”Mərkəzi Bankın siyasəti bankların maliyyə imkanlarını çətinləşdirəcək”

Məhəmməd Talıblı hesab edir ki, qeyri-müəyyənlik banklarla bağlı ajiotajın əsas səbəblərindəndir

Source:


Məhəmməd Talıblı hesab edir ki, qeyri-müəyyənlik banklarla bağlı ajiotajın əsas səbəblərindəndir

Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12 faiz, yuxarı həddini 18 faiz, uçot dərəcəsini isə 15faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib. Əgər bir neçə aydan bəri Mərkəzi Bankın (MB) uçot dərəcəsi 3 faiz səviyyəsində müəyyənləşirdisə, son bir ay ərzində 9,5 faiz səviyyəsinə qədər qaldırmışdı. Üç gündən sonra isə bu hədd 15 faiz səviyyəsinə qədər qaldırılacaq. Bu isə o deməkdir ki, bir neçə ay ərzində Mərkəzi Bankın uçot dərəcəsini 5 dəfədən çox artmış oldu.

Mərkəzi Bankın qərarını Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı bildirib ki, MB yalnız uçot dərəcəsini yüksəltməklə tələbi aşağı salmaq yolunu seçib: “Banklarda kredit təklifi xeyli azalıb, limitlərlə kredit verən banklar qalıb. Şərtlər bankların xeyrinə ağırlaşıb. Kredit tələbi artıb, bankların isə kredit təklifi məhdudlaşıb. Bu qeyri-müəyyənlik isə banklarla bağlı ajiotajın əsas səbəblərindəndir. Nəzəriyyədən məlumdur ki, tənzimləyici monetar qurum (bizdə MB) uçot dərəclərini artırmaqla kreditə tələbi azaltmaq niyyətindədir. Banklar isə əmanətlə yığımlarını artırmaq istəyir. MB-ın belə “bahalı” pul siyasəti bankların maliyyə imkanlarını çətinləşdirəcək. Bank kreditlərinə tələbi aşağı salacaq”.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçının fikrincə, nəzərə almaq lazımdır ki, bazar iştirakçılarının kredit resurslarını əldə etmək imkanları çətinləşəndə, mal və xidmətlərin istehsalı tempi də aşağı düşəcək:

“Bankların daxili ehtiyatları tükənir. Xarici öhdəliklərini icra etmək çətinləşir. Verdikləri kreditlərin geriyə dönüşündə ciddi problemlər yaranır. Başqa sözlə, problemli kreditlərin toplam kredit portfelində xüsusi çəkisi artır. Belə bir vəziyyətdə ehtiyatlarının 65-70 faizini kreditləşmə hesabına həyata keçirən bankların kreditlərsiz necə fəaliyyət göstərəcəyi çox müəmmalıdır. Bu addım isə kredit təklifini azaltmaq məqsədilə edilir. O zaman bankların imkanlarının artırılmasının alternativləri düzgün müəyyənləşməlidir. Valyuta bazarında psixoloji təzyiqləri də unutmaq olmaz. Çünki valyuta bazarında dollar qıtlığı və manat artıqlığı açıq hiss olunur. Dollar tələbinin artması eyni zaman bazarın yaratdığı ajiotajı da stimullaşdırır. Dollar kanalının daralması dollarla yığıma həvəsi psixoloji olaraq gücləndirir. Bütün bunları nəzərə alanda əslində MB bankların resursla təminatına nail olmalıdır ki, həmin kredit resurslarının dövriyyə sürəti daha da artsın. Həmin sürəti artırmaqla daha çox dəyər formalaşdırmaq mümkün olacaq. Əksi olacağı halda kredit çatışmazlığı artıq iqtisadi dinamizm yox, süstlük, onun ardınca isə tənəzzülə səbəb olacaq”.

Ana səhifəAnalitika”Mərkəzi Bankın siyasəti bankların maliyyə imkanlarını çətinləşdirəcək”