Metroda gediş haqları artırıla bilər

Metro stansiyalarında ticarətçilər köşklər üçün onlardan alınan pulların geri ödənilməsini, onlara möhlət verilməsini, vətəndaşları isə metroda gediş haqlarında endirim, keyfiyyətli xidmət istəyirlər. Yeni rəhbərliyin yeni “islahatı” isə daha çox işsizlik, sosial gərginlik və qiymət artımı vəd edir.

Source:

Metro stansiyalarında ticarətçilər köşklər üçün onlardan alınan pulların geri ödənilməsini, onlara möhlət verilməsini, vətəndaşları isə metroda gediş haqlarında endirim, keyfiyyətli xidmət istəyirlər. Yeni rəhbərliyin yeni “islahatı” isə daha çox işsizlik, sosial gərginlik və qiymət artımı vəd edir.

Bu ilin Fevralın 27-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətina çevrildi. Sərəncama əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Prezidentin digər sərəncamı ilə səhmdar cəmiyyətin yeni rəisi təyin edilən Zaur Hüseynovun ilk bəyanatı metro keçidlərində ticarətə son qoyulacağı haqqında oldu.


Novruzdan sonra metro keçidlərindəkı köşklərinin sonu

Ardınca “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad Tağızadə metro keçidlərində ticarət köşklərinin birmənalı olaraq yığışdırılacağnı söylədi. O, bu qərarı “Günün tələbi belədir ki, xaos olmaması üçün ticarət köşkləri olmamalıdır” fikri ilə əsaslandırdı. Baş mühəndis Novruz Bayramından sonra metro keçidlərindəki ticarət köşklərinin mərhələ-mərhələ yığışdırılacağını deyərək bayram ərəfəsində heç kimi narahat etmək istəmədiklərini dilə gətirdi. Fuad Tağızadə ticarət köşklərində çalışan şəxslərlə bağlanan icarə müqavilələrinin vaxtının bitdiyini də söyləyib: “Nəzərə alın ki, müqavilələr fevral ayı üçün bağlanmışdı”.


1194 ticarət köşkü söküləcək

Martın 14-də isə APA metro stansiyalarında neçə ticarət obyektlərinin söküləcəyi barədə məlumat yayıb. ”. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu bildirib. Məlumata görə, “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək. Bildirilib ki, ticarətçilərə alternativ olaraq  “Yaşıl”, “Şərq”, və Keşlə bazarlarında, “Günəş” və AMAY ticarət mərkəzlərində yerlər təklif edilib. Siyahıda metronun “28 May” stansiyasında heç bir obyektin sökülməyəcəyi qeyd olunub.


Zaur Hüseynovun məlum açıqlamasından sonra metro keçidlərində ticarət obyektləri olanlar idarənin qarşısında aksiyalar keçirdilər. Polis onların aksiyalarının qarşısını alsa da, tələblər idarənin rəsmilərinə çatdırıldı. Dükan sahiblərinin Meydan TV-yə verdikləri məlumata görə, 2013-cü ilin sonlarında yeni köşklər üçün Bakı Metropoliten İdarəsi onlardan 15 min manat pul alınıb. Şikayətçilərin bəziləri o pulu ödəmək üçün borca girdiklərini, banklardan kredit götürməli olduqlarını bildirilər. Ödədikləri bu məbləğı qazanmağa macal tapmadan Metropolitenin yeni rəhbərliyinin onları uçurması haqda qərarı ticarətçiləri hiddətləndirib. Onlar neçə il öncə o köşkləri almaq üçün də 20-30 min manat pul xərclədiklərini deyirlər. Ticarətçilərin daha bir tələbi isə məhz ödədikləri bu pulların geri qaytarılmasıdır.

Köşk sahibləri qərarın 5 min nəfəri işsiz qoyacağını və xeyli maddi itgilərə məruz qalacaqlarından da narahat olduqlarını bildirirlər. Ancaq yeni rəhbərlik qərarında qəti olduğunu bir daha media vasitəsilə bildirdi.


Hacıbala Abutalıbovun təklifi rədd olundu

Martın 14-də şikayətçilər Prezident Administrasiyasında qəbul olunsalar da, onları paytaxt icra hakimiyyətinə yönləndiriblər. İcra başçısı Hacıbala Abutalıbovla görüşən dükan sahiblərinin 1 il möhlət istəkləri rədd olunub. İcra başçısı onlara “Günəşli, “Şərq” və “Yaşıl” bazarlardan yer ayıra biləcəklərini və 3 ay icarə haqqı alınmayacağı bildirib. Ancaq şikayətçilər bununla da razılaşmayıb. Hacıbala Abutalıbov metro keçidlərində ticarətin yığışdırılmasını belə əsaslandırıb ki, Bakını Avropa şəhəri kimi görmək istədiyindən stansiyalardakı köşklər yığışdırılmalıdır. Vətəndaşlar isə “Bizə Avropa lazım deyil, biz acıq” deyə icra başçısına etirazlarını bildiriblər. Beləliklə, şikayətçilərlə dil tapa bilməyən icra başçısı görüşü yarımçıq tərk edib.


Əhali təmizlik və gediş haqqının endirilməsini istəyir

Meydan TV-nin vətəndaşların metroda hansı islahatların aparmasını istəmələri haqda sorğudan məlum olub ki, paytaxt sakinlərinin tələbləri müxtəlifdir. Vətəndaşlar metroda təmizliyin, internetin olmasını, gediş haqqının endirilməsini, qatarlar arasında intervalın azalması, pensiyaçılara güzəştlərin tətbiqini və ticarətin yığışdırılmasını da istəyiblər.


“Ya büdcədən kompensasiya, ya da gediş haqqı artırılacaq”

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə müsahibəsində metro keçidlərində ticarətçilərlə yeni rəhbərlik arasında yaranan problemin səbəblərini müqavilə mədəniyyətinin olmaması və qanunların işləməməsində görür. İqtisadçı güman edir ki, yeni rəhbərlik bir müddət sonra daha yüksək icarə haqqı tətbiq etməklə ticarəti bərpa edə bilər: “Bu, metro ticarəti ilə məşğul olanların prezidentə müraciətini təşkil etməklə mümkün görünür. Yəni prezidentin əhaliyə bir jesti kimi belə bir addım gerçəkləşə bilər. Ona görə ki, bu praktika ilə dəfələrlə rastlaşmışıq”- deyən iqtisadçı, bu yolla İlham Əliyevin bir daha humanist, ədalətli ölkə başçısı imicinin yaradılmasına çalışılacağını qeyd edib.

Natiq Cəfərli metroda gediş haqqının yaxın zamanda artırılmasını da real sayır. Rəhbərlik bu addımını metrodan gələn gəlirinin azalması ilə izah edəcək:

“Ya büdcədən metroya konpensasiya artacaq, ya da gediş haqqı artırılacaq”.

Müsahib yeni rəhbərliyin qərarında qəti olacağı təqdirdə sosial gərginliyin müəyyən dərəcədə artmasının real göründüyünü dedi.

Ana səhifəXəbərlərMetroda gediş haqları artırıla bilər