun. Tutaq ki, hansısa müəllimi şişirdib ona əlavə maaş yazılmasın. Mikayıl Cabbarov bu barədə danışır, amma həyata keçirmək üçün bütövlükdə məktəb islahatına gedilməlidir.



Rövşən bəy, konkret hansı addımlar atılmalıdır?

– Birinci, ali və orta məktəblərə idarəetmə muxtariyyat verilməlidir, rektorların, direktorların seçilməsi kimi administrativ mərkəzləşmiş sistemdən imtina olunmalıdır. İdarəetmə muxtariyyatı odur ki, rektor və direktorları artıq Təhsil Nazirliyi seçmir. Məktəb direktorunu icmayla valideynlər şurası seçməlidir. “Təhsil haqqında” qanunda müəllimlər, valideynlər şurasına rəsmi status verilir, hansı ki, valideynlərin icmalar yaratmaq səlahiyyəti var, amma rəsmi heç bir statusu yoxdur. Gürcüstanda artıq bu sistem qurulur, düzdür, tam Avropa sisteminə keçməyiblər, son sözü təhsil naziri deyir. Avropa ölkələrində valideynlər və müəllimlər şurası özünün məktəb direktorlarını seçirlər. Bu sistemin üstünlüyü tam ictimai nəzarət mexanizminin qurulmasıdır, yəni maliyyə də məktəbin özünə verilir. Əgər hansısa müəllimin nəticələri yaxşıdırsa, stimullaşmanı valideynlər və müəllimlər şurası birgə həyata keçirir, nəinki hansısa kabinetlərdə istədikləri müəllimə 700 manat, başqa birinə 500 manat vermək sistemi işləmir. Yəni yuxarıda dediyim kimi, ali məktəbə daha çox şagirdi daxil olan, ya da olimpiyadada yüksək nəticə göstərmiş uşaqların müəllimlərinə münasibət fərqlənməlidir. Hesab edirəm ki, iqtisadçılar və hüquqşünaslar bu məsələni birgə hüquqi çərçivəyə sala bilərlər. Amma indiki mərkəzləşmiş idarəetmə sistemində bu nəticə verməyəcək, çünki hər şeyi təhsil naziri müəyyənləşdirirsə, heç nə alınmayacaq. Bu gün məktəb direktorlarının heç bank hesabları yoxdur, belə olanda, adicə pəncərə şüşəsi üçün rayon təhsil şöbəsinin mühasibatlığından pul götürməli olurlar. Ona görə islahatlara kompleks yanaşılmalıdır.



Bu baxımdan artıq iki ildir təhsil naziri olan Mikayıl Cabbarovdan hansı gözləntiniz var?

– Mikayıl Cabbarov nazir təyin olunanda, demişdim ki, o, təhsil mütəxəssisi olmadığına görə böyük nəticələr gözləmirəm. Hətta o zaman mənə irad tutdular ki, nazirin öz sahəsinin müətəxəssisi olması hökm deyil, məhz menecer olmalıdır. Bəli, menecer olmalıdır, ancaq öz sahəsinin mütəxəssisi kimi. Mütləq onun təhsil sistemini bilməsi vacibdir. 45-ə yaxın yaşı olan adamın gəlib təhsil sistemini öyrənməsi üçün 10 il lazım olacaq. Azərbaycan reallığında dəfələrlə təyin olunduqları sahəni tanımayan adamı nazir qoyublar, sonradan fəsadlarını da görüblər. Bu mənada təhsil mütəxəssisi olmadığından mənim ondan böyük gözləntim yox idi. Ikinci, təhsil nazirinin çıxışları bəyanatlardan uzağa geçmir, yəni mən onun yuxarıda sadaladığım ciddi islahatlarla bağlı fikirlərini eşitməmişəm. Hələ texniki addlmlar və administrativ nəzarət sisteminin gücləndirilməsini görürəm. Hesab edirlər ki, bununla nəticələrə nail olacaqlar. Amma islahatlar kompleksli şəkildə olmasa, ciddi nəticələr gözləmirəm.

Ana səhifəXəbərlər“Mikayıl Cabbarov bu barədə indi danışırsa…”