İqtisadçının fikrincə, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır
Dekabrın 7-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 44,8 milyon dollar olub. Məbləğin tam təmin edildiyi bildirilir. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1 dollar = 1,70 manat səviyyəsində formalaşıb. Son zamanlar valyuta hərraclarında dollara tələbin artması müşahidə edilir.
Ekspertlər bunu ilsonu hesabatları, həmçinin bayram və tətil üçün xarici səfərlərin artması ilə əlaqələndirir.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, bundan əvvəlki üç hərracda 241.1 milyon dollar satılıb. Üstəlik, bu hərraclarda hər satış əvvəlkindən daha çox olub:
“Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdısa, ötən ayın son günündə 77.8, dünən isə 95.1 milyon dollarlıq sifariş olub”.
İqtisadçı bildirir ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir:
“Dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”.
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəlincə, iqtisadçı deyir ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Odur ki, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır.
Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır:
“Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.