Məşdibad geosiyasəti

Gənc dostların keçirdiyi müddətsiz aclıq-ölüm aksiyası müqəddəs kitablardakı əhvalatları xatırladır…

Source:

22 illik müstəqilliyin bizə gətirəcəyi töhfə ən aparıcı, təhsilli, qabaqcıl, tərbiyəli və sadəcə insani mənada simpatik gənclərimizin məhv imiş. Bütün bunlar da nazir-deputat balalarının, “qızıl gəncliyin” lüks avtomobillərdə Bakı küçələrində avtoşluğu ilə paralel müşayiət olunur. “Əlinə “Molotov kotleti verilmiş” (bu, rəhmətlik Elmar Hüseynovun təbirincə “hüsnü qeyri-senzur ifadə ilə müşayiət olunan şəxs”in ifadəsidir) gənclik hazırkı iqtidara əsla gərək deyil, maşınlarına beşinci təkər kimidir. Artıq 21 ildir təkərə düşmüş adı var, özü yox cəmiyyət isə küçələrdə nazir-deputat balalarının kükrəyən təkər səsindən artıq kar, kor və lal olub sanki.

Bütün bu hadisələr MDB adlanan məkandakı məlum gərgin hadisələr fonunda keçir. Ukrayna ilə Rusiyanın mümkün toqquşması nəzəri diskursdan çıxaraq artıq müdhiş reallığa çevrilib. Bütün ətraf ölkələr sanki baş verəcək hadisənin dəhşətindən donaraq gərginliklə hadisələrin inkişafını izləyirlər. Amma bir də qeyd edim ki, gərgin deyərkən hörmətli oxucumuz xəyal qırıqlığına-falana uğramasın – nədənsə istənilən hadisə (istər pozitiv olsun, istər neqativ) bunlara, yəni bizim sevimli iqtidarımıza işləyir, bu da hamıya gün kimi aydın olmalıdır.

Nəsə, iki gün əvvəl Rusiyanın qeyri-rəsmi baş ideoloqu Aleksandr Gelyeviç Dugin məşhur jurnalist Poznerin verilişən müsahibə üçün dəvət edilmişdi, bəzi məsələlərə aydınlıq gətirilməsi üçün bir az orada deyilənlərdən bəhs etmək gərəkdir.

Dugini ilk dəfə 2000-ci ilin payızında Moskvada aldığım “Геополитическое будущее России” (Rusiyanın geosiyasi gələcəyi) kitabından tanımışam – o zaman onu çətin kimsə geniş dairədə tanıyaydı, hələlik ki, Dugin Rusiyanın mövcud vəziyyəti ilə barışmayan, zatən bütün rus cəmiyyəti kimi SSRİ-nin dağılmasından sonra “alçaldılmış və təhqir edilmiş insanlar” ordusunun üzvü kimi bu hissləri yaşamış, bunlarla barışmaq istəməyən filosof, yəni sırf nəzəriyyəçi idi.

Bu əsərdə müəllif, həmin illər üçün cazibəsini tamamilə itirmiş Rusiyanın gələcək inkişaf konsepsiyasından, imperiyanın yeni model əsasında qurulmasının zəruriliyindən bəhs edirdi. Yeni konsepsiya əslində əvvəldən (XX əsrin 20/30-cu illərindən) mövcud idi – konseptual əsası knyaz N.Trubetskoy, P.Savitski, P.Suvçinski və təbii ki, Qumilyevdan gələn Avrasiyaçılıq. Bu konsepsiya çərçivəsində Rusiya kontinental sivilizasiyanın (tellurokratiya) mərkəzi kimi, dəniz sivilizasiyasının (talassokratiya) mərkəzi olan ABŞ-la qarşıdumada bütün Avroasiya materikini “çiçəklənən mürəkkəblik”, yəni bu hüdudsuz məkanda çağlayan müxtəlif mədəniyyətlərin sintezi (bütün müəlliflərə görə əsasını Slavyan-Turan mədəniyyəti təşkil etməli idi) şəklində birləşdirməli idi.

Bu konsepsiyaya görə II Dünya Müharibəsindən sonra darmadağın edilmiş və tarixdə ilk dəfə özü koloniyaya çevrilmiş Avropanın özünün də nicatı yalnız “diz üstündən qalxacaq” (“поднимающаяся с колен”) Rusiyadadır. Əks halda atlantist anqlo-sakson sivilizasiyası (yəni US/UK cütlüyü) onları özündə əridəcək və bu şəkildə tədricən məhv edəcək. Beləcə Moskva bütün kontinentin ideoloji, siyasi, maliyyə və təşkilati mərkəzinə çevrilir, bütün paytaxlar bilavasitə olaraq yalnız Moskva ilə əlaqədə olaraq öz inkişafını tapa bilər. Avropa Rusiyadan “nicat tapıb” (maraqlıdır ki, hərbi müdafiə və mənəviyyat(!) şəklində) əvəzinə öz aparıcı texnologiyalarını “Heartland”a (mərkəzi torpaq – geosiyasi termin kimi özündə Rusiyanı ehtiva edir) ənam kimi bəxş edə bilər. Qudurmayasan qurbağa!

Bu əsərdə müəllif Azərbaycan haqda yazanda dövlət sözünü dırnaq içində işlədir, və cənub istiqamətində Moskva-Yerevan-Tehran xəttinin qurulması zərurətindən danışır, Türkiyə haqda isə ümumiyətlə gəvəzələmək həddində mənasız proqnozlar verirdi. Lakin  zaman göstərdi ki, bu müəllif haqda azərbaycanlıların indi dilə gətirdiyi “gicdir, dəlidir, başı xarabdı” və s. kimi sözləri işlətmək doğru deyildir. Dugin akademik insandır, qələmi çox güclüdür, qalaq-qalaq kitabları var, doğrudan da dərin biliklərə sahibdir, əslində isə Rusiyanın hazırkı konsepsiyasının baş müəllifidir, adamın bircə rus dilinin səviyyəsi və diksiyasına baxmaq kifayət edər. Yeri gəlmişkən bizim bir çox rusdilli “müəlliflərimiz” (məsələn rəhmətlik Məmmədxanov, və ya keçmiş Elnur Aslanov, və sairələri) Qərbin Azərbaycan üçün “Atlantik təhlükə” olduğunu əsaslandırmaq üçün onun mətnlərini sadəcə copy-past edib, ardına da iki kəlmə “elə buna görə də prezidentimizə eşq olsun” şəklində cümlələr yazıb, bu tür “analitik məqalələr” ilə çıxış edirdilər.

Zaman isə göstərdi ki, hazırkı Rusiya bu ideyalara müraciət etməkdən başqa yolu seçmək istəmir və indi Ukraynada baş verən proseslərdən tam eyforiyada olan rus vətəndaşlarının reaksiyasından bunu rahatca hiss etmək olar. Çünki, 1991-ci ildə SSRİ-nin dövlət kimi mövcudluğuna son qoyan üçtərəfli Belovejsk müqaviləsi, bir çox insanlar üçün, o cümlədən Dugin üçün yeni Versal, yaxud Sevr müqaviləsi kimi ədalətsizliyin mücəssiməsi idi.

Adı çəkilən müsahibədə əslində Dugin yeni bir şey demədi, sadəcə hamının düşündüklərini səsləndirdi. Çağdaş Rusiyanın başlıca fikir adamlarından biri (bunu bir daha qeyd edirəm ki, azərbaycanlılar ona dəlidi, gicdi, axmaqdı və b. qəlibləri ilə yanaşmasın) olan bu zat ərz etdi ki, Zaqafqaziya (yəni buradakı üç dövlət, isimləri ilə dedi) və Orta Aisya doğal olaraq rus dünyasının bir hissəsidir, və ədalət şübhəsiz ki, bərpa olunmalıdır. Beləcə bir çox şərhçilərin Ukraynadan sonra bir hadisələrin Azərbaycanı da gözlədiyinin daha bir təsdiqini eşitdik – əgər kimsə bu söhbəti detalları ilə dinləyibsə, nədən bəhs edildiyini gözəl anlar. Zatən bu işin necə görüləcəyi və hansı üsullarla həyata keçiriləcəyi heç bir kimsə üçün sirr deyilsə, o zaman RF xüsusi orqanları üçün elə də çətin olmasın gərək ki. 25 əvvəl baş verənlər kiminin yadından çıxdı ki? Burda necə deyərlər – “цели определены, задачи ясны”.

İndi keçək var olar-olmaz cəmiyyətə. Faktiki 22 illik müstəqillikdən tamamilə xəyal qırıqlığına uğrayan, hətta öz gəncliyinin ölüm təhlükəsinə belə biganə qalan cəmiyyətdən yuxarıda bəhs edilənlərə nəsə bir reaksiya gözləmək əbəs və mənasız işdir. Əksinə, Krımın işğalı zamanı bizdə sevinənlərin sayı gözləniləndən də çoxdan-çox idi, elə bircə Putinə sevinc məktubu yollayan kommunistləri xatırlamaq kifayətdir. Bu adamların nəyə sevindiyi aydındır, nəhayət “yiyəsi gəldi” məsələsinin reallaşacağına inanırlar, amma cəmiyyətdəki sovet nostaljisi də bu illər özünə yetərincə yer edib desək yanılmarıq.

Əslində bu durumda ən dərin narahatlığı Azərbaycan iqtidarı keçirməlidir, çünki onları, Zamin Hacının təbirincə desək “… prezidentlikdən qubernatorluğa keçmə şansı heç açmır. Çünki Kreml istənilən qubernatoru istədiyi vaxt azad edə bilər”. Lakin gördüyümüz kimi, yuxarı eşalonlarda elə bir təlaş hiss edilmir. Sirri isə çox sadədir. Bilin və agah olun ey əziz xalqımız – istənilən quruluşda, istənilən formasiyada bunlar, yəni bizim “elitamız” yuxarı başda olacaq, ən mötəbər yerlərdə təmsil ediləcəklər. Eynən müstəqilliyin əleyhinə səs verib onillərlə deputat-nazir-mazir olanlar, müstəqilliyin əleyhinə səs verdikləri üçün “İstiqlal” ordeni alanlar kimi. Nədən belə olduğunu isə, lütfən özünüz bir düşünün.

P.S. Professor Bədəlov bir söhbətdə Üzeyir bəyin arxetip kimi yaratdığı baş qəhrəmanı – (operadakı) Koroğlunu qəbul etmədiyini və bizim başlıca qəhrəmanımızın onun başqa əsrindən olan Məşədi İbadın olduğunu söylədi və əsaslandırdı. Professorun dediyi məsələ üzərində çox düşünmüşdüm, bizim “çoxvektorlu siyasət”in də məhz bu sıradan olduğunu sonradan, keçən ilin avqustunda “Dağıştan” gəmisi Bakı limanında lövbər salanda anladım. Xatirinizdədirsə Məşdibad da həmin operettada çox müdrik və çoxvektorlu-balanslı bir siyasət yürüdür, tərəfdar yığmaq üçün hamını pulla əla alsa da, sonda çadranın altından kişi çıxanda belə, kədəri uzun sürmür. Əşşi, “o olmasın bu olsun” prinsipini əsas götürüb, yenə də şad-xürrəm həyatına davam edir.

P.P.S. Əgər xatirinizdə deyilsə yada salım – Məşədi İbadın hambalı kimi tanıdığımız aktyorun adı (Əhmədov) Əhməd idi, bunu da elə-belə yazdım.

Ana səhifəMənim FikrimcəMəşdibad geosiyasəti