Mərkəzi Bank uçot dərəcəsini endirib

Sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 2019-cu il fevralın 1-də 9,75 faizdən 9,25 faizə qədər endirmişdi

Source: meydan tv

''Ölkənin strateji valyuta ehtiyatları 46,6 milyarda dollar olub''

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25 faizdən 9 faizə endirilməsi haqda qərar qəbul edib.

Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minir.

Sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 2019-cu il fevralın 1-də 9,75 faizdən 9,25 faizə qədər endirmişdi.

Bundan başqa inflyasiya proseslərinə dair proqnozlarını açıqlayan Mərkəzi Bankdan bildirilib ki, cari ilin yanvar-fevral aylarında inflyasiya 0.8% təşkil edib.

“O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artmış, xidmətlər üzrə isə 0.6% aşağı düşüb. 2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olub ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır”.

Bankın məlumatına görə, yanvar-fevral aylarında xarici ticarət balansında 986.3 mln. dollar məbləğində müsbət saldo yaranıb, ixrac 42.6%, o cümlədən qeyri-neft ixracı 16.4% artıb.

Mərkəzi Bank bəyan edib ki, ilin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4.1% artaraq 46.6 mlrd. ABŞ dollarına çatıb ki, bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir.

“2019-cu ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nəzərən iqtisadi artım 2.9% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 2.7% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 12.9%, kənd təsərrüfatında 2.4% artım müşahidə olunub”.

Ana səhifəXəbərlərMərkəzi Bank uçot dərəcəsini endirib