Mərkəzi Bank uçot dərəcəsini 15 faizə qaldırıb

Samir Əliyev: “Mərkəzi Bankın uçot dərəcələrini qaldırması bu səviyyədə olmasa da gözlənilən idi”

Source:
Samir Əliyev


Samir Əliyev: “Mərkəzi Bankın uçot dərəcələrini qaldırması bu səviyyədə olmasa da gözlənilən idi”

Sentyabrın 8-də keçirilən hərracda Dövlət Neft Fondu və Mərkəzi Bank kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə xarici valyutanın təklifini artırdı.

APA yazır ki, eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12 faiz, yuxarı həddini 18 faiz, uçot dərəcəsini isə 15 faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

İqtisadçı Samir Əliyev deyir ki, Mərkəzi Bankın uçot dərəcələrini qaldırması bu səviyyədə olmasa da gözlənilən idi:

“Sonuncu avqust artımından sonra ekspertlər uçot dərəcələrinin mərhələli şəkildə qaldırılacağını demişdi. Ancaq artımın birdən-birə 9,5 faizdən 15 faizə qədər artırılması sürpriz olmaqla yanaşı vəziyyətin mürəkkəbliyindən xəbər verir”.

Ekspert bildirir ki, Mərkəzi Bankın bu gecikmiş addımı ölkədə inflyasiya təzyiqinin getdikcə artdığını göstərir. Baş bank uzun müddət pul kütləsini azaltmaq hesabına inflyasiyanı və devalvasiyanı nəzarətdə saxlamağa çalışsa da, bu alət kifayət etmir:

“Həm də pul kütləsini uzun müddət bu səviyyədə saxlamaq ölkənin pulla təminatını pisləşdirir, biznesin pula çıxışını məhdudlaşdırır. Mərkəzi Bank uçot dərəcəsini 5,5 faiz bəndi artırmaqda niyyəti mövcud olan və qarşıda daha kəskin gözlənilən inflyasiya səviyyəsini cilovlamaqdır. Eyni zamanda, güman etmək olar ki, Mərkəzi Bank biznesə dəstək məqsədilə manat kütləsini artırmaq niyyətindədir. İlin sonuna doğru büdcə açılımı da pul kütləsini artırmağı tələb edir”.

Samir Əliyev deyir ki, bu qərarın ardınca istehlak (29 faiz) və mikrokreditlərə (25 faiz) tətbiq edilən faiz tavanı ləğv edilməlidir.

Qeyd: Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 8 avqust 2016-cı il tarixində verilən qərara əsasən, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5 faiz səviyyəsinə qaldırılmışdı.

Ana səhifəXəbərlərMərkəzi Bank uçot dərəcəsini 15 faizə qaldırıb