Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb
Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib.
Trend-ə bank sektoruna yaxın mənbəyə istinadən bu barədə xəbər yayıb.
Müvafiq qərarı ifadə edən məktubun bütün banklara göndərildiyi söylənilir.
“Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”,-deyə məlumatda bildirilib.
İqtisadçı Natiq Cəfərli Meydan
TV-yə deyib ki, bu qərarın məntiqi manatın dövriyyəsini zəiflətməsi fonunda valyutaya olan tələbatı azaltmaqdan ibarətdir:
“Bunun müqabilində banklar əhaliyə göstərdikləri xidmət haqqında artıma getməyə məcbur olacaq. Çünki hər 100 manata Mərkəzi Banka 10 qəpik ödəməlidirlər. Ciddi təsiri olmasa da, yeganə təsiri bank xidmətlərinin dəyərinin artmasına səbəb olacağıdır”.