Mərmərlər şəhərinin seksual aclığı

Oxucunu bu xəbərlərlə biz doyurmadıqmı?

Source:

Son zaman təcavüz xəbərləri ilə qətl xəbərləri eə bil, bir-birilə ciddi-cəhdlə yarışır. Mətbuat böyük həvəslə bu xəbərləri polis orqanlarındakı mənbələrdən əldə edir. Hansısa kütləvi aksiyadan öncə və ya sonra yoxa çıxan gənci tapmaq günlərlə vaxt ala bilir, amma təcavüzə məruz qalan qadınla bağlı məlumatı mətbuatdakı “dostlara” ötürmək polisin əlində bir içim sudur. Üstəlik, bir çoxları təcavüzə məruz qalmış qadının sonrakı durumunu düşünmədən ad-soyad, ünvan, yaş, ailə durumu kimi özəl məlumatları da açıqlayır. İnsanlara Yəməndəki husilər, İranın nüvə proqramı, yaxud Qarabağdakı girovların taleyindən daha çox gecə saat 2-də təcavüzə məruz qalan qadının xəbəri maraqlıdır. Anlayırıq, “sehirli” “təcavüz”, “zorlanmaq”, “sevişmək”, “şantaj”, “soyunmaq” kimi sözlər indi xəbərin oxunma qarantıdır.

Amma oxucunu bu səviyyəyə düşürən də elə mətbuat deyilmi. Bu durumun səbəbkarı bizim üzərimizdən xalqın az-çox nəsə oxuyan təbəqəsini də əsas mövzulardan yayındıraraq “təcavüz”, “seks”, “qətl” xəbərləri ilə doyuranlar olmadımı? Tələb-təklifin nə olduğundan xəbərim var, amma razılaşaq ki, oxucuda bu tələbatı biz yaratdıq. Sanki oxunmalı (daha dəqiq desək, yazılmalı) başqa mövzular yoxmuş kimi, ən asanına qaçdıq, bəlkə özümüzün də fərqində olmadan bizə “qızıl boşqabda” verilən yeməklə oxucuları doyurduq.

Kimin nə deməsindən, necə düşünməsindən asılı olmayaraq biz bu oyunu məqsədyönlü oynayanların oyuncağına çevrildik. Zorlanma xəbərini yazdıq, amma insanlardakı bu seksual aclığın nədən, hardan qaynaqlandığını araşdırmağa meyl etmədik. Çünki arxasında çox şey tapacaqdıq – bir tikə çörək dalınca qadınını qoyub işləmək üçün mərmərlər şəhərinə üz tutunlar, qadını ancaq cinsi ampluada görməyi tərbiyə edən tərbiyəsizlik, axşam saat 12-dən sonra küçədə görünən qadının zorlanmaya layiq olduğunu təlqin edən mentalitet, daha nələr, nələr…

Facebook-da xanımlar qrupu var.  Minlərlə üzvü olan bu qrupda ən şox müzakirə edilən mövzular xəyanət, qaynananın müdaxiləsi, günortaya nə bişirim tipli suallardır. Hamısı da sevgi üzrə mütəxəssisdir, sevginin qarın doyurmadığını deyib, tanışlığın ikinci ayında oğlandan elçi tələb edirlər, nişanlısının əlindən tutmasını pozğunluq hesab edib məsləhət verirlər, hamısı ancaq halalını gözlədiyini bildirib, “Bəs Bulvarda öpüşənlər kimlərdir?” sualını açıq qoyur. Əks fikirli birinin ilk cümləsini oxumaları yetərlidir ki, üstünə atılsınlar, özlərinin də edib gizlətməyə çalışdıqlarını başqalarının dilindən oxuyanda belə dözmürlər, həddən artıq canfəşanlıq edib, özlərini “yandırırlar”. Ən çox sevdikləri məsləhət “Bacı, kişi çöldə gəzər, sən onun ailəsisən, axırda sənə qayıdacaq”dır. Ən pisi odur ki, başqa fikirlərindən fərqli olaraq bunu deyəndə səmimidirlər, ən azından bunda “oynamırlar”, doğrudan bu düşüncədədirlər, belə  böyüyüblər, uşaqlarını da belə böyüdürlər.

Bu düşüncənin tərbiyə etdiyi uşaqlardan təcavüz, qətl, zorakılıqdan başqa hələ də nəsə gözləyiriksə deməli, çox optimistik…

Ana səhifəMənim FikrimcəMərmərlər şəhərinin seksual aclığı