Meydan TV niyə bağlandı?

Biz qəhraman deyilik!

Source:

Son günlər, həftələr və aylar Azərbaycan böyük sürətlə avtoritar cəmiyyətdən totalitar cəmiyyətə doğru irəliləyir. Bu “inkişafı” görməmək artıq mümkün deyil. Dövləti Azərbaycanda zəbt edən bir qrup insan “inkişafın” yeni mərhələsinə qədəm qoyublar. Onlar artıq siyasi partiyalara, QHT-lərə, media qurumlarına, beynalxalq təşkilatlara qalib gəldilər, öz güclərin göstərə bildilər. İndi də insanların yeməklərinə, geyimlərinə, musiqisinə, yaslarına, toylarına, yuxularına, arzularına, ümidlərinə və ailələrinə nəzarət etməyə başlayırlar. Siyasətə qarışmayan xalqın ən gözəl və haqq etdiyi günləri hələ irəlidədir.

Meydan TV yalnız kiçik arzularla və ümidlərlə məşğul olan kiçik bir media layihəsi idi. Amma arzuların və ümidlərin hakimiyyətin nəzarətindən çıxmaması üçün Meydan TV Bakıda bağlanmalı idi. Başqa cür ola da bilməzdi. Nəzarət total və hərtərəfli olmalıdır, Meydan TV isə buna nail olmaq üçün maneə faktoruna çevrilib.

Güc anlamında, ölkənin ikinci adamı Ramiz Mehdiyev kiçik bir media layihəsini, Meydan TV-ni “konstitusion quruluşu güclə devirməyə cəhd göstərmək”də ittiham edir. Bunu Avropanın Demokratiyaya Dəstək Fondunun maliyyə dəstəyi ilə etdiyimizi iddia edir, başqa sözlə desək, o, Fondu dəstəkləyən Avropa Birliyini və Avropa Birliyinin üzv dövlətlərini dövlət çevrilişini dəstəkləməkdə ittiham edir. Çox ciddi ittihamdır və bu ittihamın hamımız üçün və onun özü üçün də çox ciddi təsiri olacaq.

Bu arada Eynulla Fətullayevin analizlərinə görə mənasız və çox zəif bir media layihəsinə Ramiz Mehdiyevdən belə yüksək qiymətin verilməsi Eynullanın intellektinə çox böyük zərbə olacaq.  Eynulla müəllim analiz eləmişdi ki, Meydan TV-nin təsiri 0 və ya heçə bərabərdir. Amma Ramiz Mehdiyev deyir ki, bu “heç” Azərbaycanda dövlət çevrilişi edə bilər. İndi xalq hakimiyyətin hansı qoluna, hansı dilinə inansın?

Bu arada müxalifət düşərgəsində Ramiz bəyin manifestosunda adları çəkilməyən aqsaqqallar da inciyiblər ki, Ramiz müəllim onları dövlətə bir təhlükə kimi görmür, amma kimlərin isə adını çəkir. Qəribədir, Azərbaycanda sənin hədəfdə olduğuna da paxıllıq edə bilirlər. Rəsmi deyirəm ki, yeri boşaltdıq. Kim istəyirsə, indi hədəfə çevrilə bilər. Biz qəhraman deyilik. Qorxuruq, çəkinirik, yalnız media işimizi görmək istəyirik. Amma Ramiz bizi eşidirmi?

Ramiz müəllim elə bilir ki, artıq soyuq müharibə bir daha qayıdıb və yeni Sovet İttifaqı 2.0 yaranıb hələ 70 il mövcud olacaq. Əslində, bu Sovet İttifaqı 2.0 daha tez çökəcək. Dünyada futurist yazıçı Alvin Toflerin dediyi kimi sürətlər, dəyişim sürəti çox artıb. Ramiz bəy deyəsən, məqaləsini neft qiymətləri hələ düşməmişdən qabaq hazırlamışdı, yoxsa belə qlobal və strateji səhvlərə yol verməzdi. Ramiz müəllim ümümmilli futurist Heydər Əliyevin balanslaşdırılmış siyasətinə də xəyanət edib. Bunun nəticəsi bu hakmiyyət üçün və çox təəssüf ki, xalqımız üçün çox acınacaqlı olacaq. Azərbaycan bu gün gələcəyi olmayan totalitar cəmiyyət və dövlətlərin klubuna daxil olur. Belə vəziyyətdə isə Meydan TV yalnız bağlanmalı idi və bağlandı da. Biz balanslaşdırılmamış siyasətin qurbanı olduq.

Sonda isə əsl qəhrəmanlar barəsində danışmalıyam. Mənim qəhramanlarım Bakıda Meydan Tv ilə qısa müddət də olsa əməkdaşlıq edən jurnalist həmkarlarımdır. Onların işləri, onların cəsarəti, onların fədəkarlığı hakimiyyəti Meydan TV-yə belə yüksək qiymət verməyə məcbur etdi. Bu adamlar mənim üçün çox qiymətlidir. Onların həyatları mənim üçün dəyərlidir. Təhlükəsizliyi dəyərlidir. Onlar Meydan TV-də işlədikləri vaxt ərzində (istər bir həftə, istər bir il olsun, fərqi yoxdur) mənə Azərbaycanda yaxşı, vicdanlı jurnalistlərin hələ də var olduğuna əmin etdilər. Bu ölkədə jurnalistlər hələ də məhrumiyyətlərə, narahatlıq, təqib və təzyiqlərə məruz qalsa da öz işlərini davam etdirmək əzmini nümayiş etdirdilər.

Ana səhifəMənim FikrimcəMeydan TV niyə bağlandı?