Mərkəzi Bank pul siyasəti ilə bağlı hesabat yayıb

Ötən il neftin qiymətinin azalması diapazonu digər əmtəələrlə müqayisədə daha çox olub

Source:


Ötən il neftin qiymətinin azalması diapazonu digər əmtəələrlə müqayisədə daha çox olub

BVF-nin proqnozlarına görə, neftin dünya bazarında orta qiyməti (Brent, WTI və Dubai Fateh markaları üzrə) 2015-ci ildə 56,73 ABŞ dolları, 2016-cı ildə isə 63,88 ABŞ dolları təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü il ərzində pul siyasəti haqqında hesabatında deyilir.

Hesabat dövrünün sonuna Brent markalı neftin qiyməti ilin əvvəli ilə müqayisədə 43 faiz ucuzlaşıb. Orta illik qiymət isə 99 ABŞ dolları olub ki, bu da 2013-cü ildəki qiymətdən (109$) 9,2 faiz azdır.

Sənəddə deyilir: “Neftin dünya bazarında qiymətlərinə əsas ixracatçılarda hərbi-siyasi gərginliyin yüksəlməsi kimi artırıcı təsirlərlə yanaşı, qlobal tələbin azalması, OPEK tərəfindən hasilatın yüksək həddə saxlanılması, ABŞ-da şist neftinin hasilatı kimi azaldıcı faktorlar təsir edib. 1984-cü ildən bəri neftin qiymətinin 6 ay ərzində 30 faizdən çox azaldığı 5 epizod müşahidə olunub. 1985-86-cı illərdə neft 67 faiz ucuzlaşaraq, 31,72 $-dan 10,42 $-a, 2008-ci ildə 72 faiz ucuzlaşaraq, 146,08 $-dan 36,61 $-a düşüb”.

Hesabata əsasən, 2014-cü ildə neftin qiymətinin kəskin enməsinin 2008-ci ildə baş vermiş anoloji hadisədən əsas fərqi odur ki, bu dəfə neftin qiymətində enmə diapazonu digər əmtəələrlə müqayisədə daha çox olub: “2014-cü il ərzində dünya əmtəə bazarlarında qiymətlər aşağı düşməyə meyilli olub. İlin II yarısından etibarən enerji, metal və minerallar, kənd təsərrüfatı malları indeksləri üzrə enmə sürətlənib. Dövr ərzində əmtəə qiymətləri indeksi 29 faiz, ərzaq qiymətləri indeksi isə 6,4 faiz azalıb. Qiymətlərin neqativ dinamikası həm tələb, həm də təklif amilləri ilə izah edilir”.

Ana səhifəXəbərlərMərkəzi Bank pul siyasəti ilə bağlı hesabat yayıb