Cavid Babaşov narkotik satışında təqsirli bilinir
Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Prokuror ittiham olunan şəxsə 9 il həbs cəzası istəmişdi.
Cavid Babaşov 2021-ci il mayın 15-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Meyxanaçının “Kişisiz ə!” meyxanasına görə həbs edildiyi iddia olunurdu.
Daxili İşlər Nazirliyi isə bildirmişdi ki, həbsin siyasi motivli olması ilə bağlı iddiaları əsassızdır.
Həbs olunan zaman meyxanaçının üzərində 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edildiyi bildirilirdi.
Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdi.