Mayın 16-da Meydan TV 3 yaşını qeyd etməyə hazırlaşır.
Bu dəfə də təqib və təzyiqlər altında. Azərbaycan hakimiyyəti Meydan TV-nin fəaliyyətini dayandırmaq üçün bacardığını edir. Səbəb Meydan TV-nin hakimiyyətin diqtəsi altında çalışan media orqanlarından fərqlənməsidir.
Biz seçki saxtakarlığını, rüşvətxorluq hallarını işıqlandırırıq. Biz eşidilməyən səslərə qulaq veririk. Biz sadə insanların problemini hakimiyyətin diqqətinə çatdırırıq. Biz dövlət büdcəsinin hara və necə xərcləndiyini sorğulayırıq. Biz şəhidlərin sayının və adlarının gizlədilməsinə imkan vermirik. Vətəndaş jurnalisyikasına dəstək verərək əlimiz çatmayan məlumatları xalqın köməyi ilə yayımlayırıq. Ölkədə azad jurnalistlərin fəaliyyətinin sıxışdırılmasına rəğmən Meydan Tv həmişə ən qaynar və ört-basdır edilən hadisələri xalqa daha tez və daha dəqiq, qərəzsiz və balanslı çatdırır.
Buna görə də Meydan TV bu gün hakimiyyətin bir nömrəli hədəfinə çevrilib. Meydan Tv ilə əməkdaşlıq edən hər kəs həmişə təzyiqlərə məruz qalır. Bu günə kimi Meydan Tv ilə əməkdaşlıq edən jurnalistlər əsassız olaraq istintaqa cəlb edilib, həbs olunub, sıxışdırılıblar, onların qohumları hələ də həbsdədir. Hakimiyyət bu yolla ölkədə söz azadlığını tam boğmaq, vətəndaşların düzgün məlumatlandırılmasının qarşısını almaq istəyir.
Buna icazə verməyin. Meydanda olmasanız da, Meydanda qalın!
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 22 Aprel 2016 23:32