Bu günlərdə sosial şəbəkələrdə alman bundeskansleri (baş naziri) Angela Merkel ilə bir fələstinli qızcığazın dialoqunun videosu yayıldı. Söhbət əsnasında baş nazir bir uşağa onun yerlilərinin nədən deportasiya edildiyi və başqa qaçqınlarının gəlməsinin əngəllənməsini başa salmağa çalışdı. Bu ibarətamiz dialoq YouTube şəbəkəsində var, istəyənlər dinləyə bilər.
Hadisənin qısa özətini verim. Angela Merkel Almaniyanın şimalında yerləşən Rostok şəhərində bir məktəbə görüşə gəlir, orada müəllim və tələbələrlə görüşür. Bir qızcığazın mühacirlərin ağır həyatı haqdakı replikasına cavab verən kansler deyir “Əlbəttə siyasət – çox çətin işdir və əlbəttə ki, sən özlüyündə çox yaxşı bir insansan. Lakin sən bilirsən ki, Livandakı Fələstin düşərgələrində minlərlə insan yaşayır. Və biz onların hamısına “bizə gəlin” desək, bundan əlavə, məsələn Afrikadan bütün arzu edənləri də çağırsaq – biz sadəcə bunun öhdəsindən gələ bilmərik. Biz onlara yalnız onların ərizələrinin mümkün qədər tez cavablandırılacağını söz verə bilərik. Amma bəziləri istənilən halda, geri dönməli olacaqlar”.
Amma həmən tiradadan sonra fələstinli mühacirin övladı olan Rim adlı qızcığaq ağladı, kansler əlbəttə ki, çox pərt oldu və uşağı ovundurmağa çalışdı. Onun almancasını təriflədi, dedi ki, qısa zamanda çox böyük uğurlar əldə edib. Məlum oldu ki, uşağın atasının yalnız müvəqqəti oturum izni var, işləmək icazəsi isə, ümumiyyətlə, yoxdur. Kansler bunları dinləyib, qıza müraciətlə hamıya dedi ki, Rim bu vəziyyətdə tənha deyil, bu situasiyada minlərlə insan yaşayır.
Bu hadisədən sonra Spiegel jurnalı da bir karakatura yayınladı, məzəli idi, orada kanslerə “Bəlkə sən DDR-ə dönəsən?” sualı verilir. Bir növ onun uşaqla qəddarcasına danışdığına işarə idi. Əlbəttə ki, bu da çox pozitiv hal idi, şəffaf cəmiyyətdə media, istənilən ictimai fiqurlar, hətta o Bundeskanzler belə olsa, onu qınağa da, zarafata da tuta bilər. Və bu əlbəttə ki, ölkədəki minlərlə, hətta milyonlarla mühacirlərə sarsılmamaları üçün cəmiyyətin bir mesajı idi.
Əslində, bu situasiyanı şərh etmək heç də asan deyil. Bəli, bu almanlar hətta uşaqlarla da bizim kimi ya cici-mici etmək, ya da şeir dedirtmək yerinə, ciddi məsələləri səmimicəsinə müzakirə edirlər. Nə qədər qəddarlığa bənzəsə də, bəlkə belə daha yaxşıdır? Səmimi deyim ki, bilmirəm. Bəs kanslerin dedikləri necə – doğrudurmu, yoxsa onu doğrudan DDR-ə göndərmək lazımdır? Sokrat demiş, “mən yalnız onu bilirəm ki, bilmirəm.”
Amma o dialoqu davam etdirmək mümkün olsaydı, o qızcığaza nələrisə demək istərdim.
Bilirsənmi Rim, həyat çox qəddardır, sənin ailən qaçqın taleyi yaşayıb, bizdə – Azərbaycandakı yüzminlərlə insan kimi. Amma sən artıq dörd ildir ki, Avropanın mərkəzində qurulmuş dərin mədəniyyətə malik sosial dövlətdə yaşayırsan, ümid edək ki, atanın da işləri tezliklə düzələr və siz özünüzə yeni Vətən taparsınız.
Amma evladım, lütfən diqqətlə dinlə və bu günləri də unutma, sən qızsan və ana olacaqsan, yəqin ki, çoxlu uşaqların da olar, onları da tərbiyə edəcəksən. Lütfən ailənizin ən ağır anında haranın, hansı ölkənin sizə qucaq açdığını unutma. İstənilən ölkə də insanlar deməkdir Rim, yalnız insanlar və onların yaratdığı cəmiyyət. Və əgər bu cəmiyyət xoşuna gəlibsə, bu toplumda yaşamağı qərar vermisənsə, onda bu cəmiyyətin insanı ol, evladım.
Bu cəmiyyəti yaratmaq heç də asanlıqla başa gəlməyib. Orta əsrlərin qaragüruhundan, kilsənin meydanlarda yandırdığı insanların tonqallarından, reformasiyadan, din müharibələrindən, işgəncələrdən, irqçilikdən, nasizmdən, ölüm düşərgələrindən, iki dünya müharibəsindən keçilib bu cəmiyyəti qura bilmək üçün. Bunları keçə bildikləri üçün almanlar belə bir rafah dövləti yarada bilib və indi sizə də yardım etməyə çalışırlar.
Sən Fələstin əsillisən, yəqin ki, siz müsəlmansınız, öz tanrına ürəyində inan, ona ibadət et, bu cəmiyyətdə sənə heç kimsə mane olmayacaqdır, amma bu sənin şəxsi işin olsun evladım, bunu heç bir zaman kiməsə qarşı ictimai qınaq kimi istifadə etmə, başqalarının şəxsi həyatına girmə, onların işlərinə qarışma, kimin necə paltar geyindiyini, necə həyat tərzi seçdiyini müzakirə etmə, başqa insanlara da öz subyektiv inanclarınla əxlaq dərsi keçmə. Gəldiyiniz bu cəmiyyətin başlıca şüarı uzun illər “İttiham etmə, ittiham olunmayacaqsan” idi, amma bunu da dini-filan yox, insani mənada anlamaq üçün çox dərin təfəkkürə malik olmaq gərəkdir.
Kansler dedi ki, hamını Almaniyaya çağıra bilmərik, amma burada məsələ yalnız sayda deyil, evladım.
Məsələnin müşkül tərəfi odur ki, almanların nicat verdiyi bir çox insanlar sonra bunu tezliklə unudur, gəldiyi ölkənin dilini belə öyrənmək istəmir, mədəniyyətini və həyat tərzini qəbul etmir, yalnız bu ölkənin insanlarının əsrlərlə yaratdığı rifah və vergi ödəyicilərinin hesabına olan sosialın istehlakçısı qismində həyat sürür. Ən pisi isə onların “Gəmidə oturub gəmiçi ilə dava etməsi”dir. Onların almanlar, alman kültürü, həyat tərzi haqda həqarətlə danışdıqlarının şahidi olmuşam. Və maraqlıdır ki, onların heç birinin “həqiqi əxlaqa uyğun” hesab etdiyi ölkələrə getmək fikri yoxdur. İnan ki, alman cəmiyyətində bu tipli münasibəti çox yaxşı bilirlər, sadəcə bu toplum çox inkişaf yolları keçib, həqiqətən tolerantdır və bu hallara fikir verilmir, ötüb keçilir. Amma heç də o demək deyil ki, onlar bunu görəcək deyillər. “Multikulturalizm siyasəti iflasa uğrayıb” ifadəsi elə o kansler tərəfindən boşuna deyilməmişdi.
Dostoyevski demişdi ki, “dünyanın bütün dahi ideyaları bir uşağın göz yaşlarına dəyməz” – əlbəttə bu belədir. Sən uşaqsan, atanın taleyi sənə qaranlıq gəldi, sənə deyilən sözlər səni ağlatdı. Bilmirəm bunu Merkel özünə bağışlaya biləcəkmi, ya yox. Bu sualla qarşılaşmaq artıq onun taleyidir. Çox ümid edirəm ki, sənin hər işin yaxşı olacaq, oxuyacaq, böyüyəcək, alman cəmiyyətinə inteqrasiya olacaq və özünü orada tapacaqsan. Amma lütfən, böyüyəndə mütləq özünə bu sualı ver – əgər bu vəziyyət tam əksinə olsaydı, almanlar qaçqın olsaydı, siz onları Fələstin, və ya başqa ərəb ölkəsində qəbul edərdinizmi?
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…