“Məqsəd hökumətin Batumi biabırçılığını arxa plana keçirtməkdir” (yenilənib)

“Məni ermənilərlə iş birliyində suçlayan Rauf Arifoğlu müharibədən yayınanda könüllü olaraq Şuşaya getmişəm”

Source:


12.55. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər öz Facebook səhifəsində Əfqan Muxtarlıya qarşı vaxtilə təsisçi olduğu “Yeni Müsavat” və hökumətyönlü mediada aparılan kampaniyanı pisləyən açıqlama yayıb.


İsa Qəmbər bildirib ki, Əfqan Muxtarlının Azərbaycan əleyhinə çalışmaqda ittiham edilməsini təəssüflə qarşılayır: “Gənc yaşlarından vətən uğrunda döyüşlərdə iştirak edən, həyatını xalqa fəda etməyə hazır olan bir Qarabağ müharibəsi veteranını, cəsarətli bir jurnalisti vətənə qarşı fəaliyyətdə günahlandırmaq üçün çox ciddi faktlar, arqumentlər lazımdır ki, onlar da yoxdur. Diskussiya iştirakçılarının digər mövzulardakı söhbətlərində Əfqan Muxtarlının haqlı ya haqsız olması (görünməsi) ona qarşı haqsız ittihamlara əsas və ya bəhanə olmamalıdır”.


“Ümumiyyətlə isə, unutmayaq ki, ölkədə saysız-hesabsız problemlərin günahkarı Əliyev rejimidir”,-deyə İsa Qəmbər fikrini tamamlayıb.


“Məni ermənilərlə iş birliyində suçlayan Rauf Arifoğlu müharibədən yayınanda könüllü olaraq Şuşaya getmişəm”

Son iki gündə hökumət mediasında jurnalist Əfqan Muxtarlının ermənilərlə işbirliyində olması barədə materiallar yer alıb. Əfqan Muxtarlının ermənilərlə işbirliyində olmasına sübut kimi onun Britaniya Hərb və Sülh İcmalları Təşkilatına məxsus olan iwpr.net saytında Armen Karapetyan adlı erməni jurnalisti ilə müşətərək məqalə yazması göstərilir.

Ancaq Əfqan Muxtarlı haqqında yazılanları əsassız və böhtan olduğunu deyib. O, bu barədə Meydan TV-yə açıqlamasında bildirib ki, sadəcə savadsız və qərəzli insanlar qarayaxma cəhdləri edir. Əslində, məqsədləri Azərbaycan hakimiyyətinin Batumidə törətdiyi biabırçılığı arxa plana keçirtməkdir.

Jurnalist “Yeni Müsavat” qəzetinin yazdığını isə belə dəyərləndirib: “Bu qəzetin barəmdə yazdıqları böhtan dolu məqalə, baş redaktor Rauf Arifoğlunun mənə münasibətindən qaynaqlanır.

“Bir necə gün əvvəl “Yeni Müsavat” qəzetində məni təhqir edən başqa bir yazı da dərc edilmişdi. Məni ermənilərlə iş birliyində suçlayan Rauf Arifoğlu müharibədən yayınanda könüllü olaraq Şuşaya getmişəm. Azərbaycanın Milli Qəhramanı Ramiz Qəmbrovun taborunda xidmət etmişəm. 1992-1997-ci illər ərzində Azərbaycan Ordusunda xidmət etdiyim dövr ərzində, Şuşa, Lacın, Qubadlı, Füzuli və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm və yaralanmışam”,- Əfqan Muxtarlı belə deyib.

Armen Karapetyan adlı erməni jurnalisti ilə müştərək yazılan məqaləyə gəlincə, jurnalist bildirib ki, erməni jurnalisti ilə birlikdə iki məqalə yazıb: “Həmin materiallar iwpr.net saytında dərc edilib. Britaniya Hərb və Sülh İcmalları Təşkilatına məxsus olan bu saytda dünyanın bir çox ölkələri barədə məqalələr dərc edilir. Müəllifi olduğum hər iki məqalə Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədədir. Hər iki məqalədə Dilqəm Əsgərovun və Şahbaz Quliyevin öz doğma yurd yuvalarına getdiklərini, Kəlbəcərin ermənilər tərəfindən işğal edildildiyini, Kəlbəcər və işğal olunmuş rayonlarımızla bağlı BMT-nin qətnamələrinin olduğunu bildirmişəm. Eyni zamanda, məqaləmdə qeyd etmişəm ki, girovlar üzərində qurulan məhkəmə qeyri-leqitimdir və beynəlxalq hüquq normalarına ziddir. Məqalələrimdə Azərbaycan ictimaiyyətinin tanınmış simalarının, eləcə də Azərbaycan hökümətinin mövqeyini vermişəm”.

Əfqan Muxtarlı Facebook səhifəsində Müsavat Partiyasının indiki başqanı Arif Hacılıdan və sabiq başqanı İsa Qəmbərdan məsələyə münasibət bildirmələrini istəyib. Ancaq hər iki şəxs hələ ki, susurlar.

Ana səhifəXəbərlər“Məqsəd hökumətin Batumi biabırçılığını arxa plana keçirtməkdir” (yenilənib)