Kansler gələn həftəyə qədər evdən çalışacaq
Almaniya kansleri Angela Merkelin koronavirusa qarşı analizləri ikinci testdən neqativ çıxıb. Almaniya təcriddən sonrakı durumu müzakirə edir.
Merkelin heyət rəhbəri Helge Braun deyib ki, “risk” qrupuna daxil olmayan gənclər Almaniyada koronavirusun yayılmasının qarşısını almağa yönəldilmiş təmas məhdudiyyətlərini yüngülləşdirdikdən sonra yenidən çölə çıxa biləcəklər, – “The Local” xəbər verir.
Hazırda ölkədə zəruri olmayan dükanlar bağlıdır və iki nəfərdən çox insanın bir yerə toplaşması qadağandır. Yeni qayda mart ayının 23-dən başlayıb və ilk öncə iki həftə davam edəcəyi bildirilir. Lakin bu vəziyyətin uzadılacağı ehtimalı da mövcuddur.
Mütəxəssislər deyir ki, məhdudiyyətlər pandemiyanın yayılmasını yavaşlada və bununla səhiyyə sisteminin yükünü azalda bilər.
Bununla yanaşı kansler Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələri mənfidir. Merkel bazar günündən etibarən təcriddə olub. Onun həkiminin koronavirusa tutulduğu deyilir. Merkel gələn həftənin başlanğıcına qədər evdən çalışacaq.
Robert Kox (Koch) İnstitutu deyib ki, Almaniyanın aldığı məhdudiyyətlərin nə qədər effektiv olacağı haqda bir şey demək çətindir.
Çərşənbə günündən etibarən Almaniyada 34,000 yoluxma halı qeydə alınıb, 160 nəfər isə pandemiyadan ölüb.