”MİDA” vətəndaşa nə qazandıracaq?

Natiq Cəfərli: ”Dövlət bacardıqca, iqtisadiyyatdan çəkilməlidir”

Ramin Osmanlı: ”Agentliyin fəaliyyətə başlaması mənzil bazarında tələbatın qarşılanmasına təsir göstərəcək”

Source:
İlham Əliyev
İlham Əliyev


Natiq Cəfərli: ”Dövlət bacardıqca, iqtisadiyyatdan çəkilməlidir”


Ramin Osmanlı: ”Agentliyin fəaliyyətə başlaması mənzil bazarında tələbatın qarşılanmasına təsir göstərəcək”


Prezident İlham Əliyev aprelin 11-də “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Prezidentin fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə və Agentliyin strukturu təsdiq edilib. Mənzil İnşaatı Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyənləşdirilib, Agentliyin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Fərmana əsasən, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının müəyyən olunması, habelə Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilir. Cəmiyyətin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Mənzil İnşaatı Dövlət Agentliyi müəyyənləşdirir. Eyni zamanda, Cəmiyyətin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların tikinti işlərini aparacaq podratçılarla bağlanacaq müqavilənin yerinə yetirilməsinin təminatı məqsədi ilə işin smeta üzrə dəyəri nəzərə alınmaqla, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən edilən və podratçılarla bağlanılan müqavilədə əks olunan məbləğdə bank zəmanəti tələb edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsini təmin etsin.

Fərmana əsasən, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək. Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinə Cəmiyyətin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Fərmanı Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli xatırlatdı ki, ilin əvvəlində hakimiyyət iri dövlət qurumlarının özəlləşəcəyi haqqında ciddi açıqlamalar verirdi: “Belə bir şəraitdə tipik sovet ənənələrinə uyğun olaraq tikintiyə aid Dövlət Agentliyinin yaradılması heç bir məntiqlə izah olunmur. Yeganə məntiq odur ki, büdcə artımında 2 milyarda yaxın əlavə investisiya xərcləri nəzərdə tutulur. Çox güman ki, yeni yaradılan agentliyin vasitəsilə həmin vəsaitin tikintiyə yönəldilməsi qərara alınıb. Belə bir hesablama aparılıb ki, Dövlət Agentliyi xəttilə tikintiyə ayrılan vəsait effekt yaradacaq, digər sahələrin inkişafına da təsir göstərəcək. Yəni tikinti materiallarının istehsalı və daşınması intensivləşəcək, bir sözlə, ticari canlanmaya səbəb olacaq. Amma bu, çox səhv yanaşmadır. Çünki sovet təcrübəsi göstərdi ki, tikinti dövlətin əlində olanda birinci keyfiyyətdə axsamalar olur, ikinci də korrupsiyaya meydan açır. Bakı şəhərində ötən əsrin 70-80-ci illərində salınan Xutoru, Alatavanı, Yasamalı yada salaq, bunlar o zaman dövlət hesabına tikilən binalardan ya oğurlanmış, ya da briqadirlər tərəfindən satılmış materiallar hesabına tikilib. Narahatam ki, yenidən həmin “ənənə” canlanar və dövlət agentlikləri hesabına aparılan tikintilərdən korrupsiya mənbəyi kimi istifadə olunar”.

Natiq Cəfərli

İqtisadçı bu addımı qeyri-effektiv adlandırır və düşünür ki, dövlət bu işlərlə məşğul olmamalıdır: “Ümumiyyətlə, dövlət bacardıqca, iqtisadiyyatdan çəkilməlidir. Dövlət nə qədər iqtisadiyyatın içində olacaqsa, bu, qeyri-effektiv idarəetməyə və vəsaitin qeyri-effektiv xərclənməsilə nəticələnəcək”.

Yeni agentlikdən vətəndaşın qazancı və evlərin qiymətinə gəlincə, iqtisadçının fikrincə, hələ detallı açıqlama gözləmək lazımdır: “Çox güman ki, Dövlət Agentliyi mənzil tikintisində çox aktiv rol alacaq. Əgər olacaqsa, heç olmasa, Türkiyədə Toplu Konut İdarəsi təcrübəsindın istifadə edilsin. Bu idarənin səlahiyyətlərinin böyük hissəsi dövlətin əlindədir. Yəni uzunmüddətli kreditə verilən ucuz evlərin tikintisinə başlayacaqlarsa, vətəndaş qazanacaq. Yox, Azərbaycan “ənənə”lərinə sadiq qalacaqlarsa, vətəndaşın nəsə qazanacağına inanmıram”.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, agentliyin yaradılmasında məqsəd dövlət vəsaitləri hesabına mənzil tikintisini həyata keçirməkdir.

O, hesab edir ki, tikinti şirkətlərinin bu prosesə dolayısı, yaxud birbaşa təsiri yoxdur: “Sadəcə, özəl şirkətlər həmin agentliyin keçirəcəyi tenderlərdə iştirak hüququna malikdirlər. Yəni agentlik mənzil tikintisi ilə bağlı tender elan edəcək, şirkətlər tenderə qatılacaq və onlardan ən yaxşı şərtlər təqdim edəni müqaviləni udacaq. Müqaviləni udan şirkətin tikdiyi mənzillər bilavasitə Sosial Mənzil Fondunun yaradılmasında baza rolunu oynayacaq. Bu gün müvafiq qanunvericiliyə uyğun olaraq tikilən mənzillərin 10 faizi dövlətin balansına verilir. Çox təəssüf ki, bu məsələ Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində olduğundan qurum bəzi hallarda təqdim olunan rəqəmləri dəyişir, yaxud 10 faiz məsələsini pula çevirir və s. Amma Sosial Mənzil Fondunun yaradılması zamanı agentliyin təqdim edəcəyi layihədə iştirak edən şirkətin inşa edib təhvil verəcəyi bina bilavasitə agentliyin tabeliyində olacaq. Güman ki, normatik hüququ aktlar dəyişiləcək, qanunvericilikdə müvafiq dəyişikliklər və əlavələr nəzərdə tutulacaq. Amma kimlərin bu mənzillərdən yararlana bilməsi, hansı ölkənin təcrübəsindən istifadə olunması, nəhayət, mexanizmlərin necə olması sonrakı mərhələdə müzakirə predmetinə çevriləcək. Vətəndaşın bu gedişatdan qazanmasına gəlincə, təbii ki, burda aztəminatlı ailənin cüzi məbləğ ödəməklə uzunmüddətli mənzil sahibinə çevrilməsi nəzərdə tutulur. Agentliyin tenderlə elan edərək tikdirdiyi binalar indikilərdən fərqli olacaq, təmir ediləcək və dövlətin balansına keçiriləcək”.

Ramil Osmanlı
Ramil Osmanlı

Ramin Osmanlı “aztəminatlı ailələr necə müəyyənləşəcək” sualına belə cavab verdi: “Fond yaradılandan sonra əsas müzakirə predmeti bu məsələdir. Azərbaycan reallığında bir məsələni nəzərdən qaçırmayaq ki, məsələn, paytaxtda yeni tikilidə 10 mənzili olanlar var, amma onların heç birinin çıxarışı yoxdur, müqavilə ilə alıb. Bu, həmin adamın adında heç bir əmlakın olmadığının göstəricisidir. Sabah da Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən arayış təqdim etməklə agentliyə müraciət edərək mənzil istəyər. Bu halların qarşısını almaq üçün müxtəlif meyarlar hazırlanmalı və poroses şəffaf həyata keçirilməlidir”.

Ana səhifəXəbərlər”MİDA” vətəndaşa nə qazandıracaq?