Mətbuata koronavirusdan ölən şəxslər haqqında yazmağa qadağa qoyulduğu bildirilir

“PA-dan zəng vurub xəbəri sildiriblər”.

Source: Specify Source

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş redaktoru, jurnalist Əmrah Fəqanoğlu iyulun 28-də COVİD-19 infeksiyasından vəfat edib.

COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu “Yeni klinika”da müalicə olunurdu.

Məlumatı bir çox sayt və xəbər agentlikləri paylaşsa da, sonradan əksəriyyətindən silinib.

Jurnalist Fikrət Hüseynli “Facebook” səhifəsində yazıb ki, xəbərin saytlardan silinməsi ilə bağlı təlimat Prezident Administrasiyasından gəlib.

“PA-dan zəng vurub xəbəri sildiriblər. Sonra da başqa saytlardan çıxardıblar. Niyəsi məlum deyil. Belə çıxır ki, Bəhrama yerimək öyrədən, Mir Şahini dirildən hökumətə İTV-nin abırlı Baş redaktorunun yaşaması maraqlı deyilmiş. Ona görə ölüm xəbərini də sildirirlər”.

Ə.Fəqanoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, “Avrasiya” və “İki sahil” qəzetlərində müxbir, şöbə müdiri, uzun müddət SOCAR-ın Sosial İnkişaf İdarəsində mətbuat xidmətinin rəisi kimi çalışıb. İki il Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olub. Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdiriləndən sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini təyin edilib. ƏƏSMN-nin rəsmi orqanı olan “Sosial həyat” jurnalının Baş redaktorun müavini kimi də fəaliyyət göstərib.

Əmrah Fəqanoğlu 2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışırdı.

Ana səhifəSosialMətbuata koronavirusdan ölən şəxslər haqqında yazmağa qadağa qoyulduğu bildirilir