Vüqar Bayramov: ”Uçot dərəcəsinin artırılacağı halda, manata psixoloji təsir yüksələcək”
ABŞ Mərkəzi Bankı – Federal Ehtiyatlar Sisteminin (ingiliscə qısaltması FED) dekabrın 13-də başlanan yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir. ABŞ birjaları artıq FED-in toplantısına reaksiya verməkdədir: indekslər yeni artım rekordunu təzələyiblər. Yığıncaqda uçot dərəcəsinin 0.25 faiz artırılacağı gözlənilsə də, hələlik, müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər.
İqtisadçı Vüqar Bayramov “Facebook” səhifəsində yazır ki, FED-də qərarların asan müzakirə olunmadığını nəzərə alsaq, sadəcə, hansı qərarın veriləcəyini gözləmək lazımdır:
“Bu baxımdan, nəticəni proqnozlaşdırmaq, praktik olaraq, mümkün deyil”.
İqtisadçı yazır ki, qlobal valyuta bazarı son bir ayda FED-in potensial qərarına hazır olmağa çalışdı desək, yanılmarıq:
“Son həftələr ABŞ dollarının möhkəmlənməsi də bu psixoloji təsirlərlə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot dərəcəsinin artırılacağı halda, manata psixoloji təsir yüksələcək. Bu, həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda, söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”.